Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

XOCALI ŞAHİDLƏRİ DANIŞIR

25 Fevral 2018
 

Hər insanın həyatı, əslində, bir roman mövzusudur, - deyiblər. Həm də yaşadığı dövrün aynasıdır. Və əgər eyni qisməti bölüşən çoxsaylı insanların bənzər taleləri, oxşar sevinc və xatirələri, yaxud kədərləri, faciələri qələmə alınarsa, bu, nəticə etibarilə mənsub olduqları xalqın da həyatının müəyyən dövrünü əks etdirər...

26 il öncə baş verən Xocalı soyqırımından salamat çıxmış insanların taleyi də faciəli romandır desək, heç də yanılmarıq. Onların yaşadıqları itkiləri, məşəqqətləri, hələ də davam edən iztirabları bir yerə toplayanda isə bu, artıq bütöv bir xalqın məruz qaldığı soyqırımının təsdiqinə çevrilir...
İllər keçəcək və erməni işğalçılarının Xocalıda törətdikləri vəhşiliklər haqqında yazılanlar tarixin ən dəqiq, ən səhih səhifələri kimi öyrəniləcək, tədqiq ediləcəkdir. Demək, bu qanlı soyqırımını öz yaddaşında yaşadanları danışdırmalıyıq, dedikləri əsasında bu tarixi yazmalıyıq...
Elə bir Xocalı sakini yoxdur ki, o müdhiş gecədə doğmasını, əzizini itirməsin. Özü də birini yox, beşini, onunu, əllisini... Əsirliyin fəlakətini yaşamasın... Hələ illər boyu dişlə-dırnaqla qurduqları xanimanlarının əllərindən zorla alınmasını, yandırılan, dağıdılan, xarabalığa çevrilən yurd-yuvalarını demirik. Odur ki, xocalılılar hələ də təsəlli tapa bilmirlər, hər gün, hər an vətən deyib sızlayırlar. Xocalı deyəndə nə düşünürlər, nələri və kimləri xatırlayırlar?
Xocalı acıları unudulan deyil! “Zaman bütün yaraları sağaldır”, “Torpağın üzü soyuq olur” deyilsə belə...
Xocalının həmsöhbət olduğumuz sakinlərinin hərəsinin öz həyat hekayəti, ürək dağlayan naləsi var...
Söz onlarındır, Xocalı soyqırımının şahidlərinin...

 

Meyitlərin başları kəsilmiş, bədənləri deşik-deşik edilmişdi

 

Aidə Allahverdiyeva:
- Bir qız, iki oğul anasıyam. Kiçik oğlum heç ata üzü görməyib. O gecə Xocalıda deyildim. Oğlum müalicə olunduğu üçün Ağdamda, xəstəxanada idik. Xocalı dağılmamışdan bir ay əvvəl yoldaşım gəlib bizə baş çəkdi. Sonra bir zülmlə qayıdıb Ağdamdakı daş karxanasına getdi. Deyirdi ki, orda silahı var. Götürməsə, sonra altından çıxa bilməz. O gedən getdi. Daha əlaqə saxlaya bilmədik. Fevralın 26-da Xocalıda dəhşətli qırğınlar törədildi. Həyat yoldaşımgil Xocalıdan çıxmaq istəyərkən qardaşları, atası və anası girov düşüb. Qayınlarımdan biri həmin gecə oğlu ilə bərabər itkin düşüb. Qayınanamı 4 gündən sonra buraxıblar. Digərləri isə düz bir ay girovluqda qalıblar. Onlar elə bir vəziyyətdə gəlib çıxdılar ki, üzlərini kim görsəydi, tanımazdı. Qaynımın barmağını kəsmişdilər. Qızıl dişlərini kəlbətinlə çəkib çıxarmışdılar. Onlar gələndən sonra xeyli müddət xəstəxanada yatdılar.
Yoldaşım da o vaxt Xocalıda yanacaqdoldurma məntəqəsinə qədər gəlib. Hərbi geyimdə olub. Ayağından yaralı imiş. Görənlər deyirlər ki, orda tikili vardı, yoldaşımı onun içərisinə qoymuşdular. Amma ölüb, yaxud sağ qalıb, - hələ də bilmirik. İnanmırıq ki, orda sağ adam qalsın...
Fevralın 26-da mən Ağdamda Şellinin üstündəki dik təpəyə gəldim. Uşaqları da özümlə aparmışdım. Gələn meyitlərə baxırdıq. Üzlərini açırdıq ki, görək bizimkilərdən kimsə varmı. Qaynımı, qaynımın oğlunu, qayınatamı, yoldaşımı itirmişdim... Deyirlər ki, adam ölüdən qorxur. Amma həmin vaxt hamilə ola-ola gedib meyitlərin üzünü açıb baxırdım. Xocalı dağılan gecəsi olan qar-qiyaməti həyatım boyu unutmaram. Şellinin düzünə zülmlə gəlib çıxmışdıq. Qar dizdən idi. Ora gəlmişdik ki, keçib Xocalıya gedək. Səhər saat 5 idi. Dedilər ki, Xocalını alıblar. Xocalıdan ilk olaraq eltim gəldi. Ağlaya-ağlaya dedi ki, anam, atam, qayınanam, hamısı orda qaldı. Onun əl-ayağı tanınmaz halda idi. Böyük qızımın barmaqlarını həmin gecə Şellidə şaxta vurdu. Allah elə bil ağlımı almışdı, deyən olmadı ki, bu uşağı evdə qoy, özünlə aparma...
Ağdama elə meyitlər gətirmişdilər ki, başları kəsilmişdi, bədənləri deşik-deşik idi. Cavan gəlinlər tanınmaz hala salınmışdılar. Girovluqdan gələn qayınlarım dedi ki, biz gəlib səni, o uşağı salamat gördükdə şükür etdik. Qardaşım itibsə də, torpaq yolunda gedib, şəhid olub. Orada qadınların başına olmazın oyunlar açmışdılar. Qayınanam girovluqdan gələndən bir müddət sonra dözə bilmədi, həyatdan köçdü.

