Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Mehriban Əliyeva ən böyük xeyirxahımız, dayağımız, sevimli qızımızdır”

08 Mart 2018
 

Qadınlar gününün bayram sevincini yaşayan tənha analar Birinci vitse-prezidentdən və Leyla Əliyevadan əsl övlad qayğısı, şəfqət gördüklərini söyləyirlər

 

Ömrünün ahıllıq dövründə tənhalığa məruz qalsalar da, dövlətin isti qayğı mühitində bu yalqızlığın acısını, çətinliyini sanki duymayan həmin ağbirçək qadınların çöhrələrində də qadınlar gününün bayram sevincindən dolayı təbəssümləri sezməmək mümkün deyil.
Bayram fərəhi onların da əhvalına, davranışlarına sirayət edib, qəlblərində xoş duyğulara yol açıb. Söhbət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində dövlət himayəsində yaşayan pensiya yaşlı qadınlardan gedir...
Azərbaycan qadını tarixin bütün dövrlərində yüksək mənəvi-əxlaqi xüsusiyyətləri öz xarakterində cəmləşdirib. Qədim köklərə əsaslanan milli
ailə dəyərlərinin daşıyıcısı olan Azərbaycan qadını həm də cəmiyyətin gələcəyi üçün sağlam nəsil yetişdirən ana olaraq həmişə dərin hörmət və ehtiramın ünvanı olub. Bu gün ölkəmizdə aparılan sosial siyasət də qadınların, o cümlədən dövlət himayəsində yaşayan pensiya yaşlı qadınların hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasına, problemlərinin, çətinliklərinin aradan qaldırılmasına yardım edilməsinə, onların ehtiyac duyduqları sosial xidmətlərlə təminatının daim yaxşılaşdırılmasına, layiqli ömür sürmələrinə yönəlib.
El arasında sadəcə “Qocalar evi” adlandırılan pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi də bunun əyani təzahürü olmaqla, dövlətimizin bu kateqoriyadan olan vətəndaşlarına münasibətində milli-mənəvi dəyərlər kodeksinə, qocaya hörmət və ehtiram, diqqət və qayğı göstərilməsi prinsipinə əsaslandığını nümayiş etdirir.
Xatırladaq ki, 1998-ci ildə, Qurban bayramı ərəfəsində ümummilli lider Heydər Əliyev pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə gələrək burada yaşayan ahıllarla görüşmüşdü. Həmin görüşdə ulu öndər “Əmin ola bilərsiniz ki, sizin həyatınız, yaşayışınız daim bizim, Prezidentin qayğısı altındadır və bundan sonra da belə olacaqdır” - deyə bəyan etmişdi. Bu sözlər həyatda öz əməli təsdiqini tapıb. Yaşlı, ahıl, ağbirçək insanlara dövlət qayğısı ildən-ilə artırılır, onların sosial müdafiəsi, o cümlədən pensiya təminatı daim gücləndirilir. Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində gördüklərimiz bunu təsdiq edir.
Həmçinin müəssisənin sakinlərinin bütün bayramları digərləri kimi keçirməsi, habelə Beynəlxalq Qadınlar Gününün burada yaşayan qadınların da könlünə sevinc hissləri bəxş etməsi üçün müvafiq tədbirlər təşkil olunur.
Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin direktoru Qətibə Əsədova bizimlə söhbətdə bildirdi ki, bu müəssisə özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiya yaşına çatmış şəxslər üçün nəzərdə tutulub. Burada qeyd olunan insanlar daimi olaraq yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar. Müəssisədə hazırda 222 nəfər pensiya yaşında olan şəxs yaşayır.
Q.Əsədova Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində əsaslı təmir və yenidənqurma işləri aparıldığını, sakinlərin layiqli həyat şəraitinin təmin olunması üçün müasir tələblərə uyğun şərait yaradıldığını vurğuladı: “Gördüyünüz kimi, müəssisənin hər bir guşəsində müasir, rahat şərait var. Hər bir otaq lazımi məişət avadanlıqları, o cümlədən soyuducu, televizor və s. təmin edilib. Bütün kommunal sistemlər yenilənib, müəssisənin 7 hektardan ibarət ərazisi abadlaşdırılıb, geniş yaşıllaşdırma işləri görülüb.
Eyni zamanda, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi üçün 5 mərtəbəli 170 yerlik yeni korpus inşa olunaraq müvafiq təbəqədən olan insanların istifadəsinə verilib. Müəssisənin yeni korpusunun açılışında dövlət başçısı “Bu pansionatın yenidən qurulması, bax, belə müasir səviyyədə işlərin görülməsi Azərbaycan dövlətinin güclü sosial dövlət olduğunu təsdiqləyir. Mən bu barədə dəfələrlə fikirlərimi bölüşmüşəm, bir daha demək istəyirəm ki, dövlətimiz sosial dövlətdir. Sosial dövlət o dövlətdir ki, sosial sahəyə, insanlara böyük diqqət göstərilir və siyasətinin mərkəzində vətəndaş dayanır” deyə vurğulayıb.
