Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kinomuzun “ögey” və doğmaları - analar...

08 Mart 2018
 

Mənfi və ya müsbət obrazlarından, cəmiyyətdə tutduqları mövqelərdən asılı olmayaraq, onları bir cəhət birləşdirir - analıq duyğuları

 

...1958-ci ildə Azərbaycanın yeganə televiziyası tamaşaçılarına yeni bir film təqdim etdi. “Ögey ana” adlı bu ekran əsəri rejissoruna və oyunçularına uğur gətirdi. Filmin maraqla qarşılanmasının əsas səbəblərindən biri onun mövzusu ilə bağlı idi.
Dünyanın əksər xalqlarının istər şifahi, istərsə də yazılı ədəbiyyatında ögey analar amansız, qəddar, zülmkar kimi təsvir olunub. Onlar ögey övladlarına zülm edir, işgəncələr verirlər. “Ögey ana” filmi düşüncələrdə kök salmış bu obraza yenidən baxmağa məcbur etdi. Çünki bu ekran əsərinin ögey anası - Dilarə tamamilə fərqli, doğma ana qədər şəfqətli, fədakar və sevimlidir. Uca boylu, qədd-qamətli, yaraşıqlı və təmkinli... Dilarənin ilk nəzərəçarpan cizgiləri bunlardır. O mənada, rol onu filmdə canlandıran aktrisanın - Nəcibə Məlikovanın sanki boyuna biçilmişdi. Aktrisa o vaxtadək teatrda müxtəlif səpkili rolları ilə tanınırdı. Dilarə isə onun kino sənətində ilk parlaq işi idi. Aktrisa özü də Dilarənin ən çox sevdiyi rolu olduğunu deyirdi. Yəqin ona görə ki, “Ögey ana”dakı qəhrəmanı elə onun özü idi. Rejissor Həbib İsmayılov “Ögey ana” filmini müəyyən dəyişikliklərlə Nəcibə Məlikovanın həyatı üzərində qurulmuş ssenari əsasında çəkmişdi.
“Ögey ana” yalnız Azərbaycanda deyil, Sovet İttifaqının digər respublikalarında da böyük əks-səda doğurdu. O vaxt filmə görə SSRİ-nin müxtəlif yerlərindən minlərlə məktub gəldi. Çoxu ögey anasının zülmündən şikayətlənir, İsmayılın yerində olmağı, Dilarə kimi ögey anayla qarşılaşmağı arzulayırdı...
Aktrisa 1963-cü ildə Adil İsgəndərovun quruluş verdiyi “Əhməd haradadır” filmində də ana obrazı ilə tamaşaçıların qarşısına çıxdı. Nərgiz xala Dilarədən daha ötkəm, hökmlü, zabitəlidir. Eyni zamanda Azərbaycan qadınına, anasına xas ailəyə bağlılıq, səmimiyyət, mehribanlıq, cəfakeşlik, fədakar Nərgizin simasında təcəssümünü tapıb. O, oğlu Əhmədin evlənməyini, nəvə görməyi çox arzulayır. Oğlunun razılığını almadan onun nişanlanmasına razı olan Nərgiz xala köhnə adət-ənənələrə bağlı olduğu qədər də yeniliklərə meyillidir. Ərindən fərqli olaraq, qızı Ceyranın oxumasına, səhnəyə çıxmasına nəinki etiraz etmir, hətta onun ən yaxşı məsləhətçisi, yolgöstərəni olur. Yad oğlanın qızına baxması, sonradan onların münasibətində yaranan sevgi bir ana kimi Nərgizi narahat edir. Təqdirəlayiq bir məqam da budur ki, o, yalnız doğma qızına münasibətdə belə həssas deyil. Əhmədin evlənməkdən boyun qaçırdığını, kənddən qaçdığını bilən Nərgiz xala oğlundan çox qonşu qızı düşünür. Eyni düşüncəni “Telefonçu qız” filmində Zakirin anasında da müşahidə edirik. 1962-ci ildə Həsən Seyidbəylinin eyniadlı povesti əsasında çəkdiyi bu filmdəki ana - Sürəyya xanım olduqca mədəni, ziyalı, mülayim, evdar, dostcanlıdır. Oğlu Zakirin görüşdüyü Mehribanla tanışlığa can atır. Qızın saflığı, məsumluğu Sürəyya xanımı məftun edir. Oğlunu yaxşı tanıyan, onun etibarsızlığını, məsuliyyətsizliyini bilən ana kimsəsiz qızın halına yanır. Sürəyya xanımın daxili aləmini, səmimiyyətini, analıq duyğularını aktrisa Barat Şəkinskaya ustalıqla canlandıra bilib.
