Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlətimizin iqtisadi qüdrəti artdıqca həyat şəraitimiz də yaxşılaşır

18 Fevral 2018
 

Bu gün iftixar hiss ilə deyə bilərik ki, ölkəmiz sürətlə irəliyə doğru addımlayır. Ölkə rəhbərinin uzaqgörən siyasəti sayəsində iqtisadiyyatımız gündən-günə inkişaf edir. Söz yox ki, bu inkişafı gündəlik həyatımızda hiss edirik. Nəinki paytaxt Bakıda, eləcə də bölgələrdə həyata keçirilən infrastruktur layihələri keçmişdən qalmış bir çox problemləri aradan qaldırmış, insanların həyat şəraitini daha da yaxşılaşdırmışdır.

Elə götürək bizim yaşadığımız Samux rayonunun Lək kəndini. Sovetlər vaxtından yığılıb qalmış çoxlu sayda problemlərin olması sakinlərin bu kənddən getməsinə səbəb olmuşdu. Müstəqillik bərpa olunandan sonra başqa bölgələrdə olduğu kimi, bizim kənddə də yenidənqurma işləri həyata keçirildi. İndi demək olar ki, kənddə heç bir problem qalmayıb. Qaz, su, elektrik enerjisi təminatı ən müasir səviyyədədir.

Daqlıq Qarabağ müharibəsi başlayanda cəbhəyə könüllü gedən oğullardan biri də mənəm. Dağlıq Qarabağın bir neçə bölgəsində vuruşmuşam. Növbəti döyüş zamanı ağır yaralanaraq, xəstəxanaya düşmüşəm. Həkimlərin səyi ilə yenidən həyata qayıtmış və birinci dərəcəli əlillik statusu almışam. 4 ailə üzvümlə birlikdə köhnə və qəzalı vəziyyətdə olan birotaqlı evdə yaşayırdım. Bu yaxınlarda mənə dedilər ki, dövlət tərəfindən inşa edilən evlərdən birini sənə verəcəklər. Həyat yoldaşım Ülviyyə ilə böyük sevinc hissi keçirdik. İndi gözəl və yaraşıqlı bir evdə yaşayırıq. Şəhid ailələrinə və müharibədə əlil olmuş insanlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə ailəmiz adından minnətdarlığımı bildirirəm.

 

Arzuman NƏBİYEV,

Samux rayonu, Lək kənd sakini