Bərdə türbəsi tamamilə yenilənib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bərdə türbəsi tamamilə yenilənib

15 Fevral 2018
 

Azərbaycanın  cənub bölgəsi Lənkəran-Cəlilabadda, şimal bölgəsi Quba-Qusarda,  Naxçıvan ərazisində, Şirvan, Qarabağ və Gəncəbasarda qədim ziyarətgahlar, məbədlər, türbələr, məscidlər və inanc yerləri mövcuddur. Mədəni irsimizin canlı nümunələri olan məkanlara dövlət tərəfindən hər zaman qayğı, diqqət göstərilir, qəzalı vəziyyətdə olan tarixi abidələr əsaslı təmir edilərək yenidən həyata qaytarılır.

Müqəddəs yerlərdən biri də Qarabağda XIV əsrin sonu - XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilən Bərdə türbəsidir. Bu türbə-kompleks şəhərin və bütövlükdə ölkəmizin ən dəyərli memarlıq abidələrindən hesab edilir.

Son illər Azərbaycan Prezidentinin fərman və sərəncamlarına əsasən yenidən qurulan və əsaslı təmir olunan tarix və mədəniyyət abidələri sırasında bu türbənin də yeri var. 

Xatırladaq ki, Bərdədə miladdan əvvəl II minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çox sayda maddi-mədəniyyət nümunələri var və VI əsrə aid köhnə şəhər divarlarının qalıqları, Tərtər çayı üzərində VII-IX əsrlərə aid iki körpü, 1322-ci ildə tikilmiş Bərdə türbəsi, XIV əsrə aid Axsadan baba türbəsi, XVIII əsrə aid İbrahim məscidi, XVII-XIX əsrlərə aid Şirvanlı hamamı, Güloğlular kəndində XVIII əsrə aid səkkizguşəli türbə maddi-mədəni irsimizin qiymətli nümunələri sırasındadır.

Orta əsr Azərbaycan memarlığının ən dəyərli abidələrindən biri hesab olunan  Bərdə türbəsi 1322-ci ildə inşa edilib. Türbə dövrünün görkəmli şəxsiyyətlərinin xatirəsini əbədiləşdirmək üçün tikilən bürcvarı türbələr qrupuna daxil olmaqla, yeraltı və yerüstü hissədən ibarətdir. Yeraltı hissəni o dövr üçün xarakterik olan sərdaba təşkil edir. Türbənin yerüstü hissəsi xatirə abidəsidir və monumental xarakter daşıyır. Bu hissə daşdan hörülmüş kürsülük, silindrik gövdə və günbəzdən ibarətdir. Türbənin gövdəsinin  diametri 10, hündürlüyü 12,5 metrdir. Onun divarları adi və üzərinə füruzəyi rəngli kaşı çəkilmiş kərpiclərlə üzlənmişdir. Adi qırmızı kərpiclər üfüqi, kaşılanmış kərpiclər isə şaquli vəziyyətdə düzülmüşdür. Bu cür orijinal hörgünün kərpic naxışlarında çox sayda “Allah” sözü yazılmışdır. Bu səbəbdən də Bərdə türbəsinə xalq arasında “Allah-Allah türbəsi” də deyilir. Türbənin çoxrəngli kəsmə mozaikadan quraşdırılmış və zəngin ornamentlə bəzədilmiş şimal və cənub tərəflərindəki baştağılar onun sadə və aydın kompozisiyasını dolğunlaşdırır. Abidənin gövdəsini örtən yazılı səthdən sonra ornament, daha sonra bir metr hündürlüyündə geniş kitabə qurşağı yerləşir. Bu qədim abidənin içərisindən dörd istiqamətə yol da olmuşdur.

Türbə Azərbaycanın bu qədim mədəniyyət mərkəzinin memarlıq məktəbi ənənələrinin davam etdiyini təsdiqləyən qiymətli sənət nümunəsidir. Təəssüf ki, sovet hakimiyyəti illərində türbənin üzərindəki əski əlifba ilə həkk olunmuş yazılar dağıdılaraq yararsız hala salınıb, bundan başqa, 1957-1958-ci illərdə aparılan təmir işləri zamanı tarix və mədəniyyətimizə qənim kəsilmiş erməni millətindən olan layihəçi, mühəndis və bərpaçılar tərəfindən türbənin günbəzinə betondan tonlarla çəkisi olan konusşəkilli qüllə inşa edilib. Ağır beton abidənin milli-tarixi görkəmini dəyişməklə yanaşı, türbənin sol tərəfə maillənməsinə səbəb olub. Odur ki, yeddi əsrin yadigarı olan bu memarlıq incisi  məhv olmaq təhlükəsi ilə üzləşmişdi.

Bərdə türbəsində Azərbaycan Prezidentinin sərəncamına əsasən “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən keyfiyyətli yenidənqurma işləri görülüb. Aparılan təmir-bərpa işləri barədə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirmişdir ki, yenidənqurma prosesinə respublikanın tanınmış bərpaçıları, həmçinin İranın Ərdəbil şəhərindən dəvət olunmuş mütəxəssislər cəlb ediliblər. Türbədə təmir-bərpa işləri yüksək səviyyədə icra edilib, onun ətrafında yerləşən Torpaqqalada da bərpa və konservasiya işləri görülüb. Əsaslı təmirdən sonra Bərdə türbəsi göz oxşayır, ərazidə abadlıq, səliqə-sahman və yaşıllaşdırma işləri də başa çatıb. Bərdənin gözəlliyinə yeni çalarlar qatan bu türbə kompleksi bölgəyə gələn turistlərin də böyük marağına səbəb olur. Onlar buranı ziyarət edərkən heyrətlənirlər, türbənin tarixi, gözəlliyi, yenidən bərpa edilməsi hamının diqqətini çəkir, həm də dövlət tərəfindən bu sahəyə böyük qayğı göstərilməsini, baxımsız abidələrin, türbələrin, qalaların, dövlətin hesabına restavrasiya edilərək yeni görkəmə gətirilməsini rəğbətlə qarşılayırlar.

 

Rəhman SALMANLI,

“Azərbaycan”