Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Musiqiyə sevgi ilə...

14 Fevral 2018
 

Tamaşaçı görüşünə yeni gələn “MuzTV Azərbaycan” kanalı peyk yayımına başlayır

 

Ölkəmizin incəsənət, o cümlədən musiqi tarixində mühüm yeri olacaq  daha bir televiziya kanalı fəaliyyətə başlayır. 2012-ci ildən internet saytı kimi ətrafında xeyli tamaşaçı auditoriyası  yaradan “MuzTV Azərbaycan” kanalının peyk yayımına başlaması münasibətilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təqdimat mərasimi keçirilib.

Proqramın aparıcısı əməkdar artist Murad Dadaşov tədbiri açarkən bildirdi ki, Azərbaycan incəsənətinin təbliği sahəsində yeni imkanlar yaradacaq daha bir televiziya kanalı tamaşaçılarla görüşə gəlib. 2012-ci il may ayının 11-dən 2017-ci il oktyabrın 20-dək www.muztv.az saytı vasitəsilə yayımlanan, bu gün isə artıq peyk vasitəsilə daha geniş arenaya çıxan “MuzTV Azərbaycan” internet televiziyası idi. Televiziya yayıma başladığı ilk gündən tamaşaçıya dünya musiqi xəzinəsinin incilərini təqdim edir.

Özünəməxsus layihələrin, eksklüziv kliplərin, filmlərin, ayrı-ayrı proqramların canlı internet yayımları və reportajlar kanalın əsas prioritetlərindəndir. Musiqiçiləri, aktyorları, sənətçiləri bir-birindən maraqlı layihələrlə biraraya gətirən televiziya ilk yayıma başladığı gündən musiqi ilə bağlı informasiya bürosu, eksklüziv xəbərlər və proqramlar hazırlayır və yayır. “MuzTV Azərbaycan”ı digər telekanallardan fərqləndirən onun Azərbaycan estradasının, milli musiqisinin klassik ənənəsinin və müasir inkişafının təqdimatçısı kimi çıxış edən yeganə televiziya resursu olmasıdır. Kanalın çoxşaxəli məqsədlərindən biri də xalq musiqisinin öyrənilməsi və təbliğ olunması ilə bağlı ardıcıl layihələr hazırlamaq, milli musiqimizin sirləri ilə tamaşaçıları daha dərindən və ətraflı tanış etmək, Azərbaycanın zəngin və özünəməxsus muğam sənətini geniş auditoriyaya çatdırmaqdır.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynovun fikrincə, yeni musiqi televiziyasının yaradılması Azərbaycanın mədəni həyatında son dərəcə əlamətdar hadisədir: “Radio, televiziya XX əsrdə Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında mühüm rol oynayıb. Televiziya kanalının ən ümdə vəzifəsi mədəniyyətimizi, incəsənətimizi yaşatmaq, maarifçiliyi yaymaqdır. “MuzTV Azərbaycan” incəsənətin təbliği üçün yeni imkanlar açacaq. Muğamlarımızın, xalq mahnılarımızın qorunması və təbliği, ayrı-ayrı musiqi proqramlarının canlı yayımı yeni televiziyanın hədəflərindədir. Kanal tamaşaçının zövqünü oxşamaqla yanaşı, həm də yeni layihə və proqramları, həmçinin sırf musiqiyə həsr etdiyi verilişləri ilə geniş auditoriyanın diqqət mərkəzində olacaq”.

Milli Məclisin deputatı Novruz Aslan daha geniş tamaşaçı auditoriyasına çıxan televiziyanın gənc kollektivinin inam və cəsarətlə böyük layihələrə imza atacaqlarını bildirdi: “Bu, təkcə TV əməkdaşlarının deyil, ilk növbədə dövlətimizin mədəniyyət və incəsənətə verdiyi böyük dəyər və töhfələrindən biridir. Bu, inkişafın göstəricisidir. Azərbaycan dövləti bütün sahələrdə uğurlu işlər görüb. “MuzTV Azərbaycan”ın peyk yayımına başlaması böyük uğurdur”.

“MuzTV Azərbaycan” kanalının direktoru Elnur Kələntərov isə tədbirin yüksək səviyyədə təşkili üçün M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəhbərliyinə və əməkdaşlarına, eləcə də qonaqlara təşəkkürünü bildirməklə yanaşı, son illər ölkəmizdə mədəniyyətin, incəsənətin inkişafı və təbliği istiqamətində Heydər Əliyev Fondunun reallaşdırdığı layihələri xüsusi qeyd etdi. Bütün ümidləri doğruldacaqlarına əminliyini ifadə edən direktor onu da xatırlatdı ki, “MuzTV Azərbaycan”la “Azərkosmos” arasında əldə olunmuş razılığa əsasən, kanal “Azerspace-1” peyki vasitəsilə yayımlanacaq.  O, hər kəsi yeni telekanalı müntəzəm izləməyə, fikir və rəylərini onlarla bölüşməyə çağırdı.

Sonra tədbir bədii  hissə ilə  başa çatdı.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”