Aktrisanın “Görüş” filmindəki Şövkəti də anadır. Doğrudur, 1955-ci ildə rejissor Tofiq Tağızadənin çəkdiyi bu filmdə beş uşaq anası Şövkətin övladlarına münasibəti qabarıq şəkildə əks olunmayıb, amma həm özünün, həm həyat yoldaşı Şıxəlinin, həm də kolxoz sədri Münəvvərin dediklərindən tamaşaçılara məlum olur ki, evin, həyat yoldaşının, övladlarının bütün zəhmətini çəkən Şövkətdir.
1968-ci ildə ekranlaşdırılan “Uşaqlığın son gecəsi” filmindəki (rejissor Adil Babayev) Mənsurə də oğlu Rüstəmi ideallaşdırmır. Çox sevdiyi oğlu ilə fəxr edən ana onun qüsurlarını da deyir.
Mənsurə rolundan əvvəl - 1961-ci ildə aktrisa Ətayə Əliyeva C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan başqa bir filmdə - “Bizim küçə” bədii filmində də ana rolunu təqdim etmişdi. Bu maraqlı ekran əsərində onun qəhrəmanı müharibədə itkin düşmüş qızı Saranın taleyindən nigaran, dərdli anadır.
Sovet hakimiyyətinin quruculuq illərindən bəhs edən “Qanun naminə” (1968) filmində iki ana surəti diqqətimizi çəkir. Onların hər biri - Mehmanın anası Xatun da, Züleyxanın anası Şəhla da öz övladını çox sevir. Amma bu analar bir-birlərindən düşüncələrinə, həyata baxışlarına görə fərqlənirlər. Xatun oğlunun gələcəyini dürüst yaşamasında, hüququn, ədalətin keşiyində ayıq-sayıq dayanmasında, Şəhla isə qızının xoşbəxtliyini daş-qaşda, var-dövlətdə görür. Gəlininin narazılığını görüb evi tərk etdiyi, meydanı tamahkar Şəhla xanıma verdiyi üçün tamaşaçı Xatunu qınayır. Çünki Züleyxanı Mehmandan gizli rüşvət almağa vadar edən və sonunda böyük faciələrə səbəb olan Şəhla qızının bədbəxtliyinə səbəb olur.
Qeyd edək ki, hər iki ana obrazının ifaçısı Azərbaycan kino sənətində xidmətləri olan sənətkarlardır. Xatunu canlandıran Sədayə Mustafayeva “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan 20-dən artıq filmdə rol almışdı. “Qanun naminə”dən fərqli olaraq digər filmlərdə ifa etdiyi rollarının heç adı da yoxdur. Sadəcə olaraq, titrlərdə Əlinin anası (“Ad günü”), Mustafanın anası (“Həm ziyarət, həm ticarət”) Yusifin anası (“Ölsəm, bağışla”), Rüstəmin anası (“Var olun, qızlar”) yazılır. Bu rolları ümumiləşdirən isə mülayim ana xarakteridir.
“Qanun naminə”nin Şəhla xanımı isə məşhur aktrisa Nəsibə Zeynalovadır. İstər teatrda, istərsə də kinoda müxtəlif xarakterli irili-xırdalı obrazlar yaradan aktrisanı tamaşaçılar 1973-cü ildə ekranlaşdırılan “Bizim küçənin oğlanları” bədii televiziya filmində də ana kimi gördülər. Məhəllənin ağbirçəyi olan Səriyyə xalanın dörd oğlu cəbhədən dönməyib. O, məhəllə uşaqlarına “hamınız mənim balamsınız” deyir.
