İlham Əliyev sahibkarların birmənalı namizədidir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlham Əliyev sahibkarların birmənalı namizədidir

15 Fevral 2018
 

Dünən Bakı Biznes  Mərkəzində “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda konfrans keçirilib. Tədbirdə 200-dən çox sahibkar iştirak edib.

Konfransı giriş sözü ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkə iqtisadiyyatının potensialının daha da yüksəlməsinə şərait yaradıb, Azərbaycanda dayanıqlı və sabit iqtisadi sistem formalaşıb. Ölkədə sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan kompleks və sistemli tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi özəl bölmənin inkişafını sürətləndirmiş, iri şəhərlərlə yanaşı, regionlarda da sahibkarlığın inkişafına əlverişli şərait yaratmışdır. Bütün bunların nəticəsində sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmişdir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlər bölgələrdə iqtisadi potensialın artmasında, infrastruktur təminatının, biznes mühitinin yaxşılaşmasında və əhalinin rifahının yüksəlməsində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, regionların iqtisadi potensialından istifadənin səmərəliliyinin artırılmasında, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsində, məşğulluğun təmin edilməsində sahibkarlığın rolu böyükdür və özəl bölmənin iqtisadi inkişafda önəmi böyükdür.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə  qeyd edib ki, qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafı iqtisadi siyasətin prioritet istiqaməti kimi müəyyən olunub. Vurğulayıb ki, dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi siyasətə uyğun olaraq, sahibkarlıq mühitinin davamlı şəkildə yaxşılaşdırılması, regionlarda infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın maliyyə təminatının artırılması, dövlət-özəl sektor münasibətlərinin inkişafı nəticəsində Azərbaycan iqtisadiyyatında regionların xüsusi çəkisi artmaqda davam edir.

AHİK-in sədri, millət vəkili  Səttar Möhbalıyev  çıxışında dövlət başçısının sahibkarlığın inkişafına böyük önəm verdiyini, ölkənin sosial-iqtisadi inkişafında sahibkarlığın rolunu vurğulayıb. Onun sözlərinə görə, yeni iş yerlərinin yaradılmasında, işsizliyin və yoxsulluğun səviyyəsinin azaldılmasında özəl bölmənin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu baxımdan, işçilərin sosial-iqtisadi  hüquqlarının müdafiəsində həmkarlar təşkilatları ilə yanaşı, sahibkarlar da maraqlı olmalıdır. Səttar Möhbalıyev qeyd edib ki,  AHİK-lə Azərbaycan  Sahibkarlar Konfederasiyası uğurlu sosial tərəfdaşlıq həyata keçirir. Qarşıdakı dövrdə də əsas vəzifəmiz sosial tərəfdaşlar arasında iş birliyini qoruyub saxlamaq, əməkdaşlığı genişləndirmək, regionların iqtisadi inkişafına töhfə verməkdir.

Sonra  Auditorlar  Palatasının sədri Vahid Novruzov, “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri, ASK-nın Rəyasət heyətinin üzvü Abdolbari Goozal, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, ATİB-in İdarə Heyətinin sədri Camal Yanğın, AMCHAM-ın icraçı direktoru Natəvan Məmmədova, Tikinti Materialları İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri, ASK-nın Rəyasət Heyətinin üzvü Elxan Bəşirov, Mebel İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Məşhur Məmmədov,  “CTS- Aqro” MMC-nin direktoru, ASK-nın vitse-prezidenti  Zakir Əzimov çıxış edərək Azərbaycan Respublikası Prezidentinin sahibkarlara daim dəstək göstərdiyini, bu sahədə həyata keçirilən islahatları və qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildirib, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıdan geniş bəhs ediblər.

Tədbirin sonunda “Regionların inkişafında sahibkarlığın rolu” konfransının Bəyanatı oxunub.

(Bəyanat qəzetimizin bugünkü nömrəsində dərc edilmişdir).