Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Regionların inkişafında sahibkarlığın rolu

14 Fevral 2018
 

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dövlətimizin iqtisadi qüdrəti günbəgün yüksəlir. Azərbaycan artıq dünyada özünəməxsus milli inkişaf modeli ilə seçilən, habelə sərmayədar dövlət və qlobal böhran şəraitində belə makroiqtisadi sabitliyi təmin edən ölkə kimi tanınıb. Prezident İlham Əliyevin rəhbərliyi altında son on dörd ildə respublikamız dünyada güclü, müstəqil, müasir və mütərəqqi texnologiyalar əsasında inkişaf edən bir ölkə kimi nüfuz qazanıb.

Hazırda dünyanın nüfuzlu iqtisadi və maliyyə institutlarının rəyləri və proqnozları, ən əsası, uğurlarımızın real mənzərəsi bir daha təsdiq edir ki, ölkə rəhbəri cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk günündən bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr artıq reallığa çevrilib. Təsadüfi deyil ki, Azərbaycan artıq iqtisadi keçid dövrünü başa çatdırıb və hazırda dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunur.
Prezident İlham Əliyev tərəfindən milli inkişaf prioritetləri düzgün müəyyənləşdirilərək ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi istiqamətində səfərbər etmişdir. Ötən illərdə keçid dövrünü geridə qoyan respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir.
Belə ki, hazırda Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payını və rolunu davamlı şəkildə artırır.
Ölkənin iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliyevin iqtisadi siyasətinin ana xəttini təşkil edir.
Azərbaycan Respublikasında 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir.
2018-ci ilin yanvarın 29-da keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın dördüncü ilinin yekunlarına həsr olunan konfransda ölkə Prezidenti cənab İlham Əliyev son 14 il ərzində görülən işlər barədə ətraflı danışdı və post-neft dövründə iqtisadiyyatın diversifikasiyası ilə bağlı prioritetləri müəyyənləşdirdi.
Konfransda, dövlət başçısı Azərbaycanda biznes mühiti ilə bağlı öz fikirlərini bildirərək qeyd etdi ki, “...Ümumiyyətlə, mən biznesin sosial məsuliyyəti məsələləri ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Dövlət iş adamlarına bu qədər şərait yaradır, həm siyasi dəstək, həm də maliyyə dəstəyi göstərir. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, islahatların aparılması istiqamətində bu qədər işlər görülür və beynəlxalq qurumlar da bunu qeyd edirlər. Bunun müqabilində iri biznes qurumları gərək öz sosial məsuliyyətini dərk etsinlər. Sosial məsuliyyət təkcə hansısa xeyriyyəçiliklə məşğul olmaq deyil. Sosial məsuliyyət, eyni zamanda, kiçik biznesə, ailə biznesinə dəstək göstərməkdir. Ona görə mən Prezident Administrasiyasına, müvafiq nazirliklərə, İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, digər aidiyyəti qurumlara tapşırıram ki, bu məsələ ilə bağlı təkliflər hazırlasınlar. Bəlkə böyük biznes şirkətləri ilə bir görüş keçirsinlər və onları ailə biznesinə dəstək üçün bu proqrama cəlb etsinlər. Bu, ədalətli olar. Böyük şirkətlər, xüsusilə dövlətdən, dövlət siyasətindən yararlanıb böyük vəsait əldə edən şirkətlər kiçik sahibkarlara dəstək verməlidir”.
Qeyd etmək lazımdır ki, regionların proqram təminatlı inkişafa keçidi tarixi hadisə idi və 2004-cü ilin əvvəllərində qəbul edilmiş ilk proqram Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı istiqamətində əsl dönüş yaratdı. Regionların tarazlı və sürətli inkişafı ilə bağlı qəbul edilmiş üç dövlət proqramının icrası nəticəsində ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artmış, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
Ölkəmizdə ardıcıl və düşünülmüş şəkildə həyata keçirilən layihə və proqramların nəticəsidir ki, son 14 il ərzində iqtisadiyyatımız 3,2 dəfə, o cümlədən qeyri-neft iqtisadiyyatımız 2,8 dəfə artmışdır. Konkret sahələrə gəldikdə isə sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə, qeyri-neft ixracında 4,1 dəfə artım qeydə alınmışdır. 2004-cü ildə valyuta ehtiyatlarımız cəmi 1,8 milyard dollar olduğu halda, hazırda 42 milyard dollara çatdırılmışdır. Bu da 14 il ərzində valyuta ehtiyatlarının 23 dəfə artması deməkdir. Ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, valyuta ehtiyatları həm böyük sərvətdir, həm də iqtisadi müstəqillik üçün müəyyən bir qarantdır.
Regional inkişafın prioritet kimi seçilməsi və ölkədə əlverişli sosial-iqtisadi sabitliyin təmin olunması sayəsində 2004-cü ildən bəri ölkə iqtisadiyyatına 231 milyard dollar həcmində sərmayə qoyulmuşdur. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan hazırda dünya miqyasında aparıcı dövlətlər sırasındadır. İnvestisiyaların 50 faizdən çoxu xarici investisiyaların payına düşür. Bu da hər şeydən əvvəl müstəqil Azərbaycan dövlətinin gələcəyinə olan inam və ümidin göstəricisidir. Çünki gələcəyi qaranlıq olan ölkələrə, təbii ki, heç bir sahibkar, heç bir dövlət, heç bir şirkət investisiya qoymaz.
Məhz Azərbaycanda aparılan məqsədyönlü iqtisadi siyasət sayəsində ölkəmizdə 2017-cı ildə 171 mini daimi olmaqla 226 min yeni iş yeri açılmışdır. Son 14 il ərzində ölkədə 1,9 milyon yeni iş yeri yaradılıb ki, onlardan 1,4 milyonu daimi iş yeridir. Yeni yaradılmış iş yerlərinin əsas hissəsi, yəni 65 faizi qeyri-dövlət sektorunun payına düşür.
Ölkə rəhbərliyinin yüksək dəqiqliklə seçdiyi və uğurla həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət kursu nəticəsində əlverişli biznes və investisiya mühiti investisiya axınının sürətlənməsinə şərait yaratmış, ölkəmizdə orta illik iqtisadi artım 12,2 faiz təşkil etmiş, son on dörd ildə daxili mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 3,6 dəfə, o cümlədən qeyri-neft sektoruna yönəldilən investisiyalar 9,6 dəfə, minimum əməkhaqqının səviyyəsi 3,5 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 3,3 dəfə, orta aylıq pensiya isə 4,7 dəfə artmışdır. Nəticə etibarilə ölkədə yoxsulluğun səviyyəsi 5.4 faizdən, işsizlik səviyyəsi isə 5 faizdən aşağı enmişdir.
Həyata keçirilmiş sosialyönümlü siyasətin nəticəsi olaraq, orta aylıq əməkhaqqı 2003-cü ildəki 77,4 manatdan 2017-ci ildə 525 manatadək, son bir ildə isə əməkhaqqı 6,4 faiz artmışdır.
Müstəqil Azərbaycanın inkişaf strategiyasında biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. Dövlət başçısının “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” kursuna uyğun olaraq, bu istiqamətdə sistemli və ardıcıl tədbirlər həyata keçirilmiş, qanunvericilik bazası təkmilləşdirilmiş, inzibati prosedurlar sadələşdirilmiş, vergi yükü azaldılmış, sahibkarlığa sistemli dövlət dəstəyi tədbirləri həyata keçirilmişdir.
Təkcə son 14 ildə layihələrinin ümumi dəyəri 4 milyard manatdan çox olan 34 mindən çox sahibkara 2 milyard manatdan çox güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 154 minə yaxın yeni iş yerinin açılması imkanı yaratmışdır. Verilmiş güzəştli kreditlərin bir milyard manatı büdcə, bir milyard manatı geri qaytarılan vəsaitlər hesabına olmuşdur. Güzəştli kreditlərin 70 faizi aqrar sektorun, 30%-i müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilmişdir. Verilmiş kreditlərin 75.4%-i regionların, 24.6 faizi isə Bakı qəsəbələrinin payına düşür.
İnvestisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə sahibkarlara investisiya təşviqi sənədlərinin verilməsinə başlanmışdır. İndiyədək 194 sahibkarlıq subyektinə 213 investisiya təşviqi sənədi təqdim edilmişdir. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 1,8 milyard manat investisiya yatırılacağı, 13 mindən çox yeni iş yerinin açılacağı gözlənilir. Eyni zamanda, bu investisiya təşviqi sənədləri əsasında texnikanın, texnoloji avadanlıq və qurğuların güzəştli şərtlərlə idxalı üçün 165 sahibkarlıq subyektinə 1037 təsdiqedici sənəd təqdim edilmişdir. Təsdiqedici sənədlər əsasında sahibkarlıq subyektləri tərəfindən əldə olunan ümumi güzəştin dəyəri 44 milyon ABŞ dollarından çoxdur.
Görülmüş işlər nəticəsində Azərbaycanda güclü özəl sektor formalaşmış, müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisə açılmış, özəl bölmənin payı ÜDM-də 80%-i, məşğulluqda 75%-i, dövlət qeydiyyatına alınmış sahibkarlıq subyektlərinin sayı isə 880 mini ötmüşdür.
Biznes mühitinin dinamik inkişafı ilə bağlı onu da xatırladaq ki, respublikada təkcə yerli sərmayədarlar üçün deyil, həm də xarici investisiyalara əlverişli mühit yaradılıb. Biznesə başlama prosedurları əsaslı şəkildə sadələşdirilib, vergi qanunvericiliyində xeyli sayda güzəştlər müəyyən edilib, sahibkarlığın və ixracın təşviqinə yönələn tədbirlər reallaşdırılıb.
Ölkə rəhbərinin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq son illərdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız yoxlamaların qarşısının alınması və digər istiqamətlər üzrə davam etdirilib. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilib.
Hazırda ölkədə biznesə başlama ilə bağlı prosedurlar 15-dən 2-yə, sərf olunan vaxt isə 30 gündən 2 günə endirilib. Fərdi sahibkarlar 2011-ci ildən, yerli investisiyalı müəssisələr isə 2012-ci ildən etibarən elektron qaydada qeydiyyata alınır.
Son statistik göstəricilər təsdiq edir ki, 2017-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1850-dək sahibkarlıq subyektinin ümumi dəyəri 500 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 120 milyon manatdan çox güzəştli kredit verilmişdir ki, onların da 74 faizi regionların payına düşür. Bununla yanaşı cari ildə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində sahibkarlıq subyektlərinin 1400 investisiya layihəsinin maliyyələşdirilməsinə 400 milyon manat, eyni zamanda son illər ümumi dəyəri 355 milyon manat olan 51 logistik mərkəzin yaradılmasına 163,5 milyon manat güzəştli kredit vəsaiti ayrılmışdır.
Aparılmış islahatlar beynəlxalq hesabatlarda da təqdir edilir. Belə ki, 140 ölkəni əhatə edən “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan ötən illə müqayisədə mövqeyini yaxşılaşdıraraq 35-ci pilləyə yüksəlmiş, MDB məkanında əvvəlki illərdə olduğu kimi liderliyini qoruyub saxlamışdır. Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında Azərbaycan 65-ci pillədə qərarlaşıb. Hesabata əsasən, respublikamız dünyada üç və daha çox islahat həyata keçirən 29 ölkədən biridir.
“Doing Business 2018” hesabatında ölkəmiz 8 pillə irəliləyərək 57-ci mövqeyə yüksəlmiş, ötən il ərzində davam etdirilən uğurlu islahatların nəticəsi olaraq 6 göstərici üzrə mövqeyini yaxşılaşdırmışdır.
Bu gün ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələri arasında, kütləvi informasiya vasitələrində daha çox müzakirə olunan məsələlərdən biri Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq etdiyi milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsidir. 10 bölmədən, 14 bənddən və 11 hissədən ibarət olan bu sənəd qısa, orta və uzunmüddətli dövrlərə hesablanıb. O, təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də istiqamətlər üzrə qlobal meyilləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və tələb olunan investisiya göstəricilərini əhatə edir. Strateji Yol Xəritəsində qarşıya qoyulmuş vəzifələri icra etməklə qısamüddətli zaman üçün seçilmiş prioritetlərə istiqamətlənərək orta və uzunmüddətli dövrlərdə iqtisadi inkişafın bünövrəsi qoyulmuşdur.
“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin beşinci bölməsində göstərilir ki, 2025-ci ilə qədər Azərbaycanda hər il ümumi daxili məhsul istehsalı 3 faizdən çox artacaq və əlavə olaraq 450 mindən çox yeni iş yerləri yaradılacaq.
Hesablamalara görə, təkcə 2020-ci ilədək nəzərdə tutulan prioritetlərin yerinə yetirilməsi üçün təxminən 27 milyard manat investisiya lazımdır və bu məbləğ bütün sektorlar üzrə strateji yol xəritələri çərçivəsində tələb olunan ümumi vəsaitdir. Bu vəsait Azərbaycanın Strateji Yol Xəritəsində göstərilən daha yüksək hədəflərə çatmağa kömək edəcəkdir.
2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar əvvəlcə 2 il müddətinə, 2017-ci ilin noyabrında isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilərək bu müddət 2021-ci ilin yanvarın 1-dək uzadılmışdır. Bu qanun ölkə iqtisadiyyatının inkişafını sürətləndirmək, qlobal miqyasda daha böyük uğurlar əldə etmək ücün böyük və tarixi əhəmiyyət kəsb edir.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun tətbiqindən sonrakı 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində cəmi 96 yoxlama keçirilib. Müqayisə üçün yoxlamaların dayandırılmasından əvvəlki 20 ay ərzində isə vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində keçirilmiş yoxlamaların sayı 100 mindən çox olub.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyri-neft sektoruna göstərdiyi yüksək diqqət nəticəsində bu gün iqtisadiyyatın prioritet istiqamətlərindən olan aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində Azərbaycanda bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına tam ödənilməsinə, ölkənin ərzaq təhlükəsizliyində xarici bazardan asılılığın azalmasına, ixracyönümlü məhsulların istehsal həcmini artırmaqla regionların inkişafına nail olunub. Fermerlərin dövlət tərəfindən çoxşaxəli subsidiyalarla təmin edilməsi kənd təsərrüfatı ilə məşğul olanları daha fəal çalışmağa sövq etməklə yanaşı, onların rifah halının yüksəldilməsinə gətirib çıxarıb.
Həyata keçirilən islahatların nəticəsidir ki, artıq aqrar sektorda dayanıqlı inkişaf reallaşıb, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə müsbət nəticələr əldə edilib.
Buna misal olaraq pambıqçılıq, tütünçülük, ipəkçilik və digər sahələri göstərmək olar. 2017-ci ildə ölkə rəhbərliyinin sərəncamları ilə təsdiq olunmuş “2018-2025-ci illər üçün Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair”, “2017-2022-ci illər üçün Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair”, “2017-2021-ci illər üçün Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair” və sair dövlət proqramları qəbul olunmuş və icrasına başlanması ilə bağlı adıçəkilən sahələrdə yüksək irəliləyişlər əldə olunmuşdur.
Belə ki qısa müddət ərzində məhv olmaq təhlükəsi qarşısında qalmış ipəkçiliyin inkişafına yenidən təkan verilmiş və respublikada 2016-cı ildə 24 rayonda olmaqla 70,7 ton, 2017-ci ildə isə 30 rayonu əhatə etməklə 244,8 ton yüksək keyfiyyətli yaş barama istehsal olunmuşdur. Halbuki 2015-ci ildə cəmi bir rayonda olmaqla 725 kq yaş barama istehsal edilmişdir.
Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə verilən subsidiya əhali arasında bu sahəyə marağı daha da artırