Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın müəllifi olduğu növbəti qlobal layihənin bütün seqmentlərinin icrası uğurla yekunlaşmaq üzrədir:

17 Fevral 2018
 

“Şahdəniz-2” - 99 faiz, CQBK - 95 faiz, TANAP - 95 faiz, TAP - 70 faiz...

 

Son illər özünün keyfiyyətcə yeni iqtisadi modelini formalaşdıraraq Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafı ilə yanaşı nəhəng layihələrin gerçəkləşməsində mühüm rol oynayan müstəqil Azərbaycan həm də dünyanın əsas neft-qaz ixracatçısına çevrilir. Beynəlxalq qlobal layihələrin həyata keçirilməsində müstəsna rol oynayan respublikamız etibarlı tranzit ölkə kimi strateji tərəfdaşlarının sayını da artırır.

 

Regionları və qitələri birləşdirən kəmərlər

 

Fevralın 15-də Bakıda “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin dördüncü toplantısında səslənən fikirlər Azərbaycanın müstəqil siyasəti və reallaşdırdığı meqalayihələrə görə təkcə Qafqaz regionunda deyil, dünya birliyində də böyük nüfuz sahibinə çevrildiyini bir daha təsdiqlədi.
Toplantıda vurğulandı ki, bu gün Azərbaycanın gerçəkləşdirdiyi iki əsas enerji layihəsi - “Azəri-Çıraq-Günəşli” və “Cənub qaz dəhlizi” regional əməkdaşlıqla bağlı məsələlərdə mühüm rol oynayır və Avropada enerji təchizatını şaxələndirməyə kömək edir.
Xatırladaq ki, ötən il Bakıda müddəti 2050-ci ilədək uzadılan “Əsrin müqaviləsi” ilə Azərbaycan bir daha dünyaya öz enerji ehtiyatlarını nümayiş etdirdi. “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövrün başlanması Azərbaycanın gələcək dinamik inkişafına, maliyyə imkanlarının genişləndirilməsinə, dünya miqyasında öz mövqeyini daha da gücləndirməsinə əlverişli zəmin yaratdı. Yeni sazişə əsasən ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, AÇG-yə 40 milyard dollardan artıq sərmayə qoyulacaq. Qarşıdakı onilliklər ərzində ölkəmiz dünyanın ən böyük neft yataqlarından biri olan “Azəri-Çiraq-Günəşli”dən faydalanacaq.

 

40 milyard dollarlıq layihə

 

Bu gün reallaşmaqda olan “Cənub qaz dəhlizi” layihəsi enerji təhlükəsizliyi layihəsidir. 40 milyard dollar sərmayə ilə həyata keçirilən, uzunluğu 3 min 500 kilometr və 4 seqmentdən ibarət (“Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP) olan bu layihənin reallaşdırılması prosesi artıq həlledici mərhələyə daxil olub.
“Cənub qaz dəhlizi” layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçən boru kəmərləri ilə Avropaya çatdıracaq. Bu nəhəng layihə ilə Azərbaycan dünyanın sayılan qaz ixracatçılarından biri olacaq. “Cənub qaz dəhlizi”nin nəqletmə gücü sonralar ildə 31 milyard kubmetrə qədər artırılacaq. Layihənin icrası Azərbaycanın karbohidrogen satışından və nəqlindən təxminən 30-50 milyard dollar gəlir əldə etməsinə imkan verəcək.

 

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni format yaranır

 

Uğurla reallaşdırılan “Cənub qaz dəhlizi” layihəsinin 4 seqmenti üzrə işlər tamamlanmaqdadır. Artıq “Şahdəniz-2” yatağı üzrə işlərin 99 faizdən çoxu tamamlanıb. Müqayisə üçün, bir il əvvəl bu rəqəm 90 faiz olub. Cənubi Qafqaz Boru Kəməri ilə bağlı işlərin təxminən 95 faizi tamamlanıb. Xatırladaq ki, bir il əvvəl bu rəqəm 90 faiz idi. TANAP-ın icrası 95 faizə yaxınlaşır. Bir il əvvəl isə bu, 70 faizə yaxın olub. Layihə çərçivəsində Azərbaycan təbii qazının bu il Türkiyəyə, 2020-ci ilədək isə Avropaya nəql edilməsi planlaşdırılır.
Məşvərət şurasında qeyd edildiyi kimi, bu, 2017-ci il layihənin icrasında həlledici il olub. Bütün bunlar inkişaf, sabitlik, proqnozlaşdırılma imkanı deməkdir və əməkdaşlığa yol açır. Çünki bu gün “Cənub qaz dəhlizi”nin iştirakçısı olan ölkələr Azərbaycanın çox yaxın tərəfdaşlarıdır. Azərbaycan artıq bu ölkələrin böyük əksəriyyəti ilə strateji tərəfdaşlığa dair bəyannamələr imzalayıb. Hazırda Azərbaycan Avropa İttifaqı ilə danışıqlar aparır və yeni tərəfdaşlıq sazişi də ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlıq üçün yeni format yaradacaq.

