Qəsəbəmizin siması tamamilə dəyişib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qəsəbəmizin siması tamamilə dəyişib

04 Mart 2018
 

Ölkəmizin iqtisadi qüdrəti artdıqca gözümüzün önündə şəhər və rayonlarımızın, eləcə də kənd və qəsəbələrimizin siması tanınmaz dərəcədə dəyişir. Bunu Samux rayonunun timsalında da görmək olar.

Son bir neçə ildə rayonda aparılan abadlıq və quruculuq işləri sayəsində problemlərin bir çoxu  tamamilə həll edilmişdir. İndi rayonumuza gələn qonaqlar da yaradılan şəraitdən məmnun qalır, gözəl və yaraşıqlı küçələrə, yeni salınmış park və xiyabanlara, müasir tikililərə baxmaqdan doymurlar. 

Xatırladım ki, Samux rayonu 1990-cı illərin əvvəllərində rayon statusu almışdır. Həmin dövrdə təsəvvür edə bilməzdik ki, az müddətdə rayon belə sürətlə inkişaf edə bilər. Dövlətin dəstəyi sayəsində az bir zamanda rayonda sosial obyektlər, yeni müəssisələr tikilib istifadəyə verildi. Aqrar sahədə əməlli-başlı dönüş yarandı. İşsizlik problemi, demək olar, tamamilə həll olundu. Elə bunun nəticəsidir ki, rayonda kənd təsərrüfatı məhsullarının istehsalı da ildən-ilə artır.  

Bizim İstixana qəsəbəsinə də quruculuqdan pay düşüb. Qəsəbəyə yeni asfalt yol çəkilmiş, məktəb və uşaq bağçası əsaslı şəkildə təmir olunmuşdur. Hazırda qəsəbədəki çoxmərtəbəli binalar təmir edilir. Həmin binalar uzun illər idi ki, təmir edilmədiyindən kommunal sistemi, dam örtüyü köhnəlmişdi. Artıq  dövlət vəsaiti hesabına onların bir çoxunun dam örtükləri dəyişdirildi, fasad hissəsinə üzlük çəkildi, giriş qapıları yeniləndi, pilləkənlər əsaslı şəkildə təmir edildi.

İndi təmiri başa çatan binaların ətrafında abadlıq işləri aparılır. İnanırıq ki, aylar, illər keçdikcə bizim qəsəbənin də bugünü dünənindən gözəl olduğu kimi, sabahı bugünkündən də abad və yaraşıqlı olacaq. 

 

Səidə HƏSƏNOVA,

Vilayət İMANOV,

Samux rayonu,

İstixana qəsəbəsinin sakinləri