HƏM BEŞİYİM, HƏM MƏZARIM MƏNİM DOĞMA TORPAĞIM

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

HƏM BEŞİYİM, HƏM MƏZARIM MƏNİM DOĞMA TORPAĞIM

22 Fevral 2018
 

Bəzən insan ağlı böyük həqiqətləri dərhal dərk edə bilmir!

Böyük həqiqətlər isə hərdən təsəvvürə gəlməz qədər sadə olurlar!
Həm də həqiqətə çatmanın zamana möhtac olduğu məqam da var.
Torpağı, suyu, odu, səmanı və Günəşi Allah yaradıb!
Bunlarsız yaşayış yoxdur!
İnsana yaşamaq haqqını da Tanrı verib!
Və ondan başqa kimsə “həyat” adlanan bu haqqı yaranmışların ən ucasından almalı deyil!
Amma hərdən alırlar:
Cinayət törətməklə!
Günaha batmaqla!
Tamahının quluna çevrilməklə!
Həddini aşmaqla, qudurmaqla!
Səbrini basa bilməyib əsəbini cilovlamamaqla!
Daha nə bilim, öz əməlinə haqq qazandırmaqdan ötrü uydurduğu min-bir “səbəblə”!
Dünya yaranandan belə olub, indi də belədir, yəqin ki, gələcəkdə də belə davam edəcəkdir!
***
Dünyada hansı hadisə baş verirsə, torpağın üzərində, Günəşin altında və ya işığında, odun, yaxud suyun iştirakı ilə baş verir.
Bunların hamısı o qədər boldur ki, bəzən qədrini bilmirik!
Həm də hər birinin möcüzəli olduğunu dərk etmirik!
Günəşin istisi və işığı tükənməzdir...
Suyun yaratdığı möcüzələri saymaqla qurtarası deyil!
Havasız canlı varlıq yaşamır!
Od ram ediləndə həyat, silaha çevriləndə fəlakətdir!
Torpaq isə müqəddəsdir!
Bəs, adi torpağı müqəddəsləşdirən nədir?
***
Yer kürəsinin üçdəikisi su, üçdəbiri torpaqdır.
Amma su da - ucsuz-bucaqsız dənizlər, okeanlar torpaq üzərində qərar tutur.
Əslində, dənizi və okeanı da “yaşadan”, saxlayan torpaqdır!
Torpağın üzərində göllər yaranır, çaylar axır.
Meşələr bitir, canlı varlıqlar yuva qurur, yem əldə edir, Allahın istədiyi və ya günah saydığı hadisələr baş verir.
Torpağa düşən kiçik toxumdan nəhəng palıd ağacı əmələ gəlir, rəngbərəng güllər-çiçəklər bitir, bütün canlıları yedirdən, geyindirən, yaşadan bol nemətlər yaranır.
Eyni torpaq gah acı, gah şirin meyvə, gah şəfaverici, gah zəhərləyici bitki, gah da ağlagəlməz dərəcədə müxtəlif rəngli və ətirli flora yaradır.
Bax bunlardır torpağın möcüzəsi: müxtəlif, gərəkli, yaşadan, artıran, həyat verən...
Sadaladıqlarımızın hamısı torpağın qeyri-adiliyini, təkrarsızlığını, gücünü, qüdrətini, imkanlarını göstərir.
Amma bunların heç biri nə təklikdə, nə də cəm şəkildə torpağı müqəddəsləşdirə bilmir!
TORPAQ VƏTƏNƏ ÇEVRİLƏNDƏ MÜQƏDDƏS OLUR!
***
Yer üzərindəki torpaq nə artır, nə də əskilir!
Təzə torpaq istehsalı da mümkün deyil!
Odur ki, bineyi-qədimdən insanlar torpaqlarını artırmaq üçün müharibələr törətmiş, başqasına məxsus əraziləri ələ keçirməyə çalışmışlar!
Torpağın üzəri müharibə meydanına, ölüm-dirim savaşına çevriləndə növrağı çönür, ona tapınanlar min bir əziyyətə düçar olur, bəzən həyatdan məhrum olurlar!
Ən dəhşətlisi də odur ki, Vətəndən qaçaq, uzaq düşürlər!
Bu faciəyə düçar olanlara “qaçqın”, yaxud “məcburi köçkün”
deyirlər!
Təzə adları isə “miqrant”dır!
Amma nə ad qoysalar da, mahiyyətcə vətənsiz sayılan insanlardır.
Hətta bəzən Vətəndə Vətənsiz qalanlardır!
***
Torpağı müqəddəs edən Vətəndir!
Vətən isə sərhədləri bəlli olan torpaqdır!
Şərti işarələrlə göstərilən həmin “sərhəd” pozulanda Vətən yaralanır, ağrıyır, haray salır!
Vətənin hər parçası, hər guşəsi əzizdir, müqəddəsdir!
Amma onun lap kiçik bir hissəsi var ki, o, bizə daha yaxındır:
Ora doğulduğumuz məkandır, göz açdığımız evdir, beşiyimiz qoyulan otaqdır, göz açanda ilk dəfə gördüyümüz həyətdir, ayaq açıb yeridiyimiz ilk küçədir!
İndi həmin torpağa həm də “işğal olunmuş ərazi” deyirlər!
Dünya üçün ora “işğal olunmuş ərazi” sayılsa da, bizim üçün hər şeydir!
ÇÜNKİ:
O torpaqda ilk dəfə ruhumuzu oxşayan ana laylasını eşitmişik!
O torpaqda məktəb illərimiz, əlifbanı öyrəndiyimiz günlər tarixə çevrilib!
O torpaqda ilk müəllimlərimiz, mehriban qonşularımız, barlı ağaclarımız, gül kollarımız qalıb!
O torpaqda yerlə-yeksan edilən, başdaşları sındırılan qəbirlərimiz durur!
O torpaqda bizi o yerlərə bağlayan xatirələrimiz yaşayır!
“Məcburi köçkün” çağırılanların hamısı bir zamanlar həmin torpağa gömüləcəklərini güman edirdilər...
Heyhat! Bu adi istəyi də Tanrı hamıya qismət etmədi.
İndi ölkəmizin bütün guşələrində öz vəsiyyətlərinə görə “müvəqqəti qəbir”lərə qoyulanlar “doğma qəbiristanlıq”dakı əzizlərinin yanına köçürüləcəkləri günü “gözləyirlər”.
Vəsiyyət sahiblərinin boynumuzda çox ağır “babal yükü” var!
Onların son istəyini gerçəkləşdirməliyik!
Həm də Tanrının dərgahına şüğülzümmə getmək olmaz!
***
Torpağı müqəddəsləşdirən həm də ora tökülən şəhid qanıdır!
İşğal altında qalan iyirmi faizlik ərazidə doğma Azərbaycanımızın xəritəsini əks etdirən 20 min şəhid qanı axıb.
Vətən torpağı şəhidlər üçün ipəkdən yumşaq, ana qucağından rahatdır!
Şəhidlər də müqəddəsdir, çünki müqəddəs torpaq uğrunda canlarından keçiblər!
Bununla da həm özlərini, həm də Vətəni ucaldıblar!
Nakam ömür yaşayan şəhidlərimiz bizim boynumuza bir borc yükü də qoyublar:
Onların candan əziz tutduqları Vətən torpağını murdar ləpirlərdən təmizləməliyik!
Həm də hamımız birlikdə, əl-ələ verərək!
Bu müqəddəs borc, müqəddəs missiyadır!
Bu yolda həmin şəhidlərin cərgəsinə qoşulmaq da şərəfdir!
Biz bunu bacarırıq!
Biz bunu bacarmışıq:
20 min şəhid verməklə!
Aprel savaşında düşməni darmadağın etməklə!
Müharibənin gedişində dönüş yaradaraq Cocuq Mərcanlıya qayıtmaqla!
Artıq bizim qüdrətli və vətənpərvər ordumuz var!
Bizim İlham Əliyev kimi sərkərdəmiz var!
AZƏRBAYCAN OĞLU, BİR AN BELƏ UNUTMA SƏN:
Bu gün yağı düşmənin viran qoyduğu Cənnət Qarabağ bizimdir!
Bizim olub!
Bizim olacaq!
O torpaqda qəribçilik çəkən şəhidlər də bizimdir!
Hər zaman Vətənə qürur və şərəf gətirən şəhidlər!
Biz Vətən sevgisilə güclüyük!
Biz yumruq kimi bir olub düşmən üzərinə gedəndə güclüyük!
Biz torpaq uğrunda döyüşəndə məğlubedilməzik!
Beşiyimiz və məzarımız olan, müqəddəs bilib baş əydiyimiz Vətən bizdən kömək gözləyir!

 

Bəxtiyar SADIQOV