Böyük Vətən müharibəsi dövründə arxa cəbhəni canlandıran başqa bir filmdə - 1969-cu ildə rejissor Həsən Seyidbəylinin çəkdiyi “Bizim Cəbiş müəllim” filmində Nəsibə Zeynalovanın ekran həyatı verdiyi Suğra xalaya analıq səadəti nəsib olmasa da, qəlbi bu müqəddəs hissdən məhrum deyil. Müharibənin evlərindən, ailələrindən didərgin salaraq Bakıya gətirib çıxardığı bir çox insana o zaman bu şəhərin əhalisi arxa dururdular. Suğra xala da Tanyanı öz evinə aparmaq üçün Cəbiş müəllimlə mübahisə edir. O qədər də mehriban, şirindil olmayan qadın gənc qızla münasibətdə ana kimi qayğıkeşdir.
“Bizim Cəbiş müəllim”in ən cəlbedici rollarından biri Cəbişin arvadıdır. Filmdə öz adı belə verilməyən bu rol oyunçusunun - aktrisa Şəfiqə Məmmədovanın yaradıcılığında da diqqətəlayiq yer tutur. Müharibə dövrünün maddi çətinlikləri, ümumölkə səviyyəsində problemlər, siyasi aləmdə baş verən münaqişələr Cəbişin arvadını maraqlandırmır. Onun üçün yalnız öz ailəsi, övladları var. Ərinin ölkənin mənafeyi naminə canından belə keçməyə hazır olması, aclığın bütün ölkəyə yayıldığı bir vaxtda yalnız balalarının tox olmasını düşünmək istəməməsi Cəbişin arvadını hövsələdən çıxarır. Ərini fərasətsizlikdə, ailəsini dolandıra bilməməkdə günahlandıran, “Allah hər ikinizi öldürsün, səni də, Hitleri də!” deyə qarğıyan bu qadının da öz təkzibedilməz səbəbləri var. Şəfiqə Məmmədovanın oyunçu ustalığı obrazın daxili dünyasını, analıq hissinin bütün sədləri aşa bildiyini qabarıq şəkildə nəzərə çatdırır.
Aktrisanın 1979-cu ildə rejissor Rasim Ocaqovun quruluş verdiyi “İstintaq” filmindəki SSRİ Dövlət mükafatına layiq görüldüyü Seyfinin arvadı Gülya rolu da ailəsini, övladlarını düşünən, onları qorumağa çalışan qadın və anadır. Digər məsələlər Gülya üçün də böyük əhəmiyyət daşımır.
Rejissor Nazim Dadaşovun 1973-cü ildə çəkdiyi “Mücrü” qısametrajlı bədii televiziya filmində Ana (Məhluqə Sadıqova) qızını gəlin köçürəndə ona cehiz olaraq mücrü verir. Gəlin (Ofelya Sənani) mücrüyə ərinin hədiyyə etdiyi zinət əşyalarını qoyur. Mücrü dolur. Amansız müharibə başlayır. Onun əri də cəbhəyə yollanır və geri dönmür. Gəlin mücrüdəki zinət əşyalarını bir-bir satır, uşaqlarını böyüdür. Mücrü boşalır. İllər keçir müharibə sona yetir. Həmin mücrü uşaqların diplomları ilə yenidən dolur. Filmdə Azərbaycan anasının fədakarlığı mükəmməl şəkildə təsvir edilib.
Bəhs etdiyimiz filmlərin əksəriyyətinin ekranlara çıxarıldığı vaxtdan illər keçib. Kino tariximizdə yer tutmuş bu filmlərdən bir çoxunda tanıdığımız analar isə mənfi və ya müsbət qəhrəman olmalarından, cəmiyyətdə tutduqları mövqelərdən asılı olmayaraq, əksəriyyətini bir cəhət - analıq duyğuları birləşdirir.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”