Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Biz qayıdacağıq, tikilənlər qalacaq

04 Mart 2018
 

Ordan-burdan köçüb dədə-baba torpaqlarımızda məskən salan ermənilər xeyirxahlığımızın müqabilində bizə minnətdar olmaq əvəzinə zaman-zaman ən ağır cinayətlərə əl ataraq üstəlik keçən əsrin axırlarında torpaqlarımızın bir qismini işğal ediblər.

Bu yolda onlar günahsız insanları, körpə uşaqları, ağbirçək anaları, nurani babaları öldürməkdən belə çəkinmədilər. Bəşər tarixinin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı 26 il əvvəl onların iç üzünü bir daha açıb göstərdi.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində biz də didərgin düşdük. Laçın işğala məruz qalanda Ağcabədi rayonunun Taxtakörpü ərazisinə pənah gətirdik. Məskən saldığımız ərazi kəndimizin adı ilə Katos obası adlandırıldı. İlk vaxtlar olmazın əzab-əziyyət çəksək də, ağır məhrumiyyətlərlə qarşılaşsaq da, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanı məharətlə idarə etməsi, ordu quruculuğunda gördüyü misilsiz işlər bizə yaşamaq həvəsi verdi, ümidlərimizi artırdı. Heydər Əliyevin siyasi kursu bu gün də davam edir və biz dövlət qayğısını daim hiss edirik.

Mən məktəb direktoruyam. Obamız elə də böyük deyil. Şagirdlərimizin sayı da həmçinin. Bu günlərdə obamızda yeni məktəb tikintisinə başlanılıb. Məktəbimizin şagirdləri tezliklə geniş, işıqlı və rahat siniflərlə təmin olunacaqlar. Biz müəllimlər də çalışırıq ki, vətənimizin sabahı üçün yüksək intellektual səviyyəyə malik vətənpərvər yeni nəsil yetişdirək. Odur ki, hərbi vətənpərvərlik tərbiyəsi fəaliyyətimizin əsasını təşkil edir. Doğma yurd yerlərinə dönəcəyimiz günü də səbirsizliklə gözləyirik. İnanırıq ki, biz ən yaxın zamanda həsrət qaldığımız dağlara qovuşacaq, üçrəngli bayrağımız yenidən Laçında, Şuşada, Ağdamda... dalğalanacaqdır. Burada tikilənlər isə biz qayıdandan sonra da qalacaq.

 

Vaqif HÜSEYNOV,

Laçın rayon Katos kənd ümumi orta məktəbinin direktoru