Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Regionun yüngül sənaye mərkəzi yaradılır

06 Mart 2018
 

Mingəçevir Sənaye Parkında istehsal edilən iplik pambıq hazır məhsul kimi ixrac ediləcək

 

Azərbaycanda pambıq istehsalı ildən-ilə artır. Keçən mövsümdə tarlalardan 207 min 395 ton məhsul toplandı. Bu, ondan əvvəlki mövsümlə müqayisədə 2,3 dəfə çoxdur. Belə ki, 2016-cı ildə ölkədə 89 min ton, 2015-ci ildə isə 35 min ton pambıq yığılmışdı. Yəni iki il ərzində pambıq istehsalı 8 dəfə artıb.

“Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda 2022-ci ilədək xam pambıq istehsalının 500 min tona çatdırılması hədəflənir. Başqa sözlə, aqrar sektorun strateji və ixracyönümlü mühüm sahələrindən olan pambıqçılığın inkişafı ilə bağlı görülən məqsədyönlü tədbirlər öz müsbət nəticələrini göstərir. İmzalanmış fərman və sərəncamlar, sahənin inkişaf məsələlərinə həsr olunmuş respublika müşavirələri, qəbul edilmiş dövlət proqramı hədəflərə çatmaq üçün əlverişli şərait yaradıb. Bundan əlavə, sahə üzrə müxtəlif dəstək və təşviq mexanizmlərinin tətbiq edilməsi genişlənir.

Pambıqçılığın sürətli inkişafı innovativ texnologiyaların tətbiqi və yüksək məhsuldarlığın əldə olunması nəticəsində qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal sahələrinin yaradılmasını gündəmə gətirib. Hazırda ölkədə illik istehsal gücü 24,6 min ton olan 6 iplik fabriki fəaliyyət göstərir. Bu günlərdə Mingəçevir Sənaye Parkında daha iki iplik istehsalı fabrikinin açılışı olub. Bu fabriklər parkın ərazisində 14,5 hektar sahədə yaradılmış “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətin müəssisələridir. Yeni fabriklərdə pambıq mahlıcından ildə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulur.

Beləliklə, Mingəçevirdə işə başlayan iki fabriklə birlikdə ölkədə iplik müəssisələrinin sayı 8-ə çatıb.

Yeni fabriklər ən müasir avadanlıqlarla təchiz olunub. Burada Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərində istehsal edilmiş avadanlıqların quraşdırılması müəssisələrin ən son texnologiyalar əsasında yaradıldığını göstərir. Burada 20 min ton ipliyin yarısı “Ring”, yarısı “Open End” üsulu ilə istehsal ediləcək. Bu üsulların bir-birindən fərqi ondan ibarətdir ki, “Ring”lə istehsal edilən pambıq-poliester iplik daha zərif və yumşaqdır. Ona görə də uzun lifli pambıqdan alınır və daha qiymətlidir. Bu məhsuldan toxunan parçalardan əsasən köynəklər istehsal olunacaq.

“Open End” üsulu ilə alınan iplikdən nisbətən qalın parça, məsələn, cins və s. hazırlanır.

Mingəçevirdə istehsal olunan ipliklər pambığın hazır məhsul kimi xarici ölkələrə ixracına imkan verəcək. Nəticədə ölkə  əlavə valyuta qazanacaq.

Sənaye sahəsində idxaldan asılılıq azalacaq. Milli tekstil brendləri hər yerdə tanınmağa başlayacaq.

İplik istehsalı eləcə də gələcəkdə sənaye parkında digər sənaye məhsullarının istehsalında istifadə olunacaq. Bu, qeyri-neft sektorunun daha da inkişafı və şaxələndirilməsi deməkdir.

İki iplik fabrikinin işə düşməsi 700 nəfərin məşğulluq problemini həll edəcək. Sənaye parkı tam gücü ilə işləyəndə isə burada daha çox Mingəçevir sakini çalışacaq.

Hazırda ölkənin bir sıra şəhər və rayonlarında da sənaye parkları və məhəllələri fəaliyyət göstərir. Ən böyüyü Sumqayıt Sənaye Parkıdır. Bunu parka yönəldilən 2,7 milyard dollar investisiyanın həcmi də təsdiqləyir. Mingəçevirdə, Neftçalada, Hacıqabulda, Sabirabadda, Masallıda da sənaye parkları, məhəllələri var, yaxud yaradılır.

Xatırladaq ki, Mingəçevir Sənaye Parkının təməli 2016-cı ilin sentyabr ayında qoyulub. Parkda yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrik yaradılacaq.

Yeni müəssisələr Mingəçevirə xoş əhvali-ruhiyyə gətirib. Çünki hər təzə müəssisədə yeni iş yerləri açılır, insanların sosial rifahı daha da yaxşılaşır. Şəhər sakini Hüseyn Kərimovun dediyi kimi: “Əvvəllər müxtəlif sahələrdə çalışmışam. Ötən ildən burada briqadir kimi əmək fəaliyyətinə başlamışam, hazırda isə iplik fabrikinin istehsalat rəhbəri vəzifəsində çalışıram. Tam əminliklə deyə bilərəm ki, Mingəçevir Sənaye Parkı Cənubi Qafqazın ən böyük yüngül sənaye parkına çevriləcək”.

 

Flora SADIQLI,

“Azərbaycan”