 

Xocalı faciəsində doğmalarımı itirdim

 

Kübra İsmayılova:
- 1960-cı ildə Laçından Xocalıya gəlin köçmüşəm, Lətif İsmayılovla ailə qurmuşam.
3 oğul (Tacir, Vidadi, Mikayıl) və üç qız (Fatimə, Səbinə, Gülnar) böyütmüşük.
O gecə ermənilər Xocalıya girəndə Vidadi ilə qardaşı Tacir də postda idilər. Kimi Əsgərana sarı, kimi meşəyə tərəf üz tutmuşdu. Bir yaralı vardı, yaxınlaşdım ki, baxım görüm kimdir. Zarıya-zarıya dedi ki, qaç, ay ana, mənə bənd olma, səni də vuracaqlar, ya da əsir tutacaqlar. Oğlanlarımın ikisi də posta getmişdilər, xəbərimiz yox idi onlardan. Bizim hara üz tutduğumuzu bilmirdilər, bir-birimizi itirmişdik.
Ermənilər 80 nəfəri birdən girov götürmüşdülər. Oğlanlarım da onların arasında olub. Kiçik oğlum Mikayıl da əsir düşmüşdü. Əllərini bağlayıb yük maşınının üstünə atmışdılar. Yolda əlləri bağlı özünü maşından tullayıb. 5 gecə meşədə qalıb, çıxa bilməyib. Oğlanlarım Tacirlə Vidadidən xəbər yox idi. Ağdamda məni gah xəstəxanaya, gah da dəmiryol stansiyasına aparırdılar ki, bəlkə uşaqlardan bir xəbər tuta bilim. Axtarmadığım yer qalmadı. Xocalıda Canan adlı bir baytar həkim var idi. Əsirlikdən qurtarıb gələndən sonra danışdılar ki, oğlum Vidadi də onların arasında olub. Ona hansı zülmün verildiyini məndən gizlədirdilər. Deyirdilər ki, ermənilər onu girovluqda öldürüb.
Dayım oğlu Novruz Novruzovun beş nəfərlik ailəsi də (həyat yoldaşı Adilə, polis oğlu Allahverdi, qızları Rübabə ilə Rahilə) məhv edildi. Yeganə salamat qalan oğlu Baratı da girov götürmüşdülər. Əl-qolunu bağlayıb “KamAZ” maşınının üstündə Kosalara kimi aparıblar. Orada uşaq girovluqdan qurtarmaq üçün özünü çaylağa atıb.

