Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dəfnəçiliyi də dirçəltmək mümkündür

18 Fevral 2018
 

Bir vaxtlar cənub bölgəsində əhalinin məşğul olduğu və yaxşı qazanc əldə etdiyi sahələrdən biri dəfnəçilik olub. İndi isə dəfnə ağacları Lənkəran və Astara rayonlarının bəzi həyətyanı sahələrində yalnız dekorativ bitki kimi yetişdirilir.

Lənkəran Dövlət Universitetinin dosenti, bioloq-alim Məmmədhüseyn Hüseynov deyir ki, Azərbaycanda dəfnəçilik 1930-cu illərdən yayılmağa başlayıb. Lənkəran və Astara rayonları ərazisində geniş sahələrdə becərilən dəfnə ağacları gözlənildiyindən də yaxşı nəticə verib. Sonralar bu sahə genişləndirilərək 100 hektarlarla ərazini əhatə edib. O dövrdə Astara rayonunun Kijəbə qəsəbəsi ərazisində subtropik sovxoz yaradılmışdı. Həmin sovxozda dəfnəni əvvəlcə sınaq kimi yetişdirməyə başladılar. Gördülər ki, nəticəsi yaxşıdır, daha geniş sahələrdə əkib dəfnəçilik briqadası yaratdılar. Sovxozun ərazisindəki dəfnə plantasiyalarında çalışanlar yarpaqları yığıb qurudaraq konserv zavoduna təhvil verib yaxşı pul alırdılar.

Bioloq alim deyir ki, dəfnə plantasiyalarının 1 hektarından 3,5-4 ton məhsul tədarük etmək mümkündür. Dəfnənin becərilməsi də çox vəsait tələb etmir. Heç həyətyanı sahələrdə bu bitkinin suvarılmasına ehtiyac da yoxdur. Dəfnə ağacı həm quraqlığa, həm də 20 dərəcə şaxtaya dözümlüdür. O dövrdə dəfnə yarpaqlarını qəbul edən tədarük məntəqələri fəaliyyət göstərirdi. 200 kiloqram məhsul verən 1000-1500 manat pul ala bilirdi. O vaxt bu, böyük məbləğ idi.

Dünyanın əksər ölkələrində indi də dəfnə yarpağı tibbi və kosmetik şirkətlərə yüksək qazanc gətirir. Belə ki, dəfnə ağaclarının həm yarpaqlarından, həm də toxumlarından geniş istifadə olunur. Dəfnənin tərkibində olan qiymətli efir yağlarından bədəndəki artıq piylərin əridilməsi, qaraciyərin, üzdəki sızanaqların, ağız boşluğundakı yaraların müalicəsində geniş istifadə olunur. Kosmetik vasitələrin bir çoxunun tərkibində dəfnə efiri var.

Mütəxəssislər bildirirlər ki, əgər qəbul məntəqəsi yaradılıb ixrac məsələsi öz həllini tapsa, qısa müddətdə bu gəlirli sahəni ölkəmizin cənub rayonlarında yenidən dirçəltmək olar.

 

Ağaddin BABAYEV,

“Lənkəran” qəzetinin əməkdaşı