Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ermənistanda həyəcan təbili çalınır

14 Fevral 2018
 

Fəlakətli miqrasiya ölkənin milli təhlükəsizliyi üçün ciddi problemə çevrilib

 

Ermənistanda müşahidə edilən ağır sosial-iqtisadi vəziyyət cəmiyyət həyatının bütün sahələrində əksini tapmışdır. Əsas istehlak mallarının qiymətinin artması, yoxsulluq və işsizliyin yüksək səviyyəyə çatması düşmən ölkədə insanların yaşamasını dözülməz edib. Bu il Ermənistanın dövlət büdcəsi 4 faizlik kəsirlə tərtib olunmuşdur. İnflyasiya fonunda maaşların, pensiya və müavinətlərin artırılması planlaşdırılmır. Bundan başqa, Ermənistanın dövlət borcu ötən il 6 milyard 813 milyon dollar olmuşdur, bu il isə 7 milyard 209 milyon dollar təşkil edəcək.
Belə bir şəraitdə Ermənistanda demoqrafik vəziyyətin pisləşməsi diqqəti dərhal cəlb edir. Milli Statistika Xidmətinin 2017-ci ilin yekunlarına dair açıqladığı məlumatlar ölkədə demoqrafik vəziyyətin fəlakətli həddə çatdığına dəlalət edir. Belə ki, 2018-ci il yanvarın 1-nə olan məlumata görə, Ermənistanın daimi sakinlərinin sayı 2 milyon 972,9 min nəfərdir, halbuki həmin göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 986,1 min nəfər təşkil etmişdi. Beləliklə, keçən illə müqayisədə daimi sakinlərin sayı 13,2 min nəfər azalmışdır.
Təbii artım tempi də aşağı düşmüşdür. Bu göstərici 2015-ci ildə 13885 nəfər, 2016-cı ildə 12366 nəfər təşkil edirdisə, 2017-ci ildə 10332 nəfərə enmişdir. 2017-ci ildə təbii artım 2016-cı illə müqayisədə 16,4 faiz azalmışdır. Eyni zamanda bağlanan nikahların, doğulan uşaqların sayı azalmışdır. 2017-ci ildə Ermənistanda doğulan körpələrin sayı azalaraq 37699 nəfər olmuşdur. Halbuki doğulan körpələrin sayı 2015-ci ildə 41763 nəfər, 2016-cı ildə isə 40592 nəfər idi.
Demoqraf Artak Markosyan hesab edir ki, vəziyyət getdikcə daha da pisləşəcək. Belə ki, 1990-cı illər nəsli nikah yaşına çatır və təbii ki, nikahların sayı azalacaq. Həmçinin doğulan körpələrin sayının azalacağı gözlənilir: “Biz 1990-cı illərdə qeydə alınmış göstəricilərə qayıda bilərik. O vaxt yüksək emiqrasiya və sosial-iqtisadi vəziyyətin ağırlaşması üzündən doğulan körpələrin sayı kəskin şəkildə aşağı düşmüşdü. İndisə bütün bunlara nikahların sayının azalması və sosial-iqtisadi şərait də əlavə olunur”.
Demoqraf nəzərə çarpdırmışdır ki, 2016-cı illə müqayisədə nikahların və doğulan körpələrin sayı 15 faiz azalmışdır. Onun fikrincə, ər-arvadlar üçüncü, dördüncü uşağı dünyaya gətirsələr, vəziyyət yüngülləşə bilər. Lakin ölkədə belə bir tendensiya hələ müşahidə olunmur. Belə ki, adamlar sosial-iqtisadi şəraiti nəzərə alaraq üçüncü, dördüncü uşağı istəmirlər. Markosyanın fikrincə, vəziyyətin nəzarətdən çıxdığını söyləmək olar. Problemin həll yolu doğum sayını stimullaşdırmaq üçün dəqiq proqram hazırlayıb reallaşdırmaqdır. Amma heç bir proqram yoxdur. Proqram, stimul olmasa, əhalinin azalması prosesi davam edəcək.
Demoqrafın müşahidəsinə görə, ötən il Ermənistanda təbii artım 1991-ci ildən bəri ikinci ən pis göstərici nümayiş etdirmişdir. Digər pis göstərici 2001-ci ildə qeydə alınmışdı. Həmin il təbii artım göstəricisi 8 min nəfər təşkil etmişdi. Keçən il isə təbii artım 10 min nəfər olmuşdur ki, bu göstərici də tədricən azalacaq, çünki 1950-1960-cı illərdə doğulmuş nəsil pensiya yaşına çatır. Nəticə etibarilə ölənlərin sayı artacaq, doğulanların sayı azalacaq. Başqa sözlə, bütün bunlar fəlakətli mənfi təbii artıma gətirib çıxaracaq. Markosyanın fikrincə, yaranmış şəraitdə dövlət başçısı Serj Sarkisyanın Ermənistan əhalisinin 2040-cı ildə 4 milyon nəfərə çatacağı barədə verdiyi bəyanatları qeyri-ciddi görünür və fantastika təsiri bağışlayır, çünki Ermənistanın daxili həyatında irəliləyiş yoxdur, xaricdə yaşayan həmvətənlərin vətənə qayıtmasını təşviq edən islahatlar aparılmır. Odur ki, vətəndaşların ölkəni tərk etməsi prosesi dönməz xarakter almışdır.
Ermənistanda demoqrafik vəziyyətin getdikcə pisləşməsi fonunda ölkənin boşalması müşahidə olunur. Ötən il Ermənistanın 25144 vətəndaşı ölkəni tərk edib Rusiya vətəndaşlığına keçmişdir. Həmçinin minlərlə sakin Avropanın müxtəlif ölkələrinə üz tutmuşdur. Yerli müşahidəçilərin fikrincə, artıq həyəcan təbili çalmağın vaxtıdır. Fəlakətli miqrasiya Ermənistanın milli təhlükəsizliyi üçün ciddi problemə çevrilib.
Ekspertlər ölkənin tədricən boşalmasına əsas səbəb kimi Ermənistan hökumətinin yeritdiyi qeyri-effektiv siyasəti göstərirlər. İqtidar iqtisadi artımdan dəm vurur, cürbəcür rəqəmlər səsləndirir, hərçənd bu, real həyatda əksini tapmır. Belə ki, iqtisadi artım yeni iş yerlərinin açılması və maaşların artması ilə müşayiət olunmalıdır. Lakin ölkədə belə deyil, əksinə, müəyyən deqradasiya müşahidə edilir. Yaxın iki-üç il ərzində maaş və pensiyaların artması gözlənilmir. Ermənistan rejiminin populist bəyanatlarına baxmayaraq, belə bir şəraitdə əhalinin rifah halının yaxşılaşmasından danışmaq həyasızlıqdan başqa bir şey deyil.
Ermənilərin ölkəni tərk etməsinin başqa səbəbləri də var. Keçirilmiş rəy sorğularının nəticələri göstərir ki, korrupsiyanın və qanunsuzluğun tüğyan etməsi də Ermənistan vətəndaşlarının qürbətə üz tutmasını şərtləndirən amillərdəndir. Digər tərəfdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi və hərbi əməliyyatların bərpa olunması ehtimalı ilk növbədə erməni gənclərini başqa ölkələrdə məskən salmağa vadar edir.
Hansı səbəbdən olursa-olsun, Ermənistan cəmiyyəti kəskinləşmiş miqrasiya problemi ilə qarşı-qarşıyadır. Bu problemin yaxın gələcəkdə hansı fəsadlar doğuracağı da gizli deyil. Hələlik isə Ermənistan rejimi ölkənin gələcəyi naminə nəzərəçarpacaq addımlar atmağa tələsmir, əhalini real həyatdan uzaq rəqəmlərlə, inkişaf, tərəqqi sözləri ilə dolu bəyanatlarla qidalandırmağa cəhd edir. Amma Ermənistan vətəndaşı iqtidarın söylədiyi nağıllara daha inanmır, çətinliklər bataqlığına çevrilmiş ölkədən çıxmaq üçün yol axtarır.

Allahverdi MEHDİYEV,
“Azərbaycan”