 

Vidadinin başını kəsmək üçün apardılar

 

Ayna Novruzova:
- Həmin gecə yaşlı babam Allahverdini evdən çıxara bilmirdilər. Babamın əlimizdə qalan yadigarı yeganə şəklidir ki, o da torpağına sarılıb əbədi ona qurban getdiyinin təsdiqidir. Yerli və xarici jurnalistlər həmin şəkli dünyaya göstərdilər.
Əsirlikdən qayıdan Almara adlı qadın danışıb ki, bir erməni generalının qəbri üstündə Vidadinin başını kəsmək üçün içəridən çıxarıblar. Sonra güllə səsi eşidilib. Amma güllələnənlərin paltarları içəri qaytarılanda heç birininki olmayıb. Ana da fikirləşir ki, bəlkə ona düzünü demirlər? Vidadinin Ülviyyə adlı bir qız yadigarı qalıb. Streslə dünyaya gəldiyindən xəstə doğulub. Yeganə şəhid balasını həkimlər hələ də müalicə edirlər.

 

Əsirlikdə 48 gün bizə dəhşətli işgəncələr verdilər

 

Qədim Abbasov:
- Xocalıdakı 1 nömrəli təmir-tikinti idarəsində baş mühəndis işləyirdim. 5 uşağım var idi: 3 qız, 2 oğlan. O vaxt qızlarımın hamısı ailə qurmuşdu. Bir qızım Mingəçevirdə yaşayırdı. Digər qızımı körpə uşağıyla birgə hərbi vertolyotla yola salmışdıq. 19 yaşlı qızım Səadət isə cəmi 6 ay idi ailə qurmuşdu, Xocalıda yaşayırdı. Oğlanlarım isə balaca idilər. Onları vertolyotla Goranboya, qardaşımgilə göndərmişdim.
Fevralın 25-i axşamtərəfi evə gəldim. Televizora baxırdım, nədənsə xəbərləri göstərmədilər. Hirslənib bayıra çıxdım. Gördüm bütün yüksəkliklərdə işıqlar yanır. Üz tutdum poçtun binası tərəfə. Camaat icra başçısı Elman Məmmədovun başına toplaşmışdı. Nə edəcəyimizi bilmirdik. Elman müəllim dedi ki, ermənilər bütün texnikalarla Xocalıya hücuma keçirlər. Evə gedib həyat yoldaşıma dedim ki, qızım Səadətə xəbər versin. Artıq şəhər güllə yağışına tutulmuşdu. Bayıra çıxanda gördük ki, qızım ailəsi ilə birlikdə gəlir. Onlar kəndin yuxarı hissəsində yaşadıqları üçün atılan mərmilər evlərini yandırmışdı. Birlikdə poçt tərəfə getdik. Elman müəllimin də ailəsi orada idi. Qızım həyat yoldaşı ilə birgə onlara qoşuldu. Biz isə ayrı dəstə ilə başqa istiqamətə getdik.
Qaçanların bir hissəsi Ağdamın Gülablı kəndinə tərəf, qalan hissə isə Əsgəran tərəfə üz tutdu. Biz Kətik kəndinin meşəsi ilə Gülablıya tərəf getdik. Pusquda duran ermənilər arxamızca atəş açmağa başladılar. Ölənlərimiz, yaralananlarımız oldu. Amma hərə öz hayında idi. Bir az getmişdik ki, ayağımdan yaralandım. Nə qədər israr etdim, yoldaşım məni qoyub getmədi. Bir az sonra gördüm qardaşım Ələmdarla oğlu geri qayıdır. Məni qaldırıb götürdülər. Üz tutduq Dəhraz kəndi tərəfə. Bu kəndin dağlarını aşa bilsəydik, Gülablıya çatacaqdıq. Qardaşım oğluna dedim ki, mən gedə bilmirəm, sən qadınları üzümlük tərəflə apar, bəlkə ordan Ağdama keçə biləsiniz. Onlar getdilər. Biz isə qoz bağına tərəf irəlilədik. Amma qoz bağında ermənilərin tələsinə düşdük...
