Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sumqayıtda 8 mart bayramının keçirilməsinin maraqlı tarixi var

08 Mart 2018
 

Cənubi Qafqazın nəhəng sənaye mərkəzi olan Sumqayıt İkinci Dünya müharibəsindən sonra yaradılıb.  Həmin illərdə  keçmiş sovetlər birliyində eyni vaxtda bir neçə şəhərin yaradılmasına  qərar verilmişdi.

İndiki Sumqayıtın ərazisində  yeni şəhərin salınması  haqqında qərar qəbul edildikdən sonra  buraya hər tərəfdən axın başladı. SSRİ -nin  müttəfiq respublikalarından da xeyli adam işləmək üçün Sumqayıta üz tutdu.Həmin dövrdə SSRİ-də böyük amnistiya edildi.  Həbsdən buraxılanların da bir hissəsi Sumqayıta üz tutdu.  Çünki onlara söz verilirdi ki, tezliklə evlə təmin ediləcəklər.

Bura işləməyə gələnlərin içərisində qadınlar da var idi. İndiki şəhərin onda bir hissəsini əhatə edən Sumqayıtda tikinti işləri sürətlə aparılırdı. Zavodlar tikilir, küçələr salınırdı.  İnsanların məqsədi qurub-yaratmaq idi. 

69   illik ömür yolu keçən Sumqayıtın salınmasında qadınların da əvəzsiz rolu olub. Sovetlər ittifaqının müxtəlif şəhərlərindən Sumqayıta gələn qızların çoxu burada işləməklə yanaşı, ailə qurur və  “sumqayıtlı” statusu ilə yeni şəhərin sakinlərinə çevrilirdilər.

Sumqayıt  həmin vaxtlarda beş-on barakdan ibirət idi. Şəhərin indiki girişi ilə hər gün yüzlərlə insan bura üz tuturdu. Onların çoxunun həmişəlik bura gəlişi əllərindəki çantalarından görünürdü.  O zaman Sumqayıtda həyat o qədər qaynayırdı ki, hər kəs bu yüksəlişdən geri qalmamaq üçün gecə-gündüz çalışmaq istəyirdi. Bu qaynar həyat minlərlə insanı öz qoynuna alaraq yeni həyatın başlanğıcını yaradırdı.

Şəhərin elə bir ərazisi yox idi ki, orada iş getməsin. Elə bil insanlar daha yaxşı işləmək, uğurlar əldə etmək üçün yarışa girmişdilər. Sanki hər kəs vətənə öz köməyini etməyə çalışırdı. Millətindən, yaşından asılı olmayaraq  insanlar Sumqayıta doğma şəhərləri kimi bağlanırdı.

Sumqayıtda  çox bayramlar qeyd edilmirdi. Yalnız yeni il günü hamıya istirahət verilirdi. Demək olar ki, çoxları həmin günü istirahət kimi qarşılayırdı. Burada kimi rus, kimi latış, kim isə başqa bir dildə danışırdı. Bir də yaşayış şəraitinin çətinliyi  hamını işlə bağlı məşğul edirdi.

Sumqayıtda  8 Mart bayramının keçirilməsinin qəribə tarixi vardır. 1954-cü ilin martında işdən sonra bir qrup qadını şəhər partiya komitəsinə çağırırlar. Orada qadınlar bayramının keçirilməsi qərara alınır. Yaradılan təşkilat komitəsinə tapşırılır ki, üç gün ərzində proqram hazırlayıb təqdim etsin.

Başqa şəhərlərdən gələn qızlar bu bayram barədə məlumatlı idilər.  Amma respublikamızın bölgələrindən gələnlərin çoxunun bu barədə heç təsəvvürü belə yox idi.

Bayramı keçirmək üçün martın 7-sindən bütün yataqxanalarda istirahət guşələri bəzədilməyə başlandı. Yerli radio ilə bu xəbər yataqxanalara çatdırıldı.    

Səhər şəhər rəhbərliyinin yerləşdiyi binada keçirilən iclasda dünyada qeyd edilən bu bayramın əhəmiyyətindən danışdılar. Orada çıxış edən gənclər  qadınların həyatından, onların qurub-yaratmaq  arzularından söhbət açdılar. 8 Mart bayramının Sumqayıtda keçirilən ilk tədbirində birinci fəxri fərmanlar  məhz qadınlara verildi (bayramın keçirilməsində həmin dövrdə Sumqayıtda  yüksək vəzifədə çalışan mərhum Zülfi Hacıyevin böyük xidməti olmuşdur).

Həmin gün şəhərin hər yerində şənlik əhval-ruhiyyəsi vardı. Tikilməkdə olan zavodlarda, yeni salınan qəsəbələrdə  xüsusi səhnələr quraşdırılmışdı. Musiqi sədaları bütün şəhəri bürümüşdü. Onu da bildirək ki, musiqiçilərin də, ifaçıların da hamısı  həvəskarlar idi.

Şəhərdə ilk dəfə qeyd edilən 8 Mart Beynəlxalq Qadınlar Günü artıq minlərlə  insanın yaddaşında  şirin xatirəyə çevrilib.

 

Akif ƏLİYEV,

“Azərbaycan”