Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Salyan rayonunun 15 mindən çox sakini tibbi müayinədən keçib

06 Mart 2018
Salyan rayonunda əhalinin tibbi-profilaktik müayinəsi mütəşəkkil aparılır. Qısa müddətdə 15 min 690 nəfər rayon sakini pulsuz tibbi müayinədən keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Salyanda 136 min 904 nəfər əhali var. Onların 79 min nəfəri 18 yaşından yuxarı olan vətəndaşlardır. Bu yaş qrupunda olan rayon sakinlərinin tibbi-profilaktik müayinədən keçirilməsi üçün rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində 4 həkim briqadası yaradılıb və üzvləri təlimatlandırılıb. Bununla yanaşı, rayon mərkəzi xəstəxanası, qəsəbə və kənd səhiyyə ocaqlarının tibb işçiləri də kompaniyaya cəlb edilib. Həkimlər tərəfindən terapevt, rentgen, göz, dəri və digər xəstəliklər müayinə edilir.

Rayon mərkəzi ilə yanaşı kəndlərdə yaşayan sakinlərin də kütləvi tibbi müayinəsi uğurla davam etdirilir. Artıq rayonun 51 yaşayış məntəqəsindən 2-sində tibbi müayinələr başa çatıb, 10-da isə yekunlaşmaq üzrədir.

Müayinələr zamanı xəstəlik aşkarlanan 925 nəfər ambulator, 26 nəfər stasionar müalicəyə cəlb olunub. İki nəfər üzərində cərrahiyə əməliyyatı aparılıb. Rayon şəraitində müalicəsi mümkün olmayan 14 xəstə isə Bakı şəhərindəki ixtisaslaşdırılımış səhiyyə müəssisələrinə göndərilib.

Sakinlər humanitar aksiyanı ölkə əhalisinə göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirirlər.