Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əl-qolunuzu çırmayıb əməklə məşğul olun

18 Fevral 2018
 

Həyatda çətinliyə düşməyən az insan tapılar. Mənim ailəm də belə bir vəziyyətə düşmüşdü. Maddi durumumuz ağırlaşmışdı, gəlir yerimiz də yox idi. Lakin “hər bağlı qapının bir açarı olur”, - deyirlər. 2016-cı ilin yay ayları idi. 5 uşağımı da götürüb rayon icra hakimiyyətinə getmişdim. Fikrim maddi yardım istəmək idi...

İcra hakimiyyətində bizə qayğı ilə yanaşdılar, izah etdilər ki, birdəfəlik yardım çıxış yolu deyil, ailəni saxlamaq üçün sabit gəlir - iş, məşğuliyyət olmalıdır. Yol da göstərdilər, iş təklif etdilər: pambıqçılıqla məşğul olmağı məsləhət gördülər. Beləcə, ailəliklə pambıq sahələrinə çıxdıq - mən tarlaları suladım, ailə üzvlərim qulluq edib sonda məhsulu topladılar. Nəticədə ailəliklə 4 min manat pul qazandıq. Ötən il də eyni qaydada 12 hektar pambıq sahəsindən 6 min manat mənfəət götürdük. Nəhayət, ailəmin maddi vəziyyəti düzəlib. Hətta evimizin dam örtüyünü təzələmişik, yeni tövlə tikmişik. Bu il daha böyük pambıq sahəsi götürmək fikrindəyik...

Ailənin, uşağın üzünə dik və qürurla baxmaq üçün halal zəhmətlə çörək qazanmaq ən doğru yoldur. Bizə bu faydalı yolu göstərənlərə minnətdarlığımı ifadə etməklə yanaşı idarə-müəssisə önündə maddi yardım üçün boynunu büküb gözləyənlərə də eyni məsləhəti  verirəm: əl-qolunuzu çırmayıb əməklə məşğul olun. Kənd təsərrüfatında gəlirli sahə çoxdur. Bacardığınız  işin qulpundan tutub heç kimdən asılı olmadan pulunuzu qazanıb ailənizi saxlayın.

 

Elçin RƏHİMOV,

Kürdəmir rayon Qarasaqqal kəndinin sakini