Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın dövlət sərhədini pozaraq İrandan ölkəmizə keçmək istəyən Suriya vətəndaşı saxlanılıb

08 Mart 2018
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, martın 7-də Lənkəran sərhəd dəstəsinin Astara şəhəri yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən nəzarət-iz zolağında İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası istiqamətində naməlum şəxsin ayaq izləri aşkar olunub.

Təxirəsalınmaz sərhəd axtarışı tədbirləri nəticəsində sərhəd pozucusu Astara-Ərçivan magistral yolunda yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılıb. Onun 1990-cı il təvəllüdlü Suriya vətəndaşı Tahir Əli Əbdülsalam oğlu olması müəyyənləşdirilib.

Sərhəd pozucusunun üzərində özünə məxsus 2 ədəd Suriya vətəndaşının pasportu, 2 ədəd qovluqda Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Belarusun xəritələri, 1 ədəd dini kitab, 578 ABŞ dolları, 1300 avro, 170000 İran rialı aşkarlanıb.

Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.