Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qax: altı yaşayış məntəqəsində kütləvi tibbi müayinələr başa çatıb

27 Fevral 2018
Azərbaycan Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr Qax rayonunda da uğurla icra olunur. Tibbi müayinələrə rayon üzrə 18 yaşdan yuxarı 43 mindən çox insanın cəlb olunması nəzərdə tutulub. Fevralın 12-də başlanan aksiya çərçivəsində indiyədək 8 min nəfərdən çox rayon sakini tibbi müayinədən keçərək, öz sağlamlıqları barədə ətraflı məlumat əldə ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibbi müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanasında, həmçinin 11 kənd xəstəxana və həkim məntəqəsində əhalinin qəbulu və müayinələrin aparılması üçün hər cür şərait yaradılıb. Əhalinin daha çox üz tutduğu rayon mərkəzi xəstəxananın poliklinika şöbəsi bu günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Poliklinikanın müdiri Cəmaləddin Hacıyevin məlumatına görə, indiyədək müayinədən keçənlərin 913 nəfərinə ambulator müalicə təyin edilib, 8 nəfər stasionar müalicəyə cəlb olunub. Daha ciddi müalicəyə ehtiyacı olan bir xəstə Bakı şəhərinin ixtisaslaşmış tibb müəssisəsinə göndərilib.

Poliklinika müdiri bildirib ki, tibbi müayinələr rayonun 59 yaşayış məntəqəsini əhatə edəcək. Bu günədək rayonda fəaliyyət göstərən 48 idarə, müəssisə və təşkilatda, həmçinin 6 yaşayış məntəqəsində tibbi müayinələr başa çatıb.