Azərbaycana qarşı qərəzli kampaniyalar iflasa məhkumdur

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycana qarşı qərəzli kampaniyalar iflasa məhkumdur

15 Fevral 2018
 

Azərbaycanın beynəlxalq miqyasda getdikcə artan nüfuzu, əldə etdiyi nailiyyətlər ölkəmizə qarşı olan qüvvələri indi daha çox narahat etməkdədir. Bu xüsusda erməni lobbisinin təlaşı isə özünü daha qabarıq surətdə büruzə verir. Çünki mövcud reallıqlar fonunda bir vaxtlar dünyanın müxtəlif ölkələrində Azərbaycana qarşı müəyyən gedişlərin edilməsinə nail olan bu lobbi artıq əvvəlki təsir gücünə malik deyil. İlk növbədə ona görə ki, Azərbaycan zəif ölkə deyil və fəal diplomatiyası sayəsində erməni lobbisini çoxdan yerində oturdub.

İndi dünyada Azərbaycanın mövqeyi ilə daha çox hesablaşırlar. Belə vəziyyətdə antiazərbaycançı qüvvələrinin əl atdığı  yeganə vasitə  ölkəmizə qarşı iftiralar atmaq, qarayaxma kampaniyası aparmaqdır. Amma real durum əslində, belə kampaniyaların da iflasa məhkum olduğunu üzə çıxarır. Bunu Avropanın tanınmış siyasətçilərindən olan İtaliyanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Luka Volonte ilə bağlı olayların timsalında aydın görmək olar.

Xatırladaq ki, bir neçə il öncə Avropa Sabitlik Təşəbbüsü  “Kürü diplomatiyası: Avropa bataqlığı” adlı araşdırma dərc edərək Azərbaycana qarşı yeni iftira kampaniyasına start vermişdi. Burada Azərbaycan parlamentinin üzvlərinin Avropa Şurası Parlament Assambleyasının deputatlarına lobbiçilik əvəzində pul verdiyi iddia olunurdu. Eyni zamanda, həmin araşdırmada L.Volontenin Milli Məclisin iki deputatı ilə vəsaitin necə idarə edilməsi barədə mesajları olduğu vurğulanan məqamlar da yer almışdı.

Daha sonra bu məsələyə İtaliyanın “İl Fatto” qəzetində dərc edilən yazıda geniş toxunuldu. Yazıda iddia edilirdi ki, guya İtaliyanın AŞ PA-dakı nümayəndə heyətində təmsil olunan deputat Luka Volonte 2013-cü ildə Azərbaycan hökumətindən rüşvət alıb. Bu məsələdə Azərbaycandan olan 2 deputatın  adı keçirdi. Elə o vaxt rəsmi Bakı bəyan etdi ki, Azərbaycan hökumətinin italiyalı deputat Luka Volonteyə rüşvət verməsi ilə bağlı iddia əsassızdır. Bu, yalan və iftiradır, Azərbaycana qarşı olan çirkin kampaniyanın bir hissəsidir.

Təsadüfi deyil ki, o vaxt bu məsələ antiazərbaycançı qüvvələr, xüsusən də erməni lobbisi tərəfindən aktiv şəkildə gündəmdə saxlandı. Təəssüf ki, Azərbaycanın daxilindəki bəzi qüvvələr də onlara dəstək verməyə başladı. Hətta AŞ PA-nın 2013-cü il yanvar sessiyasında almaniyalı deputat Kristofer Ştrasserin Azərbaycanda “siyasi məhbuslar” haqqında hazırladığı məruzənin məhz bu pullar müqabilində qəbul olunmadığı gündəmə gətirildi.

Xatırladaq ki, 2013-cü il yanvarın 23-də AŞ PA Almaniyadan olan deputat Ştrasserin “Azərbaycanda 85 siyasi məhbus”la bağlı hesabatını 79 lehinə, 128 əleyhinə olan səslə qəbul etməmişdi. Sonradan iş o yerə gəlib çatdı ki, Milan Prokurorluğunun bu barədə araşdırması başlandı. Prokurorların ittihamına görə, bu qərar guya o zaman İtaliya deputat heyətinin nümayəndəsi kimi Parlament Assambleyasının sədr müavini olan Luka Volontenin “xarici dövlətin siyasi maraqlarını qorumaq” məqsədilə rüşvət alması hesabına təmin edilib. 

Lakin reallıq bu idi ki, AŞ PA çərçivəsində Azərbaycana qarşı olan iradların hamısı əsassız xarakter daşıyırdı. Bu, Luka Volonte ilə bağlı Milan məhkəməsində aparılan araşdırma fonunda özünün bir daha təsdiqini tapdı. Milan məhkəməsində iki il davam edən prosesin nəticəsində bu ittihamın iddiadan ibarət olduğu, Azərbaycan hökumətinin Volonteyə rüşvət vermədiyi və italiyalı siyasətçinin günahsızlığı  ortaya çıxıb.

Yəni, ədalət gec də olsa yerini tapdı. Aydın idi ki, Volonte işində hədəf heç də bu şəxs yox, Azərbaycan idi. Azərbaycana çirkab atanlar isə xarici və daxili olmaqla iki cəbhəyə bölünmüşdülər.  Bunlar xarici cəbhədə erməni lobbisi və onların pulla ələ aldığı avroparlamentarilər, daxili cəbhədə də isə özlərini “milli demokratlar” elan edən qüvvələrdir.

Volonte işinin davam etdiyi iki il ərzində erməni lobbisi bu məsələni zaman-zaman gündəmə gətirərək, ondan AŞ PA-da Azərbaycan nümayəndə heyətinə və ümumilikdə Azərbaycana qarşı istifadə etməyə çalışdı. Daxildə isə iqtidara gəlmək sevdası gözlərini örtmüş kəslər antiazərbaycançı qüvvələrin təxribat oyununu hökumətə qarşı qara piar kampaniyasına çevirməyə cəhd etdi. Amma reallıq tamam fərqli bir mənzərəni üzə çıxardı. Yəni, nə xarici, nə də daxili qüvvələr məqsədlərinə çata bildilər.

Bu hadisə bir daha göstərdi ki, Azərbaycana qarşı şər və böhtan kampaniyası birmənalı olaraq iflasa məhkumdur və bundan sonra da belə olacaq. Davamlı şəkildə güclənən Azərbaycana qarşı belə çirkin kampaniyalar heç bir nəticə verməyəcək.  Əksinə, Azərbaycanla getdikcə daha çox hesablaşacaqlar, ölkəmizin mövqeyini nəzərə alacaqlar.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”