Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan adambaşına düşən sərmayənin həcminə görə də öndədir

01 Mart 2018
 

Kapital qoyuluşu çox həssas məsələdir. Odur ki, dünya iqtisadiyyatında baş verən qlobal problemlər digər sahələr kimi investisiya qoyuluşuna da mənfi təsir göstərir. Çünki investorlar qazanc əldə edəcəklərinə əmin olmadıqları sahəyə və ya ölkəyə kapital qoymağa risk etmirlər.

Azərbaycanda olan münbit investisiya mühiti isə xarici kapitalı özünə cəlb etməkdə davam edir. Buna səbəb ölkəmizdə xarici sərmayənin qorunması üçün mükəmməl hüquqi bazanın olması və onun daim təkmilləşdirilməsidir. Digər tərəfdən, artıq 24 ildir ki, Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Bu da investorlar üçün çox mühüm şərtdir. Nəticədə ölkəmiz nəinki MDB-də, hətta Şərqi Avropa ölkələri arasında investisiya mühitinin münbitliyinə və sərmayə qoyuluşunun cəlbediciliyinə görə fərqlənir.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrasında bu barədə deyilmişdir ki, on dörd il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuşdur. Bunun yarısı xarici, yarısı isə daxili sərmayələrdir. Adambaşına düşən sərmayənin həcminə görə, Azərbaycan yenə də dünya miqyasında lider dövlətlər arasındadır. Xarici sərmayənin qoyuluşu əlbəttə ki, hər bir ölkə üçün ən vacib amillərdən biridir.  Eyni zamanda, bu onu göstərir ki, ölkəyə inam var, ölkənin siyasətinə dəstək var, ölkənin gələcəyinə ümidlər çox böyükdür. Çünki gələcəyi müəyyən olunmayan, yaxud da ki, qaranlıq olan ölkələrə heç kim, heç bir sahibkar, heç bir dövlət, heç bir şirkət investisiya qoymaz. Ona görə 231 milyard dollara bərabər sərmayə qoyuluşu bizim uğurlu siyasətimizin nəticəsidir.

Yeri gəlmişkən qeyd edək ki, müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi son 14 il ərzində qoyulub. Keçən il də mövcud problemlərə baxmayaraq, istər xarici, istərsə də yerli sərmayənin qoyuluşu davam edib - ölkəmizə 14,6 milyard dollar sərmayə yatırılıb. Üstəlik, cari ildə də bu qədər investisiyanın yatırılması proqnozlaşdırılıb.

İqtisadiyyatın kapitallaşması ölkənin gəlirliyinə də müsbət təsir göstərir. Belə ki, xarici və yerli sərmayənin yatırılması sayəsində mümkün olan inkişaf nəticəsində ölkəmizin valyuta ehtiyatları 42 milyard dollara çatıb. Ümumilikdə isə son 14 ildə  valyuta ehtiyatlarımız 23 dəfə artıb. Bununla bərabər, onun qorunması da nəzərə alınıb.

Məhz kapital qoyuluşu hesabına son 14 ildə ölkəmizdə 30 elektrik stansiyası tikilib. Bu stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir. Burada bir məqamı xüsusilə qeyd etmək lazımdır: əgər 2004-cü ilədək Azərbaycan daxili tələbatı ödəmək üçün elektrik enerjisi idxal edirdisə və hazırda daxili tələbatı tam ödəməklə enerji ixrac edirik.

Hər bir ölkənin inkişafında mükəmməl sosial infrastrukturun olması şərtdir və qeyd edək ki, bu istiqamətdə bütün layihələr də gəlirli olmur. Buna baxmayaraq, Azərbaycanda ötən dövr ərzində mükəmməl sosial infrastruktur yaradılıb. Məsələn, 7 aeroport tikilib. Onlardan 6-sı beynəlxalq aeroportdur. Əvvəllər isə Azərbaycanda təkcə Bakı Beynəlxalq Aeroportu fəaliyyət göstərirdi. İndi paytaxtla bərabər, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala aeroportlarının da beynəlxalq statusu var və onlar müxtəlif ölkələrə aviasiya reysləri həyata keçirir. Yaxud götürək avtomobil yollarını. Son 14 ildə Azərbaycanda 12 min 300 kilometr avtomobil yolu çəkilib. Cari ildə bu rəqəmin 15 min kilometrə çatacağı gözlənilir.

2018-ci ilə gəldikdə, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 960,3 milyon manat vəsait yönəldilib. Bu vəsaitin 801,9 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub.

Ölkədə sahibkarlığın inkişafını göstərən amillərdən biri də onlar tərəfindən iqtisadiyyata yatırılan kapital qoyuluşudur. Bu onu göstərir ki, Azərbaycanda mükəmməl sahibkarlıq sinfi formalaşıb və ölkənin iqtisadi inkişafında önəmli rol oynayır. Hesabat dövründə yatırılan ümumi sərmayənin 80,5 faizi qeyri-dövlət sektoruna məxsusdur.

Ölkəmizdə xarici investisiya üçün münbit şəraitin olması cari ilin ilk ayında da özünü göstərir. Belə ki, yanvar ayında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 559,8 milyon manat vəsait yönəldilib. Həmin vəsaitin 408,7 milyon manatı Böyük Britaniya, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, Yaponiya, ABŞ, Norveç sərmayədarlarına məxsusdur.

 

Rüstəm KAMAL,

“Azərbaycan”