Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kim Çanq-gyu: Naxçıvanın çox gözəl və ecazkar təbiəti, tarixi abidələri, zəngin mətbəxi və geniş turizm potensialı var

09 Mart 2018
Naxçıvanın çox gözəl və ecazkar təbiəti, tarixi abidələri, zəngin mətbəxi və geniş turizm potensialı var. Bu baxımdan mən bu qədim diyarın turizm imkanlarını koreyalılara tanıtmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Koreyanın ölkəmizdəki səfiri Kim Çanq-gyu deyib.

Səfərin məqsədi barədə danışan diplomat qeyd edib ki, əsas məqsəd muxtar respublika ilə yaxından tanış olmaq, əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətlərini müzakirə etməkdir. Naxçıvanda bir sıra yüksək səviyyəli görüşlər keçirdiyini qeyd edən səfir göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Muxtar respublikanın tarixi və mədəni abidələri ilə yaxından tanış olduğunu bildirən Kim Çanq-gyu deyib: “Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanışlıq zamanı Azərbaycan xalqının çox qədim tarixə malik olduğuna şahidlik etdim”.

Blokada şəraitində olmasına baxmayaraq Naxçıvanın çox böyük inkişaf yolu keçdiyini vurğulayan Koreyanın ölkəmizdəki səfiri bildirib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Koreya Respublikası arasında iqtisadi, təhsil, mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.