Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas təminatçıları sırasına daxil olur

16 Fevral 2018
 

İLHAM ƏLİYEV ölkəmizin güclü əməkdaşlıq formatı yaratdığını və qarşıdakı onilliklərdə dünya bazarlarına enerji ehtiyatlarının etibarlı təchizatçısı olacağını bəyan etdi

 

* Biz hamımız üçün mühüm əhəmiyyət kəsb edən qlobal layihələr, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi layihələri və regionumuzda beynəlxalq əməkdaşlığı gücləndirəcək layihələr həyata keçirən çox güclü və səmərəli komanda yaratmağa müvəffəq olmuşuq.

 

* 2015-ci ildə Azərbaycan “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdi, çünki biz səylərimizi əlaqələndirməyə böyük ehtiyacın olduğunu aydın başa düşürdük. Əvvəlki illərdə Azərbaycan qonşu ölkələr olan Gürcüstan və Türkiyə ilə birlikdə mühüm enerji layihələri həyata keçirib. Lakin bu dəfə daha çox ölkə və şirkət cəlb olunmuşdu, ona görə də bizim əlaqələndirməyə, maksimum səmərəliliyə ehtiyacımız var idi. Mən çox şadam ki, Avropa Komissiyası bu təşəbbüsü dərhal dəstəklədi və dördüncü toplantı Avropa Komissiyası və Azərbaycan tərəfindən təşkil olunub.

 

* “Cənub qaz dəhlizi” layihəsi Azərbaycanın indiyədək çox uğurlu olan və Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir. Biz enerji ehtiyatlarından istifadə edərək qeyri-neft sektoru, insan kapitalı və infrastruktura investisiya yatırmışıq, bununla da iqtisadiyyatımızın uzunmüddətli davamlı inkişafını təmin etmişik. Sözsüz ki, bizim əvvəlki illərdə Azərbaycanda həyata keçirdiyimiz layihələr “Cənub qaz dəhlizi”nin reallaşdırılması üçün güclü bünövrə yaradıb.

 

* 1994-cü il faktiki olaraq bizim tariximizdə, Azərbaycanda və dünyada neftin inkişafı tarixində dönüş nöqtəsi oldu. Bu, həmçinin Azərbaycanı dünya ictimaiyyətinə təqdim etdi, iqtisadiyyatımıza, xüsusilə də ilkin mərhələdə neft və qaz sektoruna nəhəng investisiyaların qoyulması üçün qapı açdı və Azərbaycanın etibarlı tərəfdaş olduğunu və investorlar üçün maksimum dərəcədə əlverişli investisiya mühiti yaratmaq iqtidarında olduğunu nümayiş etdirdi.

 

* Azərbaycan neft istehsal və ixrac edən ölkədən qaz istehsal və ixrac edən ölkəyə də çevrildi. Bu gün bu iki əsas enerji layihəsi regional əməkdaşlıqla bağlı məsələlərdə mühüm rol oynayır. Bu, regionları və qitələri birləşdirən əsas kəmər infrastrukturunun tikintisini stimullaşdırdı. Bu gün bu iki meqalayihə regionda və Avropada enerji təchizatını şaxələndirməyə kömək edir. Sonra dənizə çıxışı olmayan ölkə kimi beynəlxalq bazarlara çıxışımız olmadığından, biz kəmərlər tikməli olduq və bunun üçün bizim artıq regional əməkdaşlığa ehtiyacımız yarandı.

 

* 2007-ci il də bizim tariximizdə mühüm il olub. Çünki Azərbaycan ilk dəfə qaz ixracatçısı oldu. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışından sonra bizim qazımız Gürcüstan və Türkiyə bazarlarına ixrac olunmağa başladı və bu, eyni zamanda “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub qaz dəhlizi” layihəsi üçün bünövrə yaratdı.

 

* 2012-ci ildə İstanbulda Azərbaycan və Türkiyə Transanadolu - TANAP kəmərinin tikintisi üzrə tarixi sənəd imzaladı. Düşünürəm ki, bu tarix regional inkişaf, əməkdaşlıq bizim ölkələrimiz üçün iqtisadi faydalara güclü təsir göstərəcək. Çünki bu da müasir tarixdə dönüş nöqtəsi oldu. TANAP “Cənub qaz dəhlizi”nin fundamental elementlərindən biridir.

 

* Biz 20 ildən çoxdur “Cənub qaz dəhlizi”nin həyata keçirilməsi istiqamətində irəliləyirik. Bu 20 il uğur, nailiyyətlər, inkişaf, transformasiya və regional əməkdaşlıq illəri olub. Bu gün bizim artıq təkcə Azərbaycan, Gürcüstan, Türkiyə kimi üç ənənəvi müttəfiqi deyil, daha çox ölkəni əhatə edən güclü regional əməkdaşlıq formatımız var.

 

* Biz “Cənub qaz dəhlizi”nin 4 elementinin hamısı ilə bağlı yaxşı irəliləyişə nail olmuşuq. “Şahdəniz-2” yatağı üzrə işlərin 99 faizdən çoxunu tamamlamışıq. Müqayisə üçün, bir il əvvəl bu rəqəm 90 faiz olub. Cənubi Qafqaz Boru Kəməri ilə bağlı işlərin təxminən 95 faizi tamamlanıb, bir il əvvəl bu rəqəm 90 faiz olub. TANAP-ın icrası 95 faizə yaxınlaşır, bir il əvvəl bu, 70 faizə yaxın olub. TAP-ın icrası bir il əvvəlki 34 faizlə müqayisədə 70 faizə yaxın, ola bilsin ki, 66-67 faiz tamamlanıb. Beləliklə, bu, həqiqətən də çox mühüm inkişafdır. Bu, onu göstərir ki, 2017-ci il bəlkə də layihənin icrasında həlledici il olub və hazırda biz yekunlaşmağa çox yaxınıq.

 

* 20 il bundan əvvəl Azərbaycan, Gürcüstan və Türkiyə arasında yaradılmış regional əməkdaşlıq həqiqətən də regionumuzda və Avropada enerji sahəsində inkişafda mühüm rol oynayıb. Çünki bu regional əməkdaşlıq təkcə nəhəng, genişmiqyaslı enerji layihələrinin həyata keçirilməsinə yol açmayıb, həm də regionumuzda sabitlik, proqnozlaşdırılma imkanı və çox səmimi əməkdaşlıq yaradıb.

 

* “Cənub qaz dəhlizi”nin üzvü olan ölkələr Azərbaycanın çox yaxın tərəfdaşlarıdır. Azərbaycan artıq bu ölkələrin böyük əksəriyyəti ilə strateji tərəfdaşlığa dair bəyannamələr imzalayıb. Hazırda biz Avropa İttifaqı ilə danışıqlar aparırıq və yeni tərəfdaşlıq sazişi də Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq üçün yeni format yaradacaq.