Ötən il xarici ticarət dövriyyəsi 24257,6 milyon dollar olub

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ötən il xarici ticarət dövriyyəsi 24257,6 milyon dollar olub

14 Fevral 2018
2017-ci ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 116 ölkəyə məhsul ixrac olunub, 179 ölkədən idxal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-dekabr aylarında xarici ticarət dövriyyəsi 24257,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15475,6 milyon dollar, idxalın dəyəri 8782,0 milyon dollar təşkil edib, nəticədə 6693,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2016-cı ilin yanvar-dekabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12,3 faiz artıb, real ifadədə isə 10,7 faiz, o cümlədən ixrac 7,1 faiz, idxal 16,1 faiz azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 31,9 faizini İtaliyaya, 2,4 faizini Fransaya göndərilmiş məhsulların dəyəri təşkil edib. Eyni zamanda, ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Rusiya, hər biri 1,8 faiz olmaqla Norveç və Fransa ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.