Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Formula-1” simulyator yarışlarının Qax mərhələsinin qalibi məlum oldu

08 Mart 2018
 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda “Formula-1” (F1) çempionatının regionlar üzrə təlim və yarışları uğurla davam edir. Çempionatın keçirildiyi növbəti ünvan Qax şəhəri olub.

AZƏRTAC xəbər verir ki, martın 6-da Qax şəhərində ictimaiyyətə açıq “Formula-1” simulyator oyunları və yarışda iştirak edəcək 200 nəfər IX-XI sinif şagirdi üçün yol hərəkəti qaydaları ilə bağlı təlim təşkil olunub. Azərbaycan Avtomobil Federasiyası tərəfindən keçirilən “Yol hərəkəti qaydalarını öyrənək” adlı təlimin əvvəlində mövzu ilə bağlı videoçarx göstərilib. Azərbaycan Texniki Universitetinin müəllimi, Avtomobil Federasiyasının təlimçisi Sahib Əsgərov məktəblilərə yol hərəkətinin təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi, təhlükəsizlik kəmərindən istifadə və digər zəruri məsələlər barədə ətraflı məlumat verib. Təlimin sonunda şagirdlərə sertifikatlar təqdim olunub.

Təlimçi Sahib Əsgərov müsahibəsində seminarda iştirak edən məktəblilərin gələcək həyatlarında yol hərəkəti qaydalarına həmişə əməl edəcəklərinə, öz təhlükəsizliklərini qoruyacaqlarına ümid etdiyini vurğulayıb.

Təlimdə iştirak edən məktəblilər martın 7-də “Formula-1” simulyator yarışlarına qatılıblar.

Qax şəhərindəki tam orta məktəblərin 200 nəfərə yaxın yuxarı sinif şagirdinin mübarizə apardığı yarışda şəhər 5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Aqşin Əhmədov fərqlənib. O, simulyatorda Bakı Şəhər Halqasını 1 dəqiqə 49 saniyəyə (1:49:043) dövrə vuraraq iştirakçılar arasında ən sürətli nəticə göstərib. Qeyd edək ki, bu göstərici regionlar üzrə hələlik ən yaxşı nəticə hesab olunur. Bakıda keçiriləcək final mərhələsində yarışmağa vəsiqə qazanan Aqşin Əhmədova sertifikat təqdim edilib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin əməkdaşı Rüstəm Hacıyev müsahibəsində bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanın bölgələrində gənclər, xüsusilə məktəblərin yuxarı sinif şagirdləri arasında “Formula-1” yarışları, yol hərəkəti təhlükəsizliyi və avtomobil idmanı haqqında məlumatlılığı artırmaqdır.

Simulyatorda “Formula-1” çempionatının regionlar üzrə növbəti ünvanı Quba olacaq.