Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Biz o günü görəcəyik

18 Fevral 2018
 

Qarabağ savaşında neçə-neçə şəhid verdik. Çox sayda vətən oğulları döyüşlərdə sağlamlığını itirdi. Döyüşlərin birində mən də ağır yaralanıb huşumu itirdim. Xəstəxanada ayılanda hiss etdim ki, ayağım kəsilib. Qolumdan və sinəmdən də ağır yaralar almışdım. Sağ qalmağım Allahın möcüzəsi idi.

O vaxtdan uzun illər keçsə də, məni döyüş bölgəsindən çıxarıb xəstəxanaya çatdıran əsgər dostlarımın fədakarlığını, həkimlərin qayğıkeşliyini minnətdarlıqla xatırlayıram.

Dövlət tərəfindən vətənimizə xidmət göstərən, lazım gələndə bu yolda canından keçənlər, sağlamlıqlarını itirənlər heç vaxt unudulmur, yaddan çıxmır. Onların sırasında mən də varam.

Məhz belə qayğı sayəsində İran İslam Respublikasında dövlət vəsaiti hesabına müalicə olunmuş, xaricdə istehsal edilmiş protezlə təmin edilmişəm. İldə iki dəfə tibbi müayinədən pulsuz keçirəm. Mənə təmənnasız minik avtomobili verilib. Ailəm dövlət hesabına geniş və rahat mənzillə təmin olunub. Aldığım təqaüd zəruri ehtiyaclarımızı ödəyir. “Vətən naminə” və “Vətənpərvərlik işində xidmətinə görə” medalları ilə təltif olunmuşam.

Hörmətli redaksiya! Məlumdur ki, aprel ayında ölkəmizdə prezident seçkiləri keçiriləcək. Prezidentliyə namizədlərdən biri cənab İlham Əliyevdir. Mən ona səs verəcəyəm. Çünki onun rəhbərliyi ilə ölkəmiz çox inkişaf edib. Ordumuzun hərbi qüdrəti qat-qat artıb. Əsgərlərimiz 2016-cı ilin aprel ayında keçirilən döyüşlərdə bunu əyani şəkildə düşmənə və bütün dünyaya göstərdi.

Yeni Azərbaycan Partiyasının VI qurultayında cənab İlham Əliyev qətiyyətlə belə bir fikir səsləndirdi ki, İrəvan bizim tarixi torpaqlarımızdır. Biz azərbaycanlılar bu tarixi torpaqlara qayıdacağıq. Siyasi şərhçilər deyirlər ki, bu bəyanat erməni dairələrini xofa salıb. Ermənistanın təcridi işğalçı ölkənin vətəndaşlarını ciddi narahat edir, zaman Azərbaycanın xeyrinə, Ermənistanın əleyhinə işləyir. Demək, işğal altında olan torpaqlarımızın azad olmasına çox qalmayıb. Tezliklə biz o günü görəcəyik. Bunun üçün ölkəmizin həm iqtisadi, həm də hərbi qüdrəti var. 

 

Habil HÜSEYNOV,

Tərtər rayonu, Qaradağlı kənd sakini