Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Avropanın əsas qaz təchizatçılarından birinə çevrilir

18 Fevral 2018
 

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti toplantısının iştirakçıları ölkəmizin həm də etibarlı tərəfdaş olduğunu vurğuladılar

 

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı da Bakıda keçirildi. Bu mühüm tədbirə Azərbaycanın evsahibliyi etməsinin ənənəvi hal alması ölkəmizin “Cənub qaz dəhlizi” kimi mühüm bir layihənin təşəbbüskarı və lideri olduğunu təsdiqləyir. Növbəti toplantı da Azərbaycanın güclü beynəlxalq əməkdaşlıq formatı yaratdığını və qarşıdakı onilliklərdə dünya bazarlarının etibarlı enerji təchizatçısı olacağını bir daha bəyan etdi.
2015-ci ilin fevral ayında Məşvərət Şurasının ilk toplantısı keçirildi. Çünki layihənin həyata keçirilməsi üçün səylərin əlaqələndirilməsinə başlamaq əsas şərt idi. Məşvərət Şurasının toplantısı bu istiqamətdə mühüm rol oynadı. Uğurlu əməkdaşlıq növbəti illərdə də davam etdirildi və Məşvərət Şurasının ikinci iclası 2016-cı ilin, üçüncü toplantısı 2017-ci ilin fevral aylarında keçirildi.
Bu il fevralın 15-də keçirilən dördüncü toplantıda “Cənub qaz dəhlizi” layihəsi üzrə ötən bir il ərzində görülən işlər müzakirə olundu. Qeyd edildi ki, layihə uğurla irəliləyir.
Xatırladaq ki, “Cənub qaz dəhlizi” layihəsi dörd mühüm seqmentdən ibarətdir. İlk iki hissə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsindən hasilata başlanması, “Şahdəniz-1” qazını Gürcüstan-Türkiyə sərhədinədək daşıyan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) yeni həcmləri qəbul etmək üçün genişləndirilməsidir. Dəhlizin “onurğa sütunu” adlandırılan TANAP (Transanadolu Qaz Boru Kəməri) Türkiyənin ərazisi boyu 1850 kilometr məsafə qət edir. Bu kəmər Gürcüstan-Türkiyə sərhədindən başlayaraq Türkiyə-Yunanıstan sərhədinədək uzanır. Sonuncu seqment isə TAP-dır (Transadriatik Qaz Boru Kəməri). Bu boru xətti TANAP-la birləşərək Yunanıstanın, Albaniyanın ərazisindən, Adriatik dənizinin altından keçir və İtaliyanın cənubunda quru sahəyə çıxır.
Bu il layihə üçün əlamətdar bir il olacaq. Belə ki, hazırda “Şahdəniz-2”nin ilk qazını qarşılamaq üçün son addımlar atılır. CQBK-nın həm Azərbaycandan, həm də Gürcüstandan keçən hissələrində genişləndirmə işləri demək olar ki, yekunlaşıb. Cari ildə eləcə də “Cənub qaz dəhlizi”nin ən böyük hissəsi olan TANAP-ın istifadəyə veriləcəyi gözlənilir. TAP-ın çəkilişində işlər uğurla davam edir. Odur ki, Məşvərət Şurasının toplantısında bütün dəhliz boyu yaxın vaxtlarda görüləcək işlər geniş müzakirə olunub və layihənin icra vəziyyəti qaneedici sayılıb.
Toplantıda Azərbaycan tərəfi yaranmış əməkdaşlıq formatının səmərəli olduğunu və bunun daha yaxşı nəticələrə yol açacağını bəyan edib: “Cənub qaz dəhlizi” layihəsi Azərbaycanın indiyədək çox uğurlu olan və Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir. Biz enerji ehtiyatlarından istifadə edərək qeyri-neft sektoru, insan kapitalı və infrastruktura investisiya yatırmışıq, bununla da iqtisadiyyatımızın uzunmüddətli davamlı inkişafını təmin etmişik. Sözsüz ki, bizim əvvəlki illərdə Azərbaycanda həyata keçirdiyimiz layihələr “Cənub qaz dəhlizi”nin reallaşması üçün güclü bünövrə yaradıb”.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviçin budəfəki toplantıda da iştirak etməsi tədbirin əhəmiyyətini vurğulayan amillərdəndir. M.Şefçoviç layihənin uğurla həyata keçirilməsində Məşvərət Şurasının toplantılarının əhəmiyyətini bir daha qeyd etmişdir: “Bu layihəni ilk dəfə müzakirə etdikdən sonra “Cənub qaz dəhlizi”nin əhəmiyyəti artdı. Biz bu layihənin Avropada daha da çoxsaylı ölkələr üçün necə də cəlbedici olduğunu gördük, istər Mərkəzi, istər Şərqi Avropa olsun, istərsə də Qərbi Balkan ölkələri. Buna görə, bu layihənin ötən ilin noyabr ayında qəbul olunan Şərq Tərəfdaşlığı Sammitinin Bəyannaməsində strateji əhəmiyyət daşıyan layihə kimi göstərilməsi də çox aydın idi. Avropa İttifaqı adından biz bu uzun boru kəmərinin bütün əsas komponentlərinin ümumi maraq dairəsi statusuna malik olan layihə çərçivəsində işlənilməsini və Avropa qurğularının birləşməsindən faydalanmasını təmin etməklə bu layihənin strateji əhəmiyyətini vurğulamaq istəyirik”.
Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı işini plenar sessiya ilə davam etdirdi. Azərbaycanın energetika naziri Pərviz Şahbazov bütün seqmentlər üzrə işlərin cədvələ uyğun getdiyini qeyd etdi. Layihənin əhatə etdiyi bütün ölkələrdə sosial inkişafa təkan verdiyini, yeni iş yerlərinin yaradıldığını diqqətə çatdırdı.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak ötən aydan TANAP boru xəttinə sınaq məqsədilə təbii qaz vurulduğunu bildirdi. Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kunsişvili “Cənub qaz dəhlizi”nin Gürcüstanın inkişafında müstəsna rola malik olduğunu vurğulamaqla yanaşı, layihənin icrası ilə bağlı tərəfdaş ölkələrin göstərdiyi səyləri yüksək qiymətləndirdi.
İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto enerji marşrutlarının şaxələndirilməsi baxımından layihənin önəmini vurğuladı. Əsas seqmentlərdən biri olan TAP-ın İtaliya və Balkan regionu üçün əhəmiyyətini bir daha qeyd etdi. ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən xanım Syu Saarnio bildirdi ki, Amerika Birləşmiş Ştatları hökuməti Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan “Cənub qaz dəhlizi” layihəsini hər zaman qəti surətdə dəstəkləyib.
Gələcəkdə interkonnektorların tikilməsi Azərbaycan qazının təkcə “Cənub qaz dəhlizi” layihəsində iştirak edən ölkələrə deyil, digər ölkələrə də çatdırılmasına imkan yaradacaq. Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi xanım Baronessa Emma Nikolson Azərbaycanın Avropa qaz bazarında etibarlı təchizatçı olduğunu dedi. Eləcə də Birləşmiş Krallıqla Azərbaycan arasında, o cümlədən BP ilə SOCAR arasında enerji əməkdaşlığından qürur duyduqlarını söylədi.
Qeyd edək ki, Məşvərət Şurasının budəfəki toplantısına ilk dəfə olaraq Türkmənistan nümayəndəsi də qatılmışdı. Bu ölkəni Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayev təmsil edirdi. O da layihənin uğurla irəliləməsindən məmnunluğunu bildirdi. Tədbirdə iştirak edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, TANAP-ın baş direktoru Saltuk Düzyol, TAP-ın icraçı direktoru Luka Şirati və başqaları layihə üzrə görülmüş işlər və qarşıda duran vəzifələr ətrafında geniş müzakirələr apardılar.
Tədbirin sonunda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının iştirakçıları görüşün yekunlarına dair “Birgə Bəyannamə” də imzaladılar.

F.SADIQLI,
“Azərbaycan”