Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ANA - şərəfin, şanın ucalığında dayanan varlıq!

08 Mart 2018
 

Ana və Vətən! Bu iki müqəddəs varlıq bir-biri ilə əkiz yaranıb, ayrılsalar cənnət cəhənnəmə dönər. Bəlkə elə buna görə peyğəmbərimiz buyurub ki, cənnət anaların ayaqları altındadır! “Ana” sözünün Vətənlə qoşalaşması hər iki ifadəni daha da qüvvətləndirir, insanlara sevdirir. Çünki bu zaman Ana Vətən obrazı yaranır.

Ana ailədə böyük bir varlıqdır, müqəddəsdir. Ana qardaşa bacı, həyan, sirdaşdır. Ana yurddaşdır - yurd daşıdır. Pərvazlandırdığı, qanadlandırıb yuvadan uçurduğu balalarının yolunu yurdda, ocaqda daim intizar dolu baxışlarla gözləyəndir. Ana kişinin çiyindaşı, məsləkdaşı, ömür-gün dostu, həyat yoldaşıdır. Ana varlıqlar içərisində hər kəsdən başdır, namusdur, qeyrətdir. Ana həm də el-obada ağbirçək - yolgöstərəndir...
8 Mart -Beynəxlaq Qadınlar Günündə anaları anmaq, xatırlamaq, onların xidmətində dayanmaq müqəddəs borcdur. Maraqlıdır, görəsən, bu əlamətdar tarixi hadisə rəsmiləşənə qədər analar günü olmayıbmı?! Çox güman ki, bunun ən birinci səbəbi ilin hər gününün analara həsr olunmasıdır.
8 Mart qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə nəzər salsaq görərik ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Həmçinin “qadın bayramı”nın qeyd olunması daha qədim tarixə malikdir. Hələ qədim romalılar mart ayında qadınlar bayramını qeyd ediblər. Həmin gün matronalar (qədim romalılarda böyük ailə anası deməkdir) həyat yoldaşlarından hədiyyə almaqla bərabər, diqqət və qayğı ilə əhatə olunublar. Hətta qul qadınlar bayram günü bütün işlərindən azad olunur və hədiyyələrlə mükafatlandırılırdılar. Gözəl və yaraşıqlı paltarlar geyinərək romalı qadınlar ilahə Vestanın məbədinə gedirdilər.
Bütün bunlarla yanaşı, ötən əsrin 90-cı illərindən analarımız daha müqəddəs bir obraza çevrildilər, həm də səhnədə deyil, həyatda. Qarabağın qanlı-qadalı illərində dəhşətli qırğınlar törədilən, yer üzündən silinən bir yurd, yaddaşlarda daşlaşan Xocalıya dönüb isti qucağında, qundağında körpəsi boğulan, yurdu dağıdılan, fəryadları qulaqlardan getməyən, diri-diri tonqallara qalanan balalarına əli yetməyən ağbirçək bir obrazı xatırlatdı analar! Demək olmur ki, əsirlikdə, girovluqda neçə-neçə qız-gəlinlərimiz erməni vandallarının, daşnakların amansız təcavüzünə məruz qaldılar. Sinəsi parçalanıb bətnindən balası çıxarılan analarımız da oldu, düşmənin qanlı baxışlarına və vəhşiliyinə dözməyib şüşə parçasıyla damarlarını doğrayıb canına qəsd edən də. Namusunu erməni quldurlarından qorumaq üçün qayaların başından özlərini Tərtər çayına atan ana-bacılarımızı unutmaq mümkündürmü?! Belə analar bağrı yarılan, əli xınalı, qırmızı gərdəyi qana boyalı gəlin, yaşmaqlı ağbirçək nənə kimi yazıldılar yaddaşlara... Analarımız itkin, əsir balalarını laylalarla deyil, bayatı-ağılarla harayladılar:

Yağı, nələr eylədin?
Karvanımı əylədin.
Bir balamı apardın,
Bəs o birini neylədin?!

Bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.
8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı ümummilli lider Heydər Əliyevin söylədiyi fikirlər bütün zamanlarda aktualdır: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar”.
Ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərmanının icrası ilə əlaqədar həyata keçirilən tədbirlərin nəticəsi belə deməyə əsas verir ki, ölkəmizdə qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma göstəriciləri ildən-ilə yüksələn xətt üzrə inkişaf edir. Zaman keçdikcə Azərbaycan cəmiyyətində qadının rolu artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Qadınlarımız taleyüklü məsələlərin həllinə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayırlar. Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu mənada örnək kimi beynəlxalq miqyasda Azərbaycan qadınının parlaq obrazıdır.
Qadınlarımız Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Ölkə rəhbərinin dediyi kimi, “Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər”.
8 Mart Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1975-ci ildən Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir. Xalqımızın şərəfli, çoxəsrlik qədim tarixinin səhifələrinə müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları qızıl hərflərlə yazılıb.
Qadınların özünəməxsusluqları odur ki, onlar xarakter baxımından bir-birinə bənzəməzlər: zərif olduqları qədər də güclülükləri ilə diqqət çəkirlər. Onları birləşdirən yeganə bir ad var - ana! Qadınlar fərqli, analar isə eyni olurlar. Onlar istəkləri, arzuları, sevinc və kədərləri ilə bir-birlərinə bənzəyirlər. Bütün analar övlad yolunda hər cür cəfaya hazır olur - gözlərinin nurunu, saçlarının qaralığını, gecələrin bal yuxusunu balasından əsirgəmirlər. Beşik başından ayrılmayan ana balasının nağıllı-noğullu dünyasını qurur, onu əzizləyir...
Analar balalarına ömür qıyır, quş kimi qol-qanad verib pərvazlandırırlar. Yuvasından qanad açan balalar, təəssüf ki, (xüsusən də oğullar) heç də həmişə bu müqəddəs varlıqların “kirpikləri ilə od götürmələrini” dəyərləndirə bilmirlər.
Bədii əsərlərdə obrazlaşdırılmış belə nümunələr az deyil. S. Rüstəmin “Ana və poçtalyon” şeirinin qəhrəman obrazı olan ananın oğul yolu gözləməkdən gözləri tor gətirmədimi?
Dörd ay vardı,
ananın gözləri yol çəkirdi,
Başqa bir dərdi yoxdu,
oğul dərdiydi dərdi...

...Yerəmi batdı oğlum,
göyəmi çıxdı oğlum?
Bəlkə mən yanılmışam,
Əzəldən yoxdu oğlum”?

Oğlundan məktubu gec-gec gətirən poçtalyonu qınayan, sonralar isə onun özünün yolunu gözləyən ananın dərdi bir idisə, olmuşdu min.
Budur anaların müqəddəsliyi, bütün varlıqlardan yüksəklikdə dayanmaları, yaxud cənnətin onların ayaqları altında olmasını təsdiqləyən səbəblər...
8 Mart bir çox postsovet ölkələrində, həmçinin Azərbaycanda da müstəqillik əldə etdikdən sonra öz mahiyyətini qoruyub saxladı. Bu gün qadınlara diqqət, qayğı və sevgi özünü müxtəlif formalarda göstərir. Onlar gül-çiçək, müxtəlif hədiyyələr, həmçinin gözəl sözlər, şeirlərlə mükafatlandırılırlar.
...Ana cəmiyyətdə də öz vacibliyini təsdiqləyən adilikdən ali kürsülərədək ucalan vətəndaşdır, həm də yaradıcıdır: xalq sənətini yaşadan xalçaçıdır, tikməçidir, əyiricidir, toxucudur... Ana müəllimdir, həkimdir, təyyarəçidir, mühəndisdir, nəhayət, şairdir, bəstəkardır, səhnə xadimidir, rəssamdır... Kim deyil ki, analar?! Sənət dünyasının sevilənlərinin sırasında, önündə gedəndir! O, siyasətçidir, o, alimdir, o, diplomatdır -Sara xatun kimi! O, Koroğluya Nigar, Qaçaq Nəbiyə Həcərdir, bu gün isə Milli Qəhrəman anasıdır!..
Analar müqəddəsdirlər, həm də Vətənə şəhid oğul verdikləri üçün! Analar zülmə tabedir, düşmən tapdağında qalan, tar-mar edilən yurdu dağıldığına görə! Analar dözümlüdürlər, dözülməz dərd-sərə, ağrı-acılara sinə gərdikləri üçün! Qarabağ dərdi sinələrində qaynayan analar səbirlidirlər, atalardan fərqli olaraq! Sinələrinə çəkilən bala dağını sevib əzizlədiklərinə görə analar əbədilik qazanıblar! Analar ölməzdirlər!!!

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”