Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ahıl insanlar evlərində pulsuz tibbi müayinədən keçirilir

05 Mart 2018
Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən əhalinin pulsuz kütləvi tibbi müayinəsi aksiyası Kürdəmir rayonunda, o cümlədən bölgənin 10 kənd yaşayış məntəqəsinə xidmət göstərən Karrar kənd xəstəxanasında da müvəffəqiyyətlə davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ərşəli kəndində tibbi müayinələr başa çatıb. Hazırda Karrar və Garısbəyli kəndlərində humanist aksiya davam etdirilir. İndiyədək 1503 nəfər müayinədən keçib. Onlardan 20 nəfər stasionar, 82 nəfər isə ambulator müalicəyə cəlb olunub.

Yaradılmış həkim briqadaları evlərə də baş çəkir, ahıl və xəstə insanları müayinədən keçirirlər. Karrar kəndinin 81 yaşlı sakini Nizami Cəfərov və həyat yoldaşı 82 yaşlı Almara Cəfərova göstərilən xidmətdən razılıqlarını bildiriblər. Nizami Cəfərov AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib: “Bu gün həkimin, tibb bacısının evimizə gəlməsi əvvəlcə məni təəccübləndirdi. Axı, onları çağırmamışdıq. Yoldaşımla məni müayinə etdikdən sonra qan nümunəsi götürdülər. Həkim Məsum Əliyev Prezidentimizin təşəbbüsü ilə keçirilən kütləvi pulsuz tibbi müayinə barədə məlumat verdi. Allah Prezidentimizə, bu aksiyanı təşkil edənlərə cansağlığı versin ki, bizim sağlamlığımızın keşiyində dayanırlar”.