Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sevilməyə layiq xanımlar

08 Mart 2018
 

Qadınlar zərif olduqları qədər güclüdürlər. Mərhəmətlidirlər. Sevgiləri özlərinə bənzəyir, ötkəm, küskün, amma vəfalı olurlar. Onlar inciklik, düşmənçilik, qan-qada deyil, barış istəyərlər. Həm də yalnız ailələri, ölkələri üçün yox, bütün kainat üçün sülh arzusu ilə yaşayarlar. 

Həyat onları sınağa çəkəndə də xanımlıqlarını, ədalət duyğularını itirməzlər. Ən böyük mübarizələri öz işləri ilə məşğul olmaq, doğmalarının qayğısına qalmaqdır. Kimdənsə yamanlıq görəndə dillərinə, ürəklərinə bəddua gətirməkdən çəkinərlər.
Hansı sənətin, yüksək vəzifənin sahibi olsalar da, ən birinci missiyyalarının evinin qadını, ailəsinin qayğıkeşi olduğunu bilirlər. Və bu missiyanı sevə-sevə yerinə yetirirlər.
Vətən, millət, dövlətçiliyin yüksəlişi naminə həyata keçirilən işlərdə, çəkilən zəhmətdə paylarının olduğunu görməkdən qürur duyarlar...
8 Mart Beynəlxalq Qadınlar Günündə Azərbacanın belə xanımlarından ikisi ilə görüşdük. Birinci müsahibimiz Azərbaycanda ilk ultrasəs mütəxəssisi, dəfələlə ilin həkimi adına layiq görülmüş Gülər İbrahimovadır.
Onun inandığı bir həqiqət var: insanı tanıdan əməlləridir. Deyir ki, kimi dindirsən, özünü tərifləyəcək. Elin gözü tərəzidir. Bu dünyada nə xeyirxahlıq unudulur, nə də bəd əməllər yaddan çıxır...
Uşaqlıqdan atası onu həkim görmək istəyərdi. Gülər İbrahimova isə hələ bir arzuda qərar tuta bilmir, gah riyaziyyatçı olmaq xəyalına düşürdü, gah musiqiçi... Ancaq Bakıdakı 172 saylı orta məktəbi qızıl medalla bitirəndə sənədlərini tərəddüdsüz Nəriman Nərimanov adına Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) verdi. İnstitutun müalicə-profilaktika fakültəsinin tələbəsi oldu. Birinci kursda dərslərə başlayanda artıq nişanlı idi. Üç il sonra - 1970-ci ildə ailə qurdu. Gülər İbrahimova ali təhsilini başa vuranda isə artıq iki uşaq anası idi. Danışır ki, tələbəlik illərində qayınanasının ona çox böyük köməyi oldu: “Özüm də, necə, deyərlər, əlli-ayaqlı idim. İnstitutu kəsirlə, sürünə-sürünə oxumadım. İxtisaslara bölünəndə ginekologiya sahəsini seçdim. Amma evdə yemək üçün hazırlıq görərkən barmaqlarımın yarısını itirdim. Artıq ginekoloq işləyə bilməzdim. Ona görə də Əzizbəyov adına Doğum Evinə ginekoloq kimi getsəm də, anestezioloq-reanimatoloq kimi işə başladım. Reanimasiya üzrə kursa getdim. On il anestezioloq işlədim...” Gülər xanım sonradan başına gələnləri taleyin ironiyası hesab edir. Kor bağırsaq əməliyyatı ona üç böyük əzab-əziyyətlər yaşatdı. Diaqnoz yanlış qoyulduğu üçün 4 dəfə əməliyyat edildi. 34 yaşında klinik ölüm keçirdi. Sonuncu cərrahiyyə əməliyyatı 1984-cü ildə Moskva şəhərində oldu. Həmin ağır əməliyyatı tibb elmləri doktoru Adilə Qurbanova etdi. Əməliyyatdan qabaq Adilə xanım ona dedi: “Mən Bakıya köçhaköçdə sən Moskvaya gəldin. Bakıya gedəndə səni özümə anestezioloq götürəcəyəm”. On illik anestezioloq fəaliyyəti gözlərinin qarşısından bir-bir ötüb keçdi, ağır iş rejimi, gecə növbələri... Əzizbəyov adına Doğum Evində cərrahiyyə əməliyyatları çox olurdu. Gülər İbrahimova heç vaxt işin çoxluğundan şikayətlənməmişdi, üç uşaq anası olsa da, xəstəxanada gecə növbələrinə qalmaqdan imtina etməmişdi.
Cərrahiyyə əməliyyatı olduqca ağır keçdi. “Sanki ömrümün birinci hissəsi tamamlandı. Allah izn verdi ki, ikinci hissəsini yaşayım. Və bu ikinci hissə Azərbaycana ultrasəs müayinəsi aparatının gətirilməsi ilə bağlı oldu. 1985-ci ildə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda bu müayinə üsulu tətbiq edilməyə başladı. Adilə xanım məni işə götürdü. O, Moskva Elmi Tədqiqat Mamalıq və Ginekologiya Mərkəzindən mütəxəssis dəvət etdi ki, Azərbaycanda bu aparatı qursun, həm xəstələri qəbul etsin, həm də yerli mütəxəssisləri yetişdirsin. O, öyrənmək üçün bir neçə həkimə təklif etdi, onlardan biri də mən idim. Moskvadan mütəxəssis Rusiyada ultrasəs müayinəsinin banisi Vladimir Nikolayeviç Demidovun tələbəsi, o zamanlar tibb elmlər namizədi olan Boris İvanoviç Zıkin həyat yoldaşı ilə birlikdə gəldi. Evimizə dəvət etdik. Onların bizdə qalmaları mənim üçün göydəndüşmə oldu. Belə bir alim mənə böyük qardaşlıq, müəllimlik etdi. Səhərlər işə gedirdik. Moskvadan güclü mütəxəssisin, yeni aparatın gəlməsi geniş reklam olunurdu. Bakı əhli xəstəxanaya axışırdı. Zıkin xəstələri müayinə edir, biz bir neçə həkim onu izləyir, öyrənməyə çalışırdıq. Ancaq sonradan onların heç biri bu sahə ilə məşğul olmadılar. Mən isə 7-8 ay ərzində çox böyük həvəslə həm xəstəxanada, həm evdə Zıkindən dərs aldım. Bakıda Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda işə başladım. 1985-1986-cı illərdə Moskva Ümumittifaq Ana-Uşaq Sağlamlıq Mərkəzində xüsusi hazırlıq keçdim”.
Sonralar respublikamızın rayonlarından həkimlər göndərirdilər. Gülər İbrahimova onlara ultrasəs müayinəsini öyrədirdi.
Bu arada nədənsə qısqanclıqlar ortaya çıxdı, onu çox incitdilər. Xarakteri, işinə sevgisi, insanlara etibarı xilası oldu. Mübarizəsi bu idi: dözüb baxır, istəyirdi ki, onu incidənlər peşman olub üzr istəsinlər, sonra iş yerini dəyişsin. Bu hadisələrin davam etdiyi günlərdə 57 yaşlı atasını itirir.
1985-ci ildən Azərbaycanda mamalıq ginekologiya üzrə ilk ultrasəs həkimi kimi fəaliyyət göstərən Gülər İbrahimova 33 il müddətində ölkəmizdə ultrasəs müayinəsinin çox inkişaf etdiyini söyləyir: “Ultrasəs müayinəsi imkan verir ki, erkən diaqnoz qoyulsun, xəstəlik varsa, səbəbləri müəyyənləşdirilsin, müalicə edilsin və sağlam uşaq dünyaya gəlsin”.
Hər gün iş yerinə tükənməz enerji, könül rahatlığı ilə gəlir. İşləri çox olsa da, nə yorulur, nə də gileylənir. Həftənin bazar günü isə Gülər İbrahimovanın dili ilə desək, nənə günüdür. Övladları, gəlinləri, nəvələri, istəyən qohumlar, dostlar onların ocağına toplaşır. Deyir: “Qonaqlarıma özüm qulluq edirəm. Mənim evdə heç vaxt köməkçim olmayıb. Bütün işləri özüm görürəm. Qadın onda evinin qədrini də bilir”.
8 Mart Beynəlxalq Qadınlar Günündə heç kimdən hədiyyə gözləmədiyini söyləyir: “Hədiyyəm çoxdur, canım salamatdır, ətrafım rahatdır, qohumlarım, dostlarım, ailəm, xalq məni sevir. Sadəcə, ən yaxşı telefon zəngləri gözləyərəm. Məndən hədiyyə gözləyənlər isə yəqin ki, böyük hesab etdiyim, diqqət göstərməyimi istəyənlərdir. 8 Mart Beynəlxalq Qadınlar Günündə bütün xanımlara can sağlığı, ailə səadəti, sevilməyi arzulayıram. Getdikləri hər yerdə, açdıqları hər qapıda sevinclə qarşılansınlar. Bir də unutmasınlar ki, onlar çox dəyərlidir və sevilməyə layiqdirlər”
İkinci qəhrəmanımız qazandığı titulları, fəxri adları, mükafatları saymağa başlasa, belə deyə bilər: “Mən Gülşən Əliyeva-Kəngərli filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, yüzlərlə elmi məqalənin, onlarla elmi kitabın müəllifi, Yazıçılar Birliyinin üzvüyəm. “Yaddaş” milli mükafatına, “Tərəqqi” medalına layiq görülmüşəm”. Bu siyahını bir az da uzada bilər. Və onların hər biri Gülşən xanımın uzun illik zəhmətinin, gərgin əməyinin, yuxusuz gecələrinin bəhrəsidir. Amma müsahibimiz özünü çox qısa şəkildə: “Füzulişünas tədqiqatçı-alim, əsas missiyam da müəllimlikdir” - deyə təqdim edir. Bu sənətin nə qədər şərəfli olduğunu isə böyük müəllimlərdən öyrənib: “İnsan ömrü boyu öyrənməlidir. Bu gün də özümü mükəmməl müəllim hesab etmirəm. Çünki mən Abbas Zamanov, Məmməd Cəfər Cəfərov, Bəkir Nəbiyev və daha sonrakı nəsilləri görmüşəm. Onlar özlərini müəllim kimi təqdim etmədən həyat müəllimin olurdular”.
Uşaqlıq illərində yaddaşına həkk olunan xatirələrindən birini danışır. O zaman beş yaşı vardı. Valideynləri ilə qohumluqları çatan Abbas Zamanovun evinə qonaq gedirdilər. Abbas müəllim hər dəfə ondan xəbər alırdı: “Qızım, təzə hansı mahnını, hansı şeiri öyrənmisən?”. Həvəslə cavab verirdi: “Araz axır şirin-şirin, suyu şirin özü şirin...”. Şövkət Ələkbərovanın ifasında çox eşitdiyi bu mahnı balaca qızın qəlbində özünə yer tapmışdı. Abbas Zamanov onu dinləyir, sonra aramla deyirdi: “Araz şirin axa bilməz, qızım, Araz acı axır”. İllər sonra fərqinə vardı ki, o vaxtlar bu böyük müəllimin nəzərində o, yalnız balaca uşaq deyil, böyüməkdə olan nəslin bir nümayəndəsi idi. Hələ Araz dərdini dərk edəcək yaşda olmayan kiçik qızın yaddaşında silinməz izlər buraxırdı. Yəni, müəllimliyini eləyirdi. Gülşən xanım köksünü ötürür: “Belə müəllimlər idilər... Onlar üçün müəllimlik sadəcə bir auditoriyadan ibarət deyildi. Görünür məni tale çox sevdi ki, əsl müəllimləri gördüm. O mühitdə böyüdüm. Məsələn, bu gün də qürurla yada salıram ki, ədəbiyyat müəllimim Rəfiq Zəka oldu”.
Bakıda 6 saylı orta məktəbin rus dili bölməsində təhsil alması sayəsində Dostoyevski, Turgenev, Çexov və digər görkəmli rus yazıçılarını, şairlərini oxudu, sevdi. Ancaq böyük bir problemi vardı. Doğma ana dilində çox pis danışırdı. Ona görə qarşısına məqsəd qoydu ki, araşdırmaçı-alim kimi Azərbaycan ədəbiyyatında ən mürəkkəb mövzu seçəcək. Sonra iş elə gətirdi ki, “1960-1990-cı illər poeziyasında bədii detal - Ramiz Rövşən” mövzusunu götürdü. Elmi rəhbəri akademik Rafael Hüseynov ona Azərbaycan ədəbiyyatını dərindən öyrənmək istəyini xatırladaraq Füzulidən başlamağı məsləhət gördü. Əski əlifbanı öyrəndi. Əsərləri həmin əlifba ilə oxumağa başladı. 2000-ci ildə “Çağdaş Azərbaycan ədəbiyyatında Füzuli ənənələri” mövzusunda namizədlik işini uğurla müdafiə etdi. 2001-ci ildə arzusuna çatdı. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində müəllimlik fəaliyyətinə başladı. Elə ilk iş günündə 60 nəfər tələbənin qarşısına çıxanda bu sənətə vurğunluğunun heç vaxt tükənməyəcəyini hiss etdi. Artıq 15 ildir ki, çox sevdiyi bir fənni - Azərbaycan ədəbiyyatı fənnini tədris edir. Deyir ki, müəllim sadəcə, ötürücüdür. Müəyyən biliklər öyrənir, ona öz həyat təcrübəsini də qatır, sonra əldə etdiklərini ələkdən keçirir, saf formada tələbələrinə çatdırır. Ən böyük qazancı isə illər keçsə də, onu unutmayan tələbələrinin sevgisidir. “Mənə elə gəlir ki, həyatda bundan böyük sevinc yoxdur” deyir. Müəllimlik kimi Azərbaycan ədəbiyyatına sevgisi də günbəgün böyüyür. Bildiklərini tələbələrinə öyrətməkdən zövq alır. Özünün isə yenə sevə-sevə öyrəndiyi müəllimləri var.
Və hər gün öyrəndiyi böyük bir müəllim də var. Bu, həyatın özüdür. Həyat sərt müəllimdir. Çünki onun ayrılıq, ölüm adlı sərt imtahanı var. Amma verilən ömür payını layiqincə yaşamaq, qarşısında geri çəkilməmək lazımdır. Gülşən Kəngərli “İnsan daim xoşbəxt ola bilməz. Xoşbəxt anlar olur” deyənlərlə razılaşmır. O, inanır ki, insan dünyaya tale naxışı ilə, ya şanslı gəlir, ya da şanssız. Daim bəxti gətirən, bir də bəxti gətirməyən insanlar var. Özünü şanslı insanlardan hesab edir: “Şübhəsiz, insan vətənini, valideynlərini özü seçə bilmir. Məni Yaradan bunların ən mükəmməllərini verdi. Heç vaxt ağlıma gətirmərəm ki, bu ölkədən köçüb gedə bilərəm. Doğma vətənimi, millətimi çox sevirəm. Bayrağımızla qürur duyuram. Və çox sevinirəm ki, belə bir ziyalı ailədə böyümüşəm. Atam Teymur Əliyev nadir bir ixtisas sahibi - herpetoloq-alim idi. AMEA-nın Zoologiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışırdı. Anam Aybəniz Gəngərli filoloqdur. Əvvəllər AMEA-da kitabxana direktoru idi. İndi Əlyazmalar İnstitutunda direktor müavinidir. Valideynlərim mənim ilk müəllimlərim oldular. Sonralar da elə şərait yaratdılar ki, həyatımın hər anını layiqincə yaşaya bilim, daim sənətimlə, işimlə məşğul olum. Biz iki bacıyıq. Məndən yaşca kiçik olan bacım həkimdir”.
Qəhrəmanımız qadın xoşbəxtliyi anlayışını da düzgün hesab etmir: “Xoşbəxtlik tam olmalıdır. Əgər insanın ailə həyatında bəxti gətirmirsə, işdə nə qədər uğur qazansa da, xoşbəxtliyi boynubükük qalacaq. Mən sinif yoldaşımla ailə qurdum. 20 yaşında məni çox sevən bir ailəyə gəlin getdim. Həyat yoldaşımın ata-anası məni doğma övladlarından ayırmadılar. Artıq həyatda yoxdurlar. Hər ikisini böyük minnətdarlıqla, sevgiylə xatırlayıram. Qayınanam həmişə deyirdi ki, mənim 5 kitabım var və bu dünyadan gedəndə öz imzamı onlarda könül rahatlığı ilə qoyub gedəcəyəm. Çünki 5 övladını əsl insan kimi böyütməyi bacarmışdı. O, mənə də əsl ana oldu. Uzun illər ərzində nəinki acı, hətta qəlbə toxunacaq bir söz demədi. O, 56 yaşında vəfat etdi. Yoxluğunu indiyədək hiss edirəm”.
Yeganə övladı Cəlal haqqında fərəhlə danışır: “Oğlumun 25 yaşı var. Cəlal nə atası kimi iqtisadçı, nə də anası kimi filoloq oldu. Özünə başqa sahə seçdi, fotoqrafiya, videoqrafiya ilə bağlı iş qurdu. O, bizim hər ikimizdən ən yaxşı cəhətləri götürüb. Çox məsuliyyətlidir. İndi başa düşürəm ki, övladın haqqında müsbət fikirlər eşitmək ananı nə qədər qürurlandırırmış. Mən bir az qısqanc anayam. Həmişə düşünürdüm ki, oğlumu kimsə ilə bölüşə bilməyəcəyəm. Bir gün o, mənə dedi ki, bu qızı sevirəm, evlənmək istəyirəm. Qızı tanıyırdım. Ancaq ağlıma gətirmirdim ki, bugünkü məhəbbətlə sevə bilərəm. Çox tərbiyəlidir, həyat yoldaşına dəstəkdir, dayaqdır. Artıq düşünürəm ki, mənim iki övladım - bir oğlum, bir qızım var”.
Gündəlik qayğılar, iş-güc nə qədər çox olsa da, insan doğmalarına, dostlarına zaman ayırmalıdır. Gülşən xanım danışır: “Bizim ailə ənənəmiz var. Hər həftənin şənbə günü bütün ailə - bacım ailəsi ilə, anam, oğlum, həyat yoldaşım, gəlinim... bir yerə toplaşırıq. Baxmayaraq ki, evdə köməkçi var, həmin günün xörəyini mütləq mən bişirirəm. Bundan razı qalırlar. Soruşurlar ki, niyə xörəyi bu qədər çox bişirirsən? Fikirləşirəm, qəfil qonaq gələ bilər”.
Vəzifə sahibi olmaq, müəllimlik və elmi yaradıcılıq... bunları bir arada aparmaq mümkündürmü? Etiraf edir ki, ən böyük maneə alimlik fəaliyyətidir. Çünki belə gərgin işlə tədqiqat aparmaq çətindir. “Hazırda Nəsimi ilə bağlı monoqrafiya hazırlayıram. Ümid edirəm ki, bu ilin sonunadək yekunladıracağam. Ən çox yay aylarında elmi yaradıcılıqla məşğul ola bilirəm. Elmlər doktorluğunu müdafiə edib, 8 monoqrafiya müəllifi olandan sonra bu vəzifəyə gəldim. İndi elə vəziyyət yaranıb, düşünürəm ki, bəlkə ədəbiyyat məni gözləyər, amma tələbələr gözləməz. Bir də mənə elə gəlir ki, insan vaxtını düzgün bölüşdürəndə, planlaşdıranda hər işi çatdıra bilir. Heç vaxt bu günün işini sabaha qoymuram. Yorğun bir iş gününün sonunda evə gedirəm, ya anam, ya oğlum zəng edib: “gəlirəm” - deyirlər, çox xoşbəxt oluram”.
Müsahibimiz əmindir ki, qadın sevdiyi işlə məşğul olursa, xoşbəxtdir. Fərqi yoxdur, o, yemək bişirir, ailəsinə qulluq edir, həkimliklə, müəllimliklə... məşğuldur. Həyatda ən başlıcası, uğura getdiyini düşündüyün yolda şəxsiyyətini itirməməkdir. Qəhrəmanımızın qadınlar günündə qadınlara arzusu xanım olmalarıdır. Ən çox sevmədiyi ifadə “o, kişi kimi qadındır”. Qadın elə zərifliyi, nəcibliyi ilə gözəldir.
Hədiyyə verməyi daha çox sevdiyini deyir. “İnsan həyatda hər şeyi anasından tərif eşitmək üçün görür. Mən də hər işi anama hesabat verəcəyəm deyə edirəm və bu məni xoşbəxt edir. Birmənalı olaraq birinci hədiyyəmi anama verəcəyəm. Öz hədiyyəmi isə... oğlumdan gözləyirəm. Bir də gözlədiyim təbriklər çoxdur. Bilirəm ki, tələbələrim mənə səmimiyyət, sevgi dolu gözəl təbriklər ünvanlayacaqlar. Mənim üçün ən böyük təbrik elə onların mənə “müəllim” deyə xitab etmələridir.

İradə ƏLİYEVA,
Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”