Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mükəmməl və demokratik seçki sistemi

04 Mart 2018
 

Hər bir demokratik ölkədə vətəndaşların cəmiyyətin siyasi-ictimai həyatında, dövlət işlərində iştirakının ən kütləvi forması seçkilərdir. Vətəndaşların dövlətin idarə edilməsində iştirak hüquqları əsas etibarilə seçki vasitəsilə reallaşır. Seçkilərin əsas şərti isə ədalət, aşkarlıq, şəffaflıq və obyektivlikdir. Demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini bəyan etmiş Azərbaycan xalqı legitim, qanuni hakimiyyətin formalaşdırılmasının yeganə yolunu məhz şəffaf və obyektiv seçkilərdə görür.

 

Mütərəqqi tələblərə cavab verən məcəllə

 

Azərbaycanda seçkilərin demokratik keçirilməsi ilə bağlı kifayət qədər təcrübə və zəngin ənənə mövcuddur. Bu ənənənin əsasının qoyulmasının tarixi 25 il əvvələ gedib çıxır. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışndan sonra demokratik seçki mühitinin formalaşdırılması Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrildi. Heydər Əliyevin həmin il Prezident seçilməsi ölkəmizdə xalqın öz rəhbərinə sonsuz məhəbbətinin ifadəsi olmaqla bərabər, ölkədə demokratiyanın inkişaf etdirilməsinin, vətəndaş cəmiyyəti quruculuğunun, o cümlədən seçki sisteminin ildən-ilə təkmilləşdirilməsinin əsasını qoydu.
Ötən 25 ildə ölkəmizdə 5 prezident, 5 parlament, 4 bələdiyyə seçkisi, o cümlədən 3 dəfə referendum keçirilib. Ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə əlavə və təkrar seçkilər də təyin olunub. Hər bir seçki və referendum ölkəmizdə demokratik seçki praktikasının təkmilləşdirilməsi, seçki təcrübəsinin artırılması ilə əlamətdar olub. Seçkilərin şəffaflığını təmin etmək üçün hətta böyük demokratiya tarixi olan ölkələrdə tətbiq olunmayan mexanizmlərdən, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilib.
Demokratik ölkələrin seçki təcrubəsi göstərir ki, hər bir seçkinin uğurunu təmin edən şərtlər sırasında siyasi iradə və ictimai-siyasi sabitlik amilləri ilə yanaşı, təkmil seçki qanunvericiliyinin də olması vacibdir. Ümumxalq səsverməsi yolu ilə 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirmişdir. Əsas Qanunda təsbit olunmuş müddəalara istinadən Azərbaycanda seçkilərin hüquqi bazası formalaşdırılmışdır. Konstitusiyanın
4-cü maddəsinə əsasən xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. Əsas Qanunun 56-cı maddəsinə əsasən, hər bir Azərbaycan vətəndaşının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var.
Respublikamz tarixi təkamül yolu ilə qazanılan nailiyyətlərlə kifayətlənməmiş, seçki təcrübəsinin demokratik standartlara uyğunlaşdırılması yönündə səyləri artırmış, beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərini gücləndirmişdir. Azərbaycan iqtidarının siyasi iradəsi ilə 1997-ci ildən müasir standartlara cavab verən seçki qanunvericiliyinin formalaşdırılması məqsədilə beynəlxalq təşkilatlarla qurulmuş fəal işbirliyinin müsbət nəticələri bu nöqteyi-nəzərdən diqqəti xüsusilə çəkir. Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına (AŞ) tamhüquqlu üzv qəbul edildikdən sonra bu sahədə əməkdaşlığını daha da genişləndirmişdir. Seçki qanunvericiliyinin təkmilləşdirilməsi işində AŞ Venesiya Komissiyası da yüksək fəallıq göstərmişdir.
Azərbaycanda seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə 2003-cü ilin mayında Seçki Məcəlləsinin qəbulu bu əməkdaşlığın gözəl bəhrəsidir. Sənədin hazırlanması ilə bağlı ilk növbədə AŞ Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq münasibətləri qurulmuşdur. 2002-ci ilin ortalarından etibarən bu təşkilatlarla aparılan məsləhətləşmələrdən, alınan müsbət rəylərdən sonra Seçki Məcəlləsi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. Demokratik məzmununa görə dünyanın ən inkişaf etmiş ölkələrinin seçki qanunvericiliyinə nümunə sayıla biləcək bu məcəllə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmiş, seçki üzrə ixtisaslaşmış beynəlxalq təşkilatların müsbət rəyi alınmışdır. AŞ Venesiya Komissiyasının və ATƏT-in DTİHB-nin sənədlə bağlı yekun rəyində Seçki Məcəlləsinin seçkilərin və referendumun keçirilməsi üçün beynəlxalq meyarlara və ən yaxşı təcrübələrə uyğun qaydalar nəzərdə tutduğu vurğulanmış, bu sənədin qəbuluna nail olmuş Azərbaycan rəhbərliyinin siyasi əzmkarlığı alqışlanmışdır.
Bütün təkmilləşdirmələrdən sonra Seçki Məcəlləsi 2003-cü ilin mayında Milli Məclisdə qəbul edilmiş və Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə qüvvəyə minmişdir. Beynəlxalq ekspertlərin birmənalı rəyinə əsasən, Seçki Məcəlləsi seçkilər sahəsində bütün qanunvericilik normalarını özündə əks etdirmiş, Avropa standartlarına uyğun tərtib olunmuşdur. Sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin, həmçinin referendumun keçirilmə qaydalarını müəyyənləşdirmişdir. Seçki Məcəlləsi, eyni zamanda, Mərkəzi Seçki Komissiyasının, eləcə də dairə və məntəqə seçki komissiyalarının təsisi və fəaliyyəti prinsiplərini də özündə əks etdirmişdir. Əvvəlki qanunlarla müqayisədə Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi bazisin yaradılması, namizədlərin qeydiyyatı, seçkilərə hazırlıq və seçki komissiyalarının formalaşdırılması, fəaliyyətinin təşkili prinsip və mexanizmlərinin təkmilləşdirilməsinə imkan vermişdir. Hələ 2003-cü il oktyabrın 15-də azad, demokratik və şəffaf şəraitdə keçirilmiş prezident seçkiləri Seçki Məcəlləsinin mütərəqqi və təkmil sənəd olduğunu tam təsdiqləmişdir.