 

Azərbaycan bu il “Cənub qaz dəhlizi”nə 1,3 milyard dollar xərcləyəcək

 

Bu il “Cənub qaz dəhlizi” layihəsinə təqribən 1,3 milyard dollar həcmində vəsait ayrılacaq. Bundan “Şahdəniz-2” layihəsinə (mövcud “Şahdəniz-1” layihəsi daxil olmaqla) 232 milyon dollar, Cənubi Qafqaz Boru Kəməri layihəsinə 144 milyon, TANAP layihəsinə 728 milyon və TAP layihəsinə 182 milyon dollar xərclənməsi nəzərdə tutulur.
Bu bir həqiqətdir ki, investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə strateji əhəmiyyətli layihələrdə nümunə göstərən, regional gücə çevrilən Azərbaycan son 15 ildə öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanaraq dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilib.
Cənubi Qafqazda ən böyük investisiya layihələrinə sahib olan Azərbaycanın iştirakı ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və inşası bu gün də davam edən “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri kimi milyardlarla investisiya yatırılan bu layihələr Azərbaycanın nəyə qadir olduğunu sübuta yetirir.

 

Azərbaycan yeni qaz ehtiyatları ilə Avropa bazarına daxil olmağa hazırdır

 

Azərbaycanın yeni neft-qaz yataqları onu deməyə əsas verir ki, respublikamız hələ uzun müddət Avropanın qaz təchizatçısı olacaq. Ölkəmizin beynəlxalq əməkdaşlığa cəlb olunacağına ümid bəslənilən başqa bir yatağı “Qarabağ” adlanır. Həmçinin böyük qaz potensialı olan iki yataq - “Dan ulduzu” və “Əşrəfi” də gələcək qaz təminatçısıdır. Beləliklə, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları “Şahdəniz” yatağından iki dəfədən artıq çoxdur: 2,6 trilyon kubmetr qaza bərabərdir.
Xatırladaq ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda “Azəri-Çıraq-Günəşli” yataqlarının ehtiyatları 500 milyon tondan bir qədər çox qiymətləndirilirdi. Hazırda isə bu rəqəm iki dəfə çox - 1 milyard tona yaxındır. Bu isə o deməkdir ki, Azərbaycan qarşıdakı onilliklərdə dünya bazarlarına enerji ehtiyatlarının etibarlı, uzunmüddətli təchizatçısı olacaq. Bu gün Azərbaycan nefti bəzi Avropa ölkələrinin neft istehlakının üçdəbirini və ya daha çox, hətta 40 faizini təşkil edir. Azərbaycan öz qaz ehtiyatları ilə Avropa bazarına daxil olmağa hazırdır.

 

500 milyonluq Avropa bu gün Azərbaycana güvənir

 

“Hazırda Avropa İttifaqı istehlak etdiyi enerjinin yarıdan çoxunu idxal edir, daha dəqiq desək, istifadə etdiyimiz təbii qazın 69 faizini və neftin 89 faizini idxal edirik... Mərkəzi və Şərqi Avropa ölkələri Qərbi Avropa ölkələri ilə müqayisədə təbii qaza görə hələ də bir az baha qiymət ödəyirlər. Bu məsələyə düzəliş edilməlidir və biz daha yaxşı infrastruktur inkişafı vasitəsilə bu problemi, əlbəttə ki, aradan qaldırmaq istəyirik. Buna görə də gələcəkdə biz Xəzər regionundan, Azərbaycandan gələn təchizata çox güvənirik”.
Bu fikirlər Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçə məxsusdur. “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin dördüncü toplantısında çıxış edən vitse-prezident vurğulayıb ki, məqsəd Xəzər hövzəsindən gələn qazın 2020-ci ilə qədər Avropaya çatdırılmasıdır. Sonra isə Azərbaycan qazına ehtiyacı olan bütün ölkələrə qazı çatdırmaq üçün Avropa İttifaqı daxilində və Avropadakı tərəfdaşlarla birgə çalışmaqdır.
Həqiqətən də söylənilən bu fikirlər qürurvericidir. Ona görə ki, bunlar 1990-cı illərin əvvəllərində dağılmaq, dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmiş bir ölkənin qısa zamanda əldə etdiyi uğurun real göstəricisidir. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycanda həyata keçirilən tam müstəqil və qlobal, genişmiqyaslı və çoxşaxəli siyasi-iqtisadi siyasət ölkəmizin müstəqilliyinin, iqtisadi tərəqqisinin təmin edilməsinə yönəldilib.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”