Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Respublika çaylarında suyun tərkibində mis birləşmələrinin miqdarı norma daxilində tərəddüd edib

14 Fevral 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevral ayında növbəti monitorinq həyata keçirib.

Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, fevralın birinci ongünlüyündə Kür çayında suyun sərfi yanvarın üçüncü ongünlüyünə nisbətən saniyədə 7 kubmetr azalaraq saniyədə 166 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində və Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Fevral ayının birinci ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə 3, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 7,31-8 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.