Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Orqanizmdə xromun rolu

22 Fevral 2018
Orqanizmin fəaliyyətində ən vacib elementlərdən biridir, onun normadan az olması şirin qidalara çox güclü istək yaradır. Buradan aydın olur ki, xrom orqanizmdə şəkər mübadiləsinin çox vacib amilidir.

Biologiya üzrə fəlsəfə doktoru Fuad Mahmudov AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı deyib: “Göbələk, darı, bir çox dənli bitkilər, buğda cücərtisi, yumurta sarısı, pendir və s. kimi qidaların tərkibi xrom elementi ilə zəngindir və xrom çatışmazlığını həmin qidaların qəbulu ilə ödəmək mümkündür. Dəniz məhsulları və ətin tərkibində də həmin maddə çoxluq təşkil edir. Qida məhsulları içərisində xromla ən çox zəngin olanı pivə mayasıdır. Təəssüf ki, onun qəbulu çox vaxt allergik reaksiya verir. Ona görə də alimlər və tədqiqatçılar elə bir xrom molekulu forması yaradıblar ki, orqanizmə asanlıqla sorulur və həzm edilir. Buna xromun pikolinat və polinikotinat formalarını misal göstərmək olar. Xrom elementinin orqanizmdə gedən yağ və karbohidratların mübadilə prosesində də böyük rol oynaması insulin əmələgəlmə prosesinə təsir edir.

Lakin bir çox qida məhsullarının emalı zamanı xrom elementinin böyük hissəsi itir. Məsələn, çörək bişirmək üçün adi buğdanın ağ un halına gətirilməsi zamanı tərkibində olan xromun 80 faizə qədəri itir. Emal olunmamış şəkər xammalının istifadəyə uyğun ağ formaya salınması prosesində onun tərkibində olan xrom elementinin 90 faizdən çoxu itkiyə gedir. Emal olunmuş və tərkibi dəyişikliyə uğramış qidalardan istifadə edənlər özləri də bilmədən xrom elementindən məhrum olur, yaxud da onun qıtlığı ilə üzləşirlər. Bunun nəticəsində orqanizmin toxuma və hüceyrələrində olan şəkərin miqdarı xeyli aşağı düşür və nəticədə şəkərli diabetin yaranmasına aparıb çıxarır. Xromun normadan az olması isə qıcıqlanma, əsəbi vəziyyət, susuzluq və s. hallara səbəb olur”.

Bioloq-alim söhbətinə davam edərək deyib: “Xrom tərkibli qida və preparatların müntəzəm şəkildə qəbulu nəticəsində bir çox xəstəliklərin tam və ya nisbi sağalması prosesi gedir və buna misal olaraq maddələr mübadiləsinin pozulmaları, xüsusən də piylənmə, hipoqlikemiya, insult, hipertoniya, Kron və Menyer xəstəlikləri, kolit, xora, qastrit, dağınıq skleroz, miqren, epilepsiya və bir çox psixoloji pozulmaları göstərmək olar. Söhbətə davam edən bioloq-alim daha sonra deyib: “Orqanizmdə insulin mübadiləsinin pozulması, piylənmə və xrom qıtlığının yaranması ürək xəstəliklərinin əmələ gəlməsinə birbaşa təsir göstərir. Daha doğrusu, xrom çatışmazlığı zamanı qanın tərkibində xolesterin və triqliseridlərin miqdarı artır, arterial damarların daxili mənfəzi çirklənir və bütün bunların nəticəsində damarların daralma prosesi baş verir və son nəfəsdə qan təzyiqi yüksəlir. Qanın tərkibində olan qlükozanın səviyyəsini birbaşa tənzimləyən faktor xromun miqdarıdır. Deməli, qocalma prosesində birbaşa iştirak edən element xromdur, daha doğrusu, yaşlandıqca orqanizmdə ona olan tələbat artır”.