Müəssisə ilə yaxından tanış oluruq. Burada pensiya yaşına çatmış şəxslərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə təmin olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün müasir tələblərə cavab verən hər cür şərait mövcuddur. Müəssisədə kitabxana və idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və s. sakinlərin istifadəsindədir. Bu müəssisə təkcə dövlət hesabına zəruri yaşayış şəraiti, qida, geyim, tibbi xidmət və s. ilə təminat deyil, həmin insanlar üçün yaşamağa, hər açılan sabaha arxayınlıq hissi ilə qədəm qoymağa əsas yaradan mənəvi stimul rolunu oynayır.
Müəssisənin sakinlərinin sağlamlığına da xüsusi diqqət göstərildiyini deyən Q.Əsədova qeyd etdi ki, onlar vaxtaşırı olaraq tibbi müayinədən keçirilirlər: “Onu da bildirim ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın böyük humanizm nümunəsi olan nəcib layihələri bizim sosial xidmət müəssisəsini də əhatə edir və burada tez-tez humanitar məqsədli tədbirlər həyata keçirilir. Həmçinin müəssisənin sakinlərinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması üçün işlər aparılır. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən müəssisəmizin sakinlərinə daim diqqət və qayğı göstərildiyini də xüsusi qeyd edərdim. Fondun dəstəyi ilə pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində tez-tez xeyirxah aksiyalar, sakinlərə fərəhli hisslər bəxş edən müxtəlif tədbirlər təşkil olunur, Leyla xanım Əliyeva özü də tez-tez müəssisəmizə gələrək ahıl, ağbirçək insanlarla görüşür, onlarla həmsöhbət olur, ürək sözlərini dinləyir. Bütün bunlar da dövlət himayəsində olan qoca, ahıl, ağbirçək qadınlarda böyük fərəh hissi, xoş duyğular yaradır, onlar özlərini daimi qayğı, dəstək mühitində hiss edirlər, tənhalıq xiffəti çəkmirlər”.
Q.Əsədova bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər sosial xidmət müəssisələri kimi burada da dövlət himayəsində olan insanların daim lazımi qayğı ilə əhatə olunmalarını diqqətdə saxlayır və hər hansı çətinlik ortaya çıxdıqda dərhal aradan qaldırılır.
Müəssisədə yaşayanların 135 nəfərinin qadınlar olduğunu diqqətə çatdıran Q.Əsədova dedi: “Onların hər biri ilə bağlı yalnız xoş sözlər söyləyə bilərəm. Ümumən burada mehriban bir ailə mühiti hökm sürür və bütün bayramları yığışaraq bir süfrə arxasında, xoş duyğularla keçiririk. Həmişə olduğu kimi, bu dəfə də əziz bayramımız olan Novruzu ahıl, ağbirçək sakinlərimiz ürəyincə olan bir şəkildə, incəsənət ustalarının iştirakı ilə qeyd edəcəyik. Həmçinin hər il 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə də tədbirlər təşkil edirik. Eyni zamanda, sakinlərin hər biri ilə bağlı əlamətdar hadisələri qeyd edirik. Məsələn, iki gün öncə pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin sakini Asya xanım Əsgərovanın 80 illik yubiley tədbirini çox gözəl şəkildə keçirdik. İnanın ki, nə qədər sevinirdi”.
Q.Əsədova burada yaşayan qadınların böyük bir hissəsinin ali təhsilli, ziyalı qadınlar olduqlarını vurğuladı: “Onlar əvvəllərdə elmi, mədəni, pedaqoji fəaliyyətlə, yaradıcılıqla məşğul olublar. Burada da daim fəal həyat tərzi keçirirlər. Onu da qeyd edim ki, bu insanlardan bəziləri müəssisəmizə gəldikdən sonra burada emalatxanada özünüməşğulluq üçün yaradılan şəraitdən istifadə edərək artıq diqqəti cəlb edən əl işləri hazırlamaq bacarığına yiyələniblər”.
Sonra Q.Əsədova bizi onlarla tanış etdi. Həmin qadınlardan Xoşqədəm Quliyeva təcrübəli xalçaçıdır. Toxuduğu xalılar-xalçalar böyük marağa səbəb olur. Nübar Hümbətova toxuma işində bacarıqlı olması ilə seçilir. Sima Əhmədova isə tikişçiliklə məşğul olur. Bir çox hallarda tikdiyi paltarları uşaq evlərinə hədiyyə edir. Zenfira Məhərrəmova, Cəmilə Əliyeva, Telli İslamova gözəl səsə malikdirlər və xalq mahnılarını məharətlə ifa edir, hətta çalğı alətlərində də ifa etməyi bacarırlar.
Mina Abakərova isə qocalar evinin bütün tədbirlərində aparıcılıq edir. Çünki çox gözəl, səlis nitq qabiliyyətinə, ürəyəyatımlı səsə malikdir. Əvvəllər müəllimə işləmiş Sabirə Abdulzaqova şeirlər yazır və hər tədbirdə öz şeirlərini səsləndirir. Zəminə Cəbrayılova 20 ilə yaxındır ki, buranın sakinidir. İxtisasca fizika-riyaziyyat müəllimidir və uzun illər pedaqoji fəaliyyətlə məşğul olub, indi burada bədii yaradıcılıqla məşğuldur. O, ədəbiyyata çox böyük marağının olmasından, şeir yazmasından bəhs etdi, hətta yeni şeirlərindən birini də bizim üçün oxudu.
Q.Əsədova bildirdi ki, müəssisənin emalatxanasında lazımi şərait yaradılıb, istedad və qabiliyyəti ilə seçilən sakinlər burada istədikləri vaxt gəlib müxtəlif əl işləri hazırlayırlar: “Müəssisədə özfəaliyyət dərnəyi də yaradılıb. Keçirilən müxtəlif sərgilərdə pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin də yaradıcılıq nümunələri ilə iştirakı təmin olunur. Burada sakinlər arasında tez-tez stolüstü idman yarışları da təşkil edilir”.
Sakinlər yaşayışlarından razılıqlarını ifadə etdilər. X.Quliyeva bizimlə söhbətdə bildirdi ki, artıq özünü həyatda tənha hiss etmir: “Var olsun dövlətimiz ki, bizlər üçün belə bir şərait yaradıb. Heç nədən korluq çəkmirik. Rahat yaşayışımız üçün lazımi işlər görülür. Hər hansı problemimiz olanda dərhal aradan qaldırılır. Bizə göstərilən bu böyük diqqət və qayğıya görə əziz Prezidentimizə minnətdarıq”.
M.Abakərovanın dediklərindən: “Bu müəssisə bizim üçün daim özümüzü qayğı əhatəsində hiss etdiyimiz, mehriban münasibət gördüyümüz doğma bir ev kimidir. Dövlətimiz bizi yıxılmağa qoymadı, bizə dayaq oldu. Rahat yaşayış şəraitimiz var. Buna görə də dövlətimizə təşəkkür edirəm. Xüsusən də Mehriban xanımdan çox razıyıq. Mehriban Əliyeva ən böyük xeyirxahımız, dayağımızdır, sevimli qızımızdır. Ondan və Leyla Əliyevadan əsl övlad qayğısı, şəfqət görürük”.
Əvvəllər bacılarının himayəsində yaşamış T.İslamova bura gələndən sonra həyatının asanlaşdığını, burda yaşamaq üçün hər şəraitinin olduğunu vurğuladı. S.Abdulzaqova bildirdi ki, burada dövlət qayğısına ehtiyac duyan insanlar üçün yaradılan şərait, göstərilən xidmətlər Azərbaycan dövlətinin öz vətəndaşlarına nə qədər diqqət və qayğı ilə yanaşdığını nümayiş etdirir: “İlk vaxtlar bura gələndə fikirləşirdim ki, yəqin mənə çətin olacaq, bir az da sıxılırdım. Lakin müəssisədə qayğıkeş, doğma münasibəti hiss etdikcə, rahat şəraitlə təmin olunduğumu gördükcə bu hisslər məndən uzaqlaşdı. İndi bu ev mənim üçün çox böyük məna daşıyır. Dövlətimizdən, dövlətimizin rəhbərindən çox razıyam”.
Razılıq hisslərini ifadə edən Z.Cəbrayilova qeyd etdi ki, ömrünün ahıl çağında bu və ya digər səbəblərdən tənha qalmış insanlar bu müəssisədə özlərini daim qayğı əhatəsində hiss edirlər və könül rahatlığı taparaq tənhalığın acısını yaddan çıxarırlar: “Ölkəmizin, dövlətimizin daim inkişaf etməsi bir ağbirçək ölkə vətəndaşı kimi məni çox sevindirir. Bizim kimi insanlara dövlətin qayğısı getdikcə daha da artır. Bunlar bir daha göstərir ki, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində hər bir vətəndaşın rifahının təmin olunması dayanır”.
N.Humbətova “Mənə, mənim kimi insanlara daim dayaq duran, bizi tənhalıq çətinliyindən qoruyan dövlətimizin olmasına çox sevinirəm. Vətəndaşı olduğum Azərbaycan dövləti, dövlətimizin rəhbəri ilə fəxr edirəm” - deyə bildirdi. O və digər sakinlər təminatlarının mütəmadi olaraq artırılmasından razılıqla bəhs etdilər.
Onlar bu müəssisədə yaradılan gözəl yaşayış şəraitinin, hərtərəfli təminatın məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial cəhətdən həssas qruplardan olan insanlara yüksək diqqət və qayğısından irəli gəldiyini yekdilliklə vurğuladılar, bu şəraitə, həmçinin pensiya təminatının yaxşılaşdırılması üçün aparılan işlərə, cari ilin fevral ayında imzaladığı fərman və sərəncamlarla əmək pensiyalarının, aylıq və birdəfəlik sosial müavinətlərin, Prezidentin təqaüdlərinin növbəti dəfə artırılmasına görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.
Unutmayaq, qadınlar gününün bayram sevincini yaşayanlar arasında bu xanımlar da var...

 

Səbinə MƏMMƏDOVA,
“Azərbaycan”