Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“AzerGold” QSC-nin nailiyyətləri beynəlxalq konfransda böyük marağa səbəb olub

07 Mart 2018
 

“AzerGold” QSC-nin nümayəndə heyəti Kanadanın Toronto şəhərində təşkil olunan “PDAC 2018” (Prospectors & Developers Association of Canada 2018) adlı beynəlxalq konfransda iştirak edir.

“AzerGold” QSC-nin nümayəndələri geoloji kəşfiyyat, metallurgiya, mədənçilik üzrə texnoloji nailiyyətlər, investisiyaların cəlb edilməsi və korporativ sosial məsuliyyət mövzularının müzakirələri üçün təşkil olunan platformalarda iştirak edərək bu sahələrdə mövcud müxtəlif yanaşma və müasir trendlərlə yaxından tanış olublar. Bundan əlavə, Cəmiyyətin nümayəndə heyəti geniştərkibli görüşlər keçirərək yeni işgüzar əlaqələr yaradıb.  Belə ki, “Golder Associates”, “FLSmith”, “Outotec”, “Metso”, “Vale”, “Newmont”, “BHB Billiton”, “Teck” və digər məşhur şirkətlərlə  görüşlər təşkil olunub. Şirkətlər Cəmiyyətlə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirərək əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd ediblər.

Konfransın sərgi hissəsində yerləşdirilən Azərbaycanın qiymətli metal yataqları və əlvan metal sənayesi haqqında “AzerGold” QSC-nin məlumat stendi sərgi iştirakçılarının böyük marağına səbəb olub. Stendin ziyarətçiləri Cəmiyyətin qısa müddət ərzində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndiriblər. Hər il keçirilən beynəlxalq “PDAC” konfransı faydalı qazıntıların hasilatı ilə məşğul olan mütəxəssislər, təşkilatlar və şirkətlər üçün təşkil olunan dünyanın ən nüfuzlu tədbirlərindən biridir. 4-7 mart tarixlərində keçirilən builki konfransda 130 ölkəni təmsil edən 25 minə yaxın insan iştirak edir.

 

“Azərbaycan”