 

Seçki prosesinin daha da təkmilləşdirilməsinə xidmət edən dəyişikliklər

 

Dünyanın ən demokratik ölkələrində belə seçkilərin gedişində müəyyən nöqsanların meydana çıxması bir sıra Qərb politoloqlarının elmi mülahizələrində də xüsusi olaraq vurğulanır. Hər dəfə keçirilən seçkilər seçki qanunvericiliyindəki boşluqların üzə çıxarılmasında və onların aradan qaldırılmasında mühüm rol oynayır.
2005-ci ilin fevral və mart aylarında Azərbaycan ATƏT DTİHB, habelə AŞ Venesiya Komissiyası ekspertlərinin görüşləri keçirilmiş, bu istiqamətdə geniş müzakirələr aparılmışdır. Bu müzakirələrin yekunu kimi 2005-ci ilin may ayında Seçki Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılmış, sənədin 43 maddəsində əlavə və dəyişikliklər edilmişdir. Əlavə və dəyişikliklərə əsasən, seçki komissiyaları üzvlərinin statusu daha da dəqiqləşdirilmişdir. Dəyişikliklər nəticəsində Azərbaycan praktikasında ilk dəfə olaraq təkrar səsvermənin qarşısını almağa yönəlmiş bir müddəa, vətəndaşlara seçici vəsiqələrinin verilməsi məsələsi öz əksini tapmışdır. Bundan əlavə, seçici siyahılarının MSK-nın internet saytında yerləşdirilməsi məsələsi də qanunda müddəa kimi əksini tapmışdır. Eyni zamanda, Seçki Məcəlləsində namizədlərin qeydiyyatı proseduru da sadələşdirilmişdir.
Cəmiyyətimiz gündən-günə inkişaf etdiyi, yeni demokratik dəyərləri əxz etdiyi üçün qanunvericiliyin, o cümlədən seçki qanunvericiliyinin təkmilləşdirilməsi təbii sayılmalıdır. Bu mənala AŞ Venesiya Komissiyası ilə seçki qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə aparılan işin yekun nəticəsi olaraq 2008-ci ildə Milli Məclisin qəbul etdiyi qanunla Seçki Məcəlləsinə 90-dan artıq əlavə və dəyişikliyin edilməsi sənədin daha da təkmilləşdirilməsinə xidmət etmişdir. Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinə AŞ Venesiya Komissiyası və ATƏT-in DTİHB də müsbət rəy vermişdir. Həmin təşkilatların birgə rəyində təklif olunan əlavə və dəyişikliklər ölkənin seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində irəliyə doğru atılmış addım kimi dəyərləndirilmişdir.
Seçki Məcəlləsinə 2008-ci ilin dekabr, 2010-cu ilin iyun, 2011-ci ilin fevral və 2012-ci ilin aprel ayında əlavələr və dəyişikliklər edilmişdir. 2008-ci ilin dekabrında olunan əlavələr və dəyişikliklər mahiyyət etibarilə Seçki Məcəlləsinin pozulmasına görə məsuliyyətin artırılmasını və bir sıra hallarda məsuliyyətin müəyyənləşdirilməsini nəzərdə tutur. 2010-cu ilin iyun ayında Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların təşəbbüsü ilə qəbul olunan əlavələr və dəyişikliklər ilk növbədə seçki prosesinin müasir dövrdə daha da təkmilləşdirilməsinə, seçki resurslarından daha səmərəli istifadə olunmasına xidmət etmişdir. 