Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qadınlar ölkəmizin yüksəlişinə layiqli töhfələr verirlər

08 Mart 2018
 

Müdriklik, sədaqət, qəhrəmanlıq və digər yüksək mənəvi keyfiyyətləri ilə fərqlənən Azərbaycan qadınları hər zaman xalqımızın adını uca tutublar. 

Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş Azərbaycan qadınları dövlətçiliyimizin inkişafına, xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə yazılıb.
Mənəviyyatımızın təməl kitabı olan “Kitabi-Dədə Qorqud”un qadın surətləri bu gün də öz məziyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir. Azərbaycan gerçəkliyi şair və mütəfəkkirlərə qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material vermişdir. Dahi Nizami öz əsərlərində Məhinbanu və Nüşabə kimi qadın hökmdar, əfsanəvi Fitnə və yeddi gözəl obrazlarını yaratmışdır. Görkəmli memar Əcəmi Naxçıvani tərəfindən ucaldılmış Möminə xatun türbəsi əzəmətli memarlıq abidəsi olmaqla yanaşı, xalqımızın qadına göstərdiyi ehtiramın parlaq təcəssümüdür.
Məğrur hökmdar Tomris, Şirvana hücum edən Krım xanın qoşunlarını məğlub etmiş Heyran Nisə Bəyim, Orta əsrlər tariximizdən Qızıl Arslanın xanımı Qətibə xanım, Orta əsrlər dövründə qadının həyat yoldaşı seçimində azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, qoca Şərqin ilk diplomat qadını Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu, mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradıcısı Fətəli xanın həyat yoldaşı Tuti Bikə, Şuşada ilk ədəbiyyat məclisi yaratmış Xurşidbanu Natəvan və fəaliyyətləri əfsanəyə çevrilərək təfəkkürümüzə hopan neçə-neçə Azərbaycan qadını haqqında düşüncələr bu rəngarəng palitranı daha da əlvanlaşdırır. Nigar, Həcər kimi qadınlar həm də mərdlik, şücaət, qəhrəmanlıq mücəssəməsi kimi qəbul edilmiş, döyüş meydanlarında həyat yoldaşlarının silahdaşı, arxa-dayağı olmuşlar.
Bəli, Azərbaycanın qədim tarixi qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin material verib. Orta əsrlər Azərbaycan qadını gözəl ana olmaqla yanaşı, klassik poeziyanın ən gözəl nümunələrini yaradıb, at belində qılınc çalıb, dövlət idarəçiliyində öz sözünü deyib.
XX əsr bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını da XX əsrdə - istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib.
Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilib. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını da qadağan edir.
Konstitusiyanın qəbulundan sonra respublikamızda gender bərarbərliyinin təmini istiqamətində mühüm addımlar atıldı. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədi ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. 2000-ci ildə ulu öndər Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzaladı. Fərmanda qadınların bugünkü inkişaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, keşməkeşli mübarizə yoluna nəzər yetirilmiş, respublikamızda mötəbər və möhtəşəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilmişdir. Fərmanda xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla, qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyi təmin edilməlidir. Həm dövlət komitəsinin yaradılması, həm də fərmanın imzalanması respublikamızda qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açdı.
2000-ci ildə həmçinin Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edildi. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, onların həlli ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əksini tapdı.
Onu da xüsusilə qeyd etmək lazımdır ki, məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından və gender bərabərliyinin təmini ilə bağlı bir sıra addımların atılmasından sonra qadınlar cəmiyyətimizdə gedən demokratikləşmə proseslərindən istifadə edərək qısa müddətdə yeni dövrün tələblərinə uyğun olaraq öz təşkilatlarını yaratdılar.
Bu gün respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr ölkə Prezidenti
İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.
Prezident İlham Əliyevin hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik dövlət başçısının zərif cinsdən olan vətəndaşlara diqqətinin və ehtiramının təcəssümüdür. Dövlət başçısı respublikamızın qazandığı uğurlarda qadınların rolunu yüksək qiymətləndirir.
2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırıldı. Hazırda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq prolblemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
2006-cı ildə Azərbaycan Milli Məclisi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul edib. Qadın kişi bərabərliyinin qorunması istiqamətində xüsusi əhəmiyyət kəsb edən bu qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapıb. Qanunda gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və vəzifələri müəyyən edilib.
2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbulu qadın məsələlərinin hər zaman Azərbaycan hakimiyyətinin diqqət mərkəzində olduğunun təzahürüdür. Həmçinin Ailə Məcəlləsində qızların nikah yaşının 17-dən 18-ə qaldırılması ilə bağlı dəyişiklik də deyilənləri bir daha təsdiq edir.
Ölkəmizdə qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycanın birinci xanımı özünə xas nəcib, humanist və insanpərvər xarakterlə cəmiyyətdə mənəvi aşınma yaradan, eləcə də saf və ali dəyərləri ucuzlaşdıran mənfi meyillərə qarşı barışmaz mövqe tutur, insanlığın təntənəsinə xidmət edən nəcib təşəbbüsləri ilə həm də sivilizasiyalarası dialoq prosesinə öz töhfəsini verir. Heydər Əliyev Fondu ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü çox fəal işlərlə yanaşı, gender problemlərinin, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir.
Mehriban Əliyeva öz fəaliyyətini cəmiyyətin inkişafına yönəltməklə Azərbaycan qadınının ictimai-siyasi fəaliyyətinin yeni səhifəsini açmışdır. UNESCO və ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatların xətti ilə Mehriban Əliyeva Azərbaycan mədəniyyəti tarixinin nümunələrini planetin ən ucqar güşələrinə belə çatdıra bilmişdir. Onun elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı, şübhəsiz, ciddi elmi əsaslara söykənir. Mehriban xanım Əliyeva ölkə daxilində və xaricdə keçirdiyi görüşlərdə dərin biliyə, geniş erudisiyaya malik olduğunu hər dəfə yenidən nümayiş etdirir. Azərbaycan qadınları üçün bu, gözəl bir nümunədir. Bütün bunlar Mehriban Əliyevanın yüksək siyasi potensiala malik olduğunu təsdiqləməklə Azərbaycan qadınının ən yüksək mənəvi keyfiyyətlərə uyğun obrazını dünyaya nümayiş etdirir.
Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq, qadınların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlmişdir. Bu siyasət daimi və dönməz səciyyə daşımaqla, bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək. Bunun nəticəsidir ki, Azərbaycanda formalaşan qadın hərəkatı ölkəmizin inkişafına böyük töhfələr verir.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”