Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan dindarları Prezident İlham Əliyevin inanclı insanlara diqqət və qayğısını yüksək qiymətləndirirlər

14 Fevral 2018
Azərbaycanda bütün dini konfessiyalara eyni münasibət göstərilir. Onlara dini ayinlərini icra etmələri üçün hər cür şərait yaradılıb. Dövlətimizin başçısı İlham Əliyev inanclı insanlara hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır. Dindarlarımız bunu yüksək qiymətləndirirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri prezident seçkiləri ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən tədbirdə idarənin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib. Şeyxülislam qeyd edib ki, xalqımız hər zaman Prezident İlham Əliyevi dəstəkləyib. Azərbaycan dindarları aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərində də dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər. Çünki Prezident İlham Əliyevin dinə və dindarlara olan münasibəti göz qabağındadır. Sovet dövründə xalqımız dini məsələlərdə çox əziyyətlər çəkib. Lakin ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gələndən sonra bu sahədəki problemlər öz həllini tapıb. Müstəqillik illərində ümummilli lider Heydər Əliyev dövlət-din münasibətlərinin yeni müstəvidə formalaşmasında mühüm rol oynayıb. Ulu Öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Şeyxülislam deyib: “Bu gün dünyada baş verən hadisələrə baxanda ölkəmizdəki əmin-amanlığa şükür etməliyik. Bu əmin-amanlığın sükanı arxasında Prezident İlham Əliyev dayanıb. Xalqımız bu məqamı nəzərə almalıdır. Dünyada qanlı münaqişələrin, terror aktlarının, böhranın baş verdiyi bir məqamda Azərbaycandakı əmin-amanlığı qiymətləndirməliyik. Dövlətimizin başçısının ətrafında sıx birləşməli, bu əmin-amanlığı qoruyub saxlamalıyıq.

Bu gün bütün dindarların ölkəmizdə dinlə bağlı atılan addımlardan və onlara verilən imtiyazlardan məmnunluğunu vurğulayan A.Paşazadə din xadimlərinə maaşların verilməsi barədə qərarı dindarlara müsbət münasibətin bariz nümunəsi kimi səciyyələndirib. Şeyxülislam vurğulayıb ki, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev Azərbaycanda dindarlar üçün hər cür şərait yaradıb. O, bütün dindarları prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Azərbaycandakı Alban-Udi Xristian İcmasının sədri Robert Mobili, Roma Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete və başqaları ölkəmizdəki dini tolerantlıq mühitini yüksək qiymətləndiriblər. Qeyd edilib ki, Azərbaycan tarixən müxtəlif xalqların, millətlərin və din mənsublarının birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olub. Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var.

Çıxış edənlər dövlətin din sahəsinə qayğısından, ulu öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunması istiqamətində xidmətlərindən söz açıb, Prezident İlham Əliyevin bununla bağlı həyata keçirdiyi tədbirləri xüsusi vurğulayıblar. Bildirilib ki, Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalqlara və etnik qruplara öz varlıqlarını qoruyub saxlamağa əlverişli mühit yaradıb. Bu gün də Azərbaycan dövləti azsaylı icmaların fəaliyyətinə qayğı ilə yanaşır.

Tədbirdə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı müraciəti qəbul olunub.

Müraciətdə deyilir: “Biz, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dindarları - müsəlman, pravoslav, katolik, yəhudi, alban-udi və digər dini icmaların nümayəndələri ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə - prezident seçkiləri ilə əlaqədar bir araya gələrək aşağıdakıları bəyan etməyi öz vətəndaş borcumuz hesab edirik.

O Bir Olan Yaradan qarşısında məsuliyyət hissi ilə bildiririk ki, Vətənimizdə son illər ərzində həyatın bütün sahələrində baş verən tərəqqi - iqtisadiyyatımızın güclənməsi, daxili və xarici siyasətdəki uğurlar, insanların rifah halının yüksəlməsi, hərbi müdafiə qabiliyyətimizin artması ilə yanaşı, dini-mənəvi həyatı ehtiva edən dəyərli dəyişikliklər hər bir dindarın rəğbətinə səbəb olan məqamlardır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP qaz kəməri, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi regional əhəmiyyətli iqtisadi layihələrin fonunda Allah evlərinin, ibadət məkanlarının nəfis şəkildə inşa və böyük məhəbbətlə bərpa olunan binaları, dindarların maddi-mənəvi tələbatlarına qayğı, milli-dini və ümumbəşəri dəyərlərə yüksək ehtiram ölkəmizin nüfuz və qüdrətinin təzahürləridir. Vətənimiz Azərbaycan beynəlxalq müstəvidə həm də mədəniyyətləri, dinləri bir araya gətirən, mənəvi-humanitar məqsədlər ətrafında cəm edən qabaqcıl bir ölkə kimi tanınır. Uca Allaha xoş gedən multikultural həyat tərzini yaşadan və təbliğ edən cəmiyyətimizin və onun liderinin O Bir Olan Yaradanımızın nəzərində dəyəri yüksəkdir. Hər bir mömin vətəndaş ölkəmizin həyatında bütün bu nailiyyətləri şükranlıqla qarşılayaraq, bunu Uca Yaradanın lütfü sayəsində dövlət rəhbərinin həyata keçirdiyi uğurlu siyasətin bəhrəsi kimi dəyərləndirir. Azərbaycanı parçalanmaq və müstəqil dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etmiş ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin davamçısı İlham Əliyev həzrətlərinin misilsiz əzm və səyləri sayəsində Azərbaycan xalqı müstəqilliyimizin əbədi və dönməzliyinə əmindir”.

Müraciətdə qeyd edilir ki, Azərbaycan siyasətinin avanqardında yer alan Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Bu namizəd, əslində, bütün xalqın namizədidir. Azərbaycan dindarlarının ümumi mövqeyi prezident seçkilərində məhz İlham Əliyevin ən layiqli namizəd olmasından ibarətdir. Siyasi, iqtisadi, mənəvi böhranlarla üz-üzə qalan dünyada sabitlik, rifah və dini-mənəvi əmin-amanlıq məkanı olan ölkəmizin uğurları həqiqətən böyük dəyər kəsb edir. Biz, Azərbaycan dindarları, dini icmaların rəhbərləri müstəqil Azərbaycanda uğurlu din-dövlət siyasətinin bəhrəsi olan tolerant, multikultural, hüquqi-demokratik cəmiyyəti dünyanın istənilən nöqtəsində qürur hissi ilə təmsil etməkdən məmnunluq duyuruq. Azərbaycanın dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun mühüm mərkəzlərindən biri kimi tanınması və qəbul olunması dövlətimizin başçısının ardıcıl məntiqlə davamlı şəkildə həyata keçirdiyi dövlət siyasətinin real bəhrəsidir. Sivilizasiyaların, mədəniyyətlərin dialoq və əməkdaşlığına dair 2008-ci ildə “Bakı Prosesi”nin əsasının qoyulması, 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycan dövlətinin rəhbərinin siyasi iradə və humanist təfəkkürünün bariz nümunəsidir. Tərəqqipərvər dünya ictimaiyyəti bu istiqamətdə səyləri layiqincə qiymətləndirir, Azərbaycan xalqı isə buna görə öz liderinə minnətdardır.

“Biz, Azərbaycan dindarları, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqın rifahının artırılması yönündə böyük işlər görən, dünyada miqrant böhranı yaşandığı dönəmdə məcburi köçkün soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışı üçün misilsiz səylər göstərən, Cocuq Mərcanlı məscidi ilə işğaldan azad olunmuş torpaqlarımıza Böyük qayıdışın mənəvi təməlini qoyan liderimizin olmasını yüksək dəyərləndirir, Azərbaycan dövlətinin başçısı məqamında O Bir Olan Yaradana xoş gələn əməllər sahibinin olmasını səmimi qəlbdən diləyirik. Biz dünyəvi dövlət şəraitində dini-mənəvi dəyərlərin intibahı üçün atılan addımların, göstərilən misilsiz səylərin qarşısında yalnız və yalnız bu uğurlu xəttin davam və inkişafını dəstəkləyirik.

Biz, nadir dostluq, dinlərarası və məzhəblərarası qardaşlıq şəraitində yaşayan Azərbaycan dindarları, dövlətin diqqət və himayəsindən yararlandığımız, məscidlər, kilsə, sinaqoq və digər mənəvi məkanlarımızın dövlətin maddi, mənəvi yardımı ilə təmir, bərpa olunduğu ölkəmizdə dini-mənəvi intibahın davamını istəyirik. Biz, dindarlar hər zaman şükranlıqla dualar edirik ki, Vətənimizin taleyinə müdrik, mənəvi dəyərlərə önəm verən, bizlərə həyatın bütün sahələrində olduğu kimi, dini-mənəvi sahədə də fəxarət doğuran anlar yaşadan dövlət başçısı qismət olub. Zati-aliləri İlham Əliyevə verilən ən böyük dəyər Azərbaycan xalqının məhəbbət və etimadıdır.

Aprelin 11-də Azərbaycan Respublikasında keçiriləcək prezident seçkiləri, heç şübhəsiz ki, xalqımızın həyatında mühüm siyasi hadisə olmaqla, hər bir dindar üçün də taleyüklü, önəmli məqamdır. Biz bütün Azərbaycan dindarlarını uca mənəviyyat yolunun davamına – Yeni Azərbaycan Partiyasının lideri İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırırıq.

Qoy Uca Yaradan öz Lütf və Mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin!”, - deyə müraciətdə qeyd olunur.

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, Azərbaycandakı Alban-Udi Xristian İcmasının sədri Robert Mobili imzalayıblar.