Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Makron Suriyanı vurmaqla hədələyir

14 Fevral 2018
Dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə olunması faktları öz təsdiqini tapsa, Fransa Suriyanı vuracaq. Bu barədə Fransa Prezidenti Emmanüel Makron məlumat vermişdir.

Makronun dediyinə görə, zərbə kimyəvi silahın istehsal edildiyi, yaxud saxlanıldığı yerlərə endiriləcək. O eyni zamanda bildirmişdir ki, hazırda Fransa Suriyada kimyəvi silahdan istifadə ilə bağlı əsaslı sübutlara malik deyil.

Suriya hökuməti İdlib əyalətinin Xan Şeyxun şəhərində kimyəvi hücum həyata keçirməkdə şübhəli bilinir. Orada təxminən 90 nəfər həlak olmuş, 550 nəfərdən çox adam yaralanmışdır.

Bu ilin yanvarında Suriya müxalifətinin nəzarət etdiyi Şərqi Qutə rayonunda kimyəvi silahdan istifadə olunması güman edilir. Hüquq müdafiəçiləri buna görə məsuliyyəti Dəməşqdəki rejimin üzərinə qoymuşlar.

Ötən ayın axırlarında Fransa Suriyanın kimyəvi silah hazırlanması və istehsalı proqramını dəstəkləməkdə şübhəli bildiyi 25 şirkətə və özəl şəxsə qarşı sanksiyalar tətbiq etmişdir. Lakin Suriya rəhbərliyinin heç bir nümayəndəsi cəza siyahısına düşməmişdir, çünki onların kimyəvi silah hazırlanması proqramına aidiyyəti barədə kifayət qədər sübut yoxdur.

Cari ayın əvvəllərində isə Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delatr bildirmişdir ki, Suriyanın kimyəvi silah cəbhəxanası ilə bağlı şübhələr hələ də aradan qaldırılmamışdır.