2011-ci ilin fevralında edilən əlavə və dəyişikliklər texniki xarakter daşımış, Seçki Məcəlləsinin Konstitusiyaya uyğunlaşdırılmasına xidmət etmişdir. Seçki Məcəlləsinə 2012-ci ilin aprelində olunan dəyişikliklər isə məcəllədə referendum üzrə təşviqat qrupunun qeydə alınmasına, vətəndaşın seçki hüquqlarının pozulmasının aradan qaldırılması ilə əlaqədar olan müddətlərin qısaldılmasına yönəlib.
Ötən ilin sonlarında məcəlləyə edilmiş son dəyişikliklər isə 2016-cı ildə həyata keçirilmiş Konstitusiya islahatlarından irəli gəlmişdir.
Bütövlükdə hər bir dəyişiklik seçki institutunun daha səmərəli fəaliyyət göstərməsinə, seçki prosesi ilə bağlı şikayətlərin daha çevik, operativ araşdırılmasına, seçici siyahılarının dəqiqləşdirilməsinə, seçkiləri müşahidə prosesinin asanlaşdırılmasına, seçkilərin daha şəffaf, demokratik şəraitdə keçirilməsinə, namizədlərin təbliğat-təşviqat, vətəndaşların seçki hüququnun realizəsi imkanlarını yaxşılaşdırmağa xidmət etmişdir.

 

Qarşıdan prezident seçkiləri gəlir

 

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2018-ci il tarixli sərəncamı ilə prezident seçkiləri bu il aprel ayının 11-nə təyin edilib. Mərkəzi Seçki Komissiyası seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiq edib. Hazırda seçki prosesinin namizədliyin irəli sürülməsi mərhələsi davam edir. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi martın 12-si saat 18-də başa çatır.
Onu da qeyd edək ki, Konstitusiyaya edilmiş son dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının Prezidenti 7 il müddətinə seçilir.
Seçki qanunvericiliyinə əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Beləliklə, seçkiqabağı təşviqat 2018-ci il martın 19-u başlayacaq və aprelin 10-u saat 8.00-da başa çatacaq.
Seçkilərdə kütləvi informasiya vasitələrində prezidentliyə qeydə alınan namizədlərə seçkiqabağı ödənişsiz təşviqat aparmaq məqsədilə “Azərbaycan” qəzeti daxil olmaqla bir neçə KİV-də şərait yaradılacaq.
İstənilən seçkilərin ədalətli və şəffaf həyata keçirilməsi həmin ölkədə cəmiyyətin demokratik mühitinin yüksək olması mənasını verir. Azərbaycanda vətəndaşların seçki hüquqları yüksək səviyyədə təmin olunur. Seçkilərin azad və sərbəst şəkildə həyata keçirilməsi məqsədilə kifayət qədər müasir tələblərə uyğun qanunvericilik bazası mövcuddur. Bununla yanaşı, seçkilərin keçirilməsi üçün lazımi şərait yaradılıb, seçki komissiyaları müasir texniki avadanlıqlarla təchiz edilib. Bu mənada qarşıdan gələn prezident seçkiləri bütün müasir və demokratik standartlara uyğun keçiriləcək.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”