Mühasirə yaradıb bizi əsir götürdülər. Əvvəlcə Dəhraz kəndinə gətirdilər. Fevralın 28-də mən də içində olmaqla 18 nəfəri seçib dəyişmək adı ilə Xocalıya apardılar. Xocalıya girəndə körpünün yanında yanacaqdoldurma məntəqəsi var idi. Gördük, əlləri bağlı insanları üst-üstə yığıblar. Uşaq, böyük, yaralı, salamat insanların ah-naləsi yerə-göyə sığmırdı. Belə mənzərəni yalnız filmlərdə görmüşdüm. Ermənilər yanacaqdoldurma məntəqəsindən benzini çəkib insanlara od vurdular.
Bir neçə gün bizi Xocalıda saxladıqdan sonra apardılar Xankəndiyə. Şəhər avtovağzalının yanında ermənilər guya zavod tikmişdilər. Sən demə, bu, zavod deyilmiş, təcridxana imiş. Hər şeyi əvvəlcədən planlaşdırıblarmış. 150-yə yaxın insanı yığdılar kameralara. 3 nəfərlik kameraya 10 nəfər yerləşdirdilər. 10 gün bizə nə çörək, nə də bir qurtum su verdilər. Deyirdik ki, heç olmasa icazə verin yağan qardan yeyək, susuzluğumuz keçsin. Deyirdilər, olmaz, elə bizim istədiyimiz odu ki, hamınız öləsiniz. 10 gündən sonra ölçüb alüminium stəkanlarda 100 qram su verdilər.
Düz 48 gün bizə dəhşətli işgəncələr verdilər. Hər gün gəlib hamını saatlarla döyürdülər. Dünyada belə işgəncə görülməmişdi. İstəmirəm o haqda danışmaq, çox ağır idi. Ağacla, “dubinka” ilə dayanmadan bizi döyürdülər. Nə qədər adam orda işgəncələrə dözə bilməyib öldü. Kimin qızıl, metal dişləri var idisə, mismarla əyib çıxarırdılar ağzından. Üzümüzdə insan sifəti qalmamışdı. Ağzımdan 16 qızıl dişi işgəncə ilə çıxartdılar. Damağımı elə vəziyyətə salmışdılar ki, həkimlər indi də müalicə edib düzəldə, diş qoya bilmirlər.
Qardaşım Ələmdarı 20 gün sonra apardılar ki, öldürsünlər. Amma öldürməmişdilər, yolda elə biliblər ölüb, atmışdılar Əsgəranla Ağdamın arasında bir yerə. Sonra bir qohumumuz onu həmin yerdə tapmışdı. Vəziyyəti çox ağır idi, ona məndən də çox işgəncə vermişdilər, bədənində sağ yer qalmamışdı.
48 gündən sonra Beynəlxalq Qızıl Aypara Cəmiyyətindən gəlib bizi yoxladılar. Sonra dedilər ki, kimin yaxını varsa, xəbər göndərsin. Bizi Azərbaycan tərəfdə olan erməni əsirləri ilə dəyişmək istəyirdilər. Qardaşım həmin vaxt Xocalının prokuroru işləyən Atakişi Atakişiyevin köməyi ilə bizdəki həbsxanalardan birində olan erməni ilə məni dəyişə bildi. Elə gündə idim ki, bircə quru nəfəsim qalmışdı.
Məni Mingəçevir şəhərinin Mərkəzi Xəstəxanasına gətirdilər. Bir müddət müalicə olundum. Yaxşılaşmışdım, amma bir qohumum xəstəxanaya gəlib mənə başsağlığı verəndə dünyam bir daha qaraldı. Sən demə, qızım Səadət elə həmin gecə düşmən gülləsinə tuş gəlibmiş...
Həmin gecə təkcə bizim nəsildən 13 nəfər adam şəhid oldu, neçə nəfər ağır yaralandı. Mən isə çəkdiyim işgəncələrin ağrısını hələ də yaşayıram.

 

Həmin gecə iki balamızı itirdik

 

Diləzbər Hüseynova:
- Xocalının özünümüdafiə taborunun komandiri Tofiq Hüseynovla qonşu idik. Tofiq evə gələ bilmirdi və buna görə də yoldaşı xahiş edirdi ki, 24 yaşlı qızım Rəsmiyyə onun yanında qalsın. Biz də axşam yeməyini yeyəndən sonra onlara gedirdik. Öncə onu deyim ki, Xocalı mühasirəyə alınanda biz uşaqları vertolyotla şəhərdən çıxarmışdıq. Amma qayıdıb gəldilər. Dedilər ki, sizi qoyub ayrı yerdə qala bilmərik, ölsək də, bir yerdə öləcəyik...
Həmin gecə axşam saatlarında şəhər toplardan, ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başladı. Böyük oğlum silahını götürüb getdi. Biz evdə qaldıq. Gecə idi, bir də gördüm oğlum təngnəfəs içəri girdi. Dedi ki, nə oturmusunuz, ermənilər kəndə girib. Paltarlarımızı geyinib evdən çıxdıq. 17 yaşlı oğlum Emin tez bacısının dalınca Tofiqgilə qaçdı. Artıq hamı getmişdi. Güllələr də yağış kimi yağırdı. Qışqırdıq, çağırdıq, Emindən, Rəsmiyyədən bir xəbər çıxmadı. Ağlaya-ağlaya qaçmağa başladıq. Hamamın binasının yanında adamlar vardı. Onlara tərəf getdik. Dedilər kim istəyir meşə tərəfə, kim də istəyir beşmərtəbənin altına getsin. Biz beşmərtəbənin altına gedib bir az gözlədik. Bir qədər keçəndən sonra bizi ordan çıxartdılar və məcbur olub Qarqar çayı istiqamətində irəlilədik. İnsanların qışqırığı, harayı bürümüşdü ətrafı. Çayın sahilinə çatanda gördüm yanımda bircə 14 yaşlı oğlum Elmdar var. Qalanlarını itirmişəm. Qaranlıqda hərə bir tərəfə pərən-pərən düşüb. Oğlumu belimə bağlayıb çayı keçdim, bədənimi buz kəsdi və bu halda qarla örtülü meşəyə girdim. Oğlumu belimdən düşürmək istədim. Dedim, bəlkə uşaq ağırlıq verdiyi üçün hərəkət edə bilmirəm. Amma ürəyim dözmədi. İki balamı evdən çıxanda, yoldaşımla o biri uşaqları isə çayın kənarında itirmişdim. Heç olmasa, balamın birini xilas etmək üçün mübarizə aparmalıydım...
Meşədə qaynımın iki uşağını tapdım. Hava işıqlaşırdı. Onları da götürdüm. Naxçıvanik yoluna çatanda “UAZ” markalı maşın yoldan ötdü. Bir neçə dəqiqə keçməmişdi ki, zirehli hərbi maşın gəlib yolun üstündə dayandı. İnsanlar yolu keçib Ağdamın Şelli kəndi istiqamətinə tərəf qaçmaq istəyəndə dəhşətli mənzərə yaşandı. Zirehli texnikadan açılan atəş insanları parça-parça edirdi.
Başqa yol yox idi. Ordan keçməli idik. Bir az ara sakitləşəndə qaynımın uşaqlarını da götürüb sürünə-sürünə yolu keçdik. Arxamızca güclü atəş açdılar. Şelli kəndi tərəfə qaçaqaçda uşaqları yenə itirdim. Gəlib Şelliyə çatdıq. Günortaya qədər yoldaşımı, uşaqları axtardım, tapmadım. 45 yaşlı qadın, yedəyimdə bir uşaq, hara gedəcəyimi bilmirdim.
...Axşamtərəfi gördüm ki, yoldaşım gəlir. Amma təkdir, o biri uşaqlar yoxdur. Dedi, qorxma, uşaqlar donurdular, kənddən bir nəfər evinə apardı. Beləcə, möcüzə sayəsində Xocalıdan sağ çıxdıq. Amma Rəsmiyyə ilə Emini gördüm deyən olmadı. Bir müddətdən sonra əsirlikdən gələnlərdən soruşduq, xəbər çıxmadı. Balalarım hara getdi, necə itdi, başlarına hansı müsibət gəldi, bilmədik. Bu gün də onların yolunu gözləyirəm.

 

Ermənilər bir adamı da sağ buraxmaq istəmirdilər

 

Aleksandr Hüseynov:
- Gecə idi. Ermənilər bir adamı sağ buraxmaq istəmirdilər. Qardaşımı əsir götürmüşdülər. Bir müddətdən sonra erməni əsir ilə dəyişdilər. Amma gələndə elə gündə idi ki... Çox yaşamadı. Bircə onu dedi ki, əsirlikdə gün işığı görməyib. Yalnız dəyişdirilən gün havaya çıxıb. Bədənində işgəncədən salamat yer yox idi. Ona necə iynə vurmuşdularsa, bədənində inkişaf getmədi. Şikəst qaldı və bir neçə aydan sonra rəhmətə getdi. Uşaqlarını isə meşədə yoldaşım tapmışdı. Anaları da faciənin
qurbanı oldu. Həmin gecə iki balamızı və 30-a yaxın qohum-əqrəbamızı itirdik.

 

Allah məni 6 aylıq körpəmə bağışladı

 

Nazilə Məmişova:
- Gecə saat 11:00 radələrində Xocalını atəşə tutmağa başladılar. Dedilər ki, ermənilər sovet ordusunun bölmələri ilə birləşib şəhərə hücuma keçiblər, hər tərəfdən tanklarla bizi mühasirəyə alırlar. Bayırda yoldaşım Zakirin səsini eşitdim. Çölə çıxdım ki, vəziyyəti öyrənim. Zakir məndən qardaşımı soruşdu. Dedim, Şahin hələ gəlməyib. Onu bir az gözlədik, sonra vəziyyət gərginləşdiyi üçün evdən çıxmalı olduq. Qarqar çayını keçib meşəyə daxil olduq. Camaat dəstələrlə, necə gəldi, kor-koranə hərəkət edirdi. Bətnimdə 6 aylıq körpə ilə qarda hərəkət etmək mənə çox çətin idi. Qızımı anam götürmüşdü. Birdən atışma başladı. Arxa tərəfimizdən ermənilərin açdığı atəş sanki meşəyə yağış kimi yağırdı. Kimisi yaralanır, kimisi yerindəcə həlak olurdu. İnsanların kütləvi surətdə məhv edilməsi həmin yerdə baş verdi. Atışma başlayanda yoldaşım qızımı anamdan almışdı.
Arxadan gələn insanlar dedilər ki, artıq dayanmaq olmaz, getmək lazımdır. Biz dağa qalxdıqca Xocalı aşağıda qalırdı və şəhərin necə yandığı aydın görünürdü.
Kətik meşəsi ilə Ağdama üz tutduq. Şelli kəndinə yaxınlaşırdıq. Yolu keçib kəndə daxil olmalı idik. Naxçıvanik tərəfdən bir avtomobilin Əsgəran tərəfə hərəkət etdiyini gördük. Gözlədik ki, maşın keçsin, sonra yolu ötək. Amma camaat qaçmağa başladı. Bunu görən ermənilər insanları güllələməyə başladılar. Qan su yerinə axırdı. Silahsız insanlar yalnız azərbaycanlı olduqları üçün qətlə yetirilirdilər.
Bir qədər gözlədikdən sonra yolu keçdik. Elə bil hər şey bir anın içində baş verdi. Sağ qalmağımı möcüzə adlandırmaq olar. Anamla birgə o dəhşətin içindən qurtulduq. Yoldaşım da qızımla sağ-salamat Ağdama keçmişdi. Amma bizdən bir qədər əvvəl keçdiyi üçün axtarışa başlamışdı. Birdən uzaqdan onu gördüm, şok vəziyyətində idi. Sən demə, xeyli axtardıqdan sonra bizim öldüyümüzü zənn edib. Bizi görəndə yerə yıxılıb hönkür-hönkür ağlamağa başladı...
Sağ qalmağımızın bir səbəbi də o oldu ki, bizim dəstənin önündə gedən bələdçilərimiz o yolları yaxşı tanıyırdı. Başqa insanlar meşədə azmış, günlərlə ac qalmışdılar. Aclıqdan, soyuqdan çox insan meşədə həlak olmuşdu. Atam Talış Məmişov da həmin insanlar arasında olub. İki gün meşədə qaldıqdan sonra fevralın 27-də Ağdama gətirdilər. Amma cəmi bir gün yaşadı...
Qardaşım Şahini son dəfə görənlər isə dedilər ki, səhər saat 05:00-a qədər silahı yerə qoymayıb. Güllə ehtiyatı qurtardıqdan sonra məcbur olub geri çəkilib. Naxçıvanik istiqamətinə çatanda insanlara kömək edib. Amma bununla belə, ermənilər xeyli insanı girov götürüblər. Qardaşım Şahin də onların içərisində olub. Ermənilər qardaşımın başına nə oyun açıblar, Allah bilir... Əsirlikdə olanların bir qismi dəyişdirildi. Amma Şahin yox idi. Bəziləri dedi ki, girovluqda olarkən ermənilər 13 nəfər boy-buxunlu, sağlam gənci seçib harasa aparıblar. Onlardan heç bir xəbər çıxmayıb. Elə bilirəm ki, Şahin də onların içərisində olub. Gözümüz hələ də yoldadır. Ölümü ilə barışa bilmirəm. Öz atasıgildə qalan həyat yoldaşı isə meşədə güllə yarası almışdı. Çoxlu qan itirdiyi üçün faciənin qurbanı oldu. Gətirib Ağdamda dəfn etdik. Ata yurdumdan təkcə anam sağ qaldı o gecə. Ancaq bu dərdə ürəyi dözmədi, 6 ay sonra o da dünyasını dəyişdi.

 

Anamı da atamın yanında dəfn etdik

 

Kamil Salahov:
- 22 yaşım vardı, subay idim və könüllü özünümüdafiə taboruna yazılmışdım. Postlarda dururduq. Ermənidən qorxumuz yox idi. Fevralın 25-i günü tankların, zirehli texnikanın səsi eşidilməyə başladı. Yüksəkliklərdə ocaqlar qaladılar ki, bir-birinin olduğu ərazini müəyyən edib, həmin istiqamətə güllə atmasınlar.
Şəhəri zirehli texnika ilə atəşə tutdular. Aeroportu yandırdılar, sonra şəhərdə yanğın yuxarıdan aşağıya doğru uzandı. İki saata qədər müdafiə olunduq. Amma avtomatla zirehli texnikaya qarşı döyüşmək qeyri-mümkün idi. Döyüş sursatımız qurtardı və məcbur olub geri çəkildik. Əhali də evlərdən çıxıb qaçmağa başladı. Piyada erməni dəstələri şəhərə irəliləməyə başladı.
Postdan tez evə yollandım. Atamla anama xəbər göndərmişdim ki, camaata qoşulub getsinlər, gəlib yolda onları tapacam. Amma gedib insanların arasında valideynlərimi tapa bilmədim. Qarqar çayını keçib Kətik kəndinin meşəsinə daxil olduq. Hər tərəfdən meşəyə güllə atırdılar. Meşə ilə yuxarı qalxdıqca təhlükə artırdı. Ermənilər yuxarıda pusqu qurmuşdular. Önümüzdə gedən dəstə ilə atışma başladı və xeyli insan həlak oldu. İstiqaməti dəyişdik. Mən Ağdamın Şelli kəndi istiqamətinə tərəf üz tutdum. Ağdamın kəndlərinə keçən avtomobil yollarının üstünə zirehli texnikalar cəlb etmişdilər. Onlar da dayanmadan atəş açırdı. Kim yolu cəld keçdisə, canını qurtara bildi.
Ağdamın Şelli kəndinə çatanda atamla anamı xəbər almağa başladım. Öyrəndim ki, onlar dayımgillə gəlirlərmiş. Yolda pusquya düşürlər. Anam Zəhra Salahova güllə yarası alır və həlak olur. Atam Məhəmməd Salahov isə ermənilərə əsir düşür.
Bir müddət keçdikdən sonra eşitdim ki, əsirləri dəyişirlər. Gedib müraciət etdim. Mayın 28-də xəbər gəldi ki, atamı gətirirlər. Getdim, amma gələn atamın nəşi idi... Onunla birlikdə əsirlikdə olanlardan vəziyyəti öyrəndim. Dedilər ki, yazıq atam erməni vəhşilərinin işgəncələrinə dözə bilməyib. Yaşlı adama dəhşətli işgəncə verərək öldürüblər.
Mayın 31-də atamı Ağdamda dəfn etdik. Amma anamın nəşi hələ də Xocalıda idi. Dayım dedi ki, necə olur-olsun, gedib ermənilərlə danışıq aparıb bacımın meyitini alacam. Nə qədər etiraz etdiksə, mümkün olmadı, çıxıb getdi. Gedib ermənilərə pul və benzin təklif edib. Onlar da anamın nəşini tapıb gətiriblər. Bir də gördük dayım anamın meyitini gətirdi. Dözülməz anlar idi. Başımı itirmişdim, nə edəcəyimi bilmirdim. Taleyimə yazılan yazı beləymiş. Anamı da atamın yanında dəfn etdik.

 

Hansı həyətin qarşısından keçirdiksə meyitə rast gəlirdik

 

Murad Məhərrəmov:
- Həmin gün axşam postda olduğumdan gəlib evdə yorğun yatmışdım. Bir də gördüm anam həyəcanla məni yuxudan oyatdı: “Ay oğul, kəndin hər tərəfini ermənilər mühasirəyə alıb...”
Təxminən saat 9-dan sonra erməni və sovet hərbçiləri eyni vaxtda Xocalını tanklardan, toplardan, piyadaların döyüş maşınlarından aramsız atəşə tutdular. Xocalı üzərinə güllə və mərmi yağış kimi yağırdı. Gecə saat 3-4-ə qədər düşmən qoşunlarının qabağını saxlaya bildik. Ancaq şəhərin başqa istiqamətindən, məsələn, Qaladərəsidən və xəstəxana tərəfdən müdafiəni yarıb keçən ermənilərin dinc əhaliyə necə divan tutduqlarını, evləri necə yandırdıqlarını aydın görmək olurdu. Saat 4 radələrində biz də mühasirəyə düşdük. Erməni silahlıları Badara istiqamətindən Xocalıya daxil oldular. Artıq küçə döyüşləri gedirdi. Bu zaman çalışırdıq ki, qocaların, qadın və uşaqların şəhərdən çıxmasına imkan yaradaq. Döyüşlərdə qardaşım Vaqif, döyüşçü yoldaşlarımdan Natiq, Talış, Məhyəddin, İsmayıl və başqaları şəhid oldular. Ermənilər şəhəri mühasirəyə alanda 30 nəfərə yaxın qadın, qoca və azyaşlı uşağı yaxınlıqda bir tərəfi bağlı borunun içində gizlətdik ki, ələ keçməsinlər. Şəhid qardaşımın həyat yoldaşı Bəsirə də həmin adamlarla birlikdə idi.
Küçələrdə hansı həyətin qabağından keçirdiksə, hansı tini burulurduqsa, insan meyitinə rast gəlirdik. Yaralı iniltisindən, arvad-uşaq fəryadından qulaq tutulurdu. Ermənilərin şəhəri tam tutduqlarına əmin olandan sonra sağ qalan döyüşçü yoldaşlarımla evlərdə köməksiz, haradan çıxıb hansı istiqamətə getməkdə çətinlik çəkən 120 nəfərdən çox insanı Kətik meşəsi istiqamətinə çıxara bildik. Təəssüf ki, onların da çoxunu Ağdama yaxın istiqamətdə, Naxçıvanik ərazisində ermənilər pusquya salıb qəddarcasına qətlə yetirdilər. Burda mən özüm də ikinci dəfə yaralandım.

 

Şəhidlərin və yaralıların sayı-hesabı yox idi

 

Məmməd Nağıyev:
- 1991-ci il noyabrın 15-də Xocalıda yerli özünümüdafiə taboru təşkil olunanda taborun tibbi xidmət rəisi işləyirdim.
Gecə saat 22:30 radələrində hər tərəfi dəhşətli gurultu bürümüşdü. Ermənilər 366-cı sovet motoatıcı alayının köməyi ilə Xocalını mühasirəyə alıb atəşə tutmuşdular. Şəhər od tutub yanırdı. Taborumuzun əliavtomatlı döyüşçüləri ağır texnikaların qarşısında nə qədər cəsarətlə dayansalar da, mühasirə dairəsi getdikcə daralır, ermənilər şəhərə soxulurdular. Şəhidlərin və yaralıların sayı-hesabı yox idi. Sağ qalmış 300 nəfərə yaxın adamla meşəyə çəkildik. Çox əzab-əziyyətdən sonra fevralın 27-də Dəhrar kəndi yaxınlığında ermənilərlə qarşılaşdıq. Atışma başladı.
Qüvvələr nisbəti ermənilərin xeyrinə olduğundan biz yaxındakı dərəyə enərək əks tərəfdəki meşəyə tərəf irəlilədik. Bu zaman məndən qabaqda anası ilə gedən 10 yaşlı uşağı vurub yaraladılar. Sürünüb uşağa çatdım və yarasını sarıdım.
Artıq atışma kəsilmişdi. Ermənilər hər tərəfdən meşəni mühasirəyə almışdılar. Elə bu vaxt ermənilər başımızın üstünü alıb bizi əsir götürdülər. Əsirlikdə də yaralılara lazımi kömək göstərirdim. Onların yaralarını adi paltar iynəsi və sapla tikərək qanaxmanı saxlamağa çalışırdım.

 

(Ardı var)

 

Hazırladı:
Səbinə MƏMMƏDOVA,
“Azərbaycan”