Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Daha özümü cəmiyyətdən ayrı saymıram

18 Fevral 2018
 

Hörmətli redaksiya!

Mən anadangəlmə əliləm. Əvvəllər evdə əl arabasında oturub düşünürdüm ki, görəsən, nə vaxtsa bir işin qulpundan yapışıb insanlara fayda verə bilərəmmi? Xeyli götür-qoydan sonra ev şəraitində müxtəlif əl işləri hazırlamağa başladım. Valideynlərim də mənə dəstək oldular. Lazım olan materialları alıb gətirdilər. Müxtəlif parçalardan bəzək əşyaları düzəltdim. Əl işlərim görənlərin xoşuna gəldi. Ruhlanıb işə daha ürəkdən girişdim. Sonra qərara gəldim ki, rayonumuzda, eləcə də ətraf bölgədə olan fiziki qüsurlu gəncləri bir araya gətirib, satış sərgi açaq. Sağ olsunlar, rayonda hamı bu arzumu gerçəkləşdirmək üçün kömək göstərdi. Bu yaxınlarda rayonumuzda 12 əlil gəncin 100-ə yaxın əl işlərindən ibarət satış-sərgi açıldı. Sərgiyə gələnlər işləri bəyənib çox hissəsini aldılar. Sərgidə özümün də 6 əl işim satıldı. Evimizə əlidolu qayıtdıq. Bax, onda bildim ki, insan nə qədər fiziki cəhətdən qüsurlu olsa da, həvəs, arzu onu cəmiyyətin fəal üzvünə çevirə bilər.

Bu məktubu da ona görə yazdım ki, əlil insanlar heç vaxt ruhdan düşməsinlər. Onlar da arayıb axtarsalar, həyatlarını mənalı qura bilərlər. Axı, ölkəmizdə fiziki cəhətdən qüsuru olan insanların cəmiyyətə inteqrasiyası dövlət səviyyəsində diqqət mərkəzində saxlanılır. Bunu öz timsalımda görürəm.

 

Mətanət QULİYEVA,

Şəmkir rayon sakini,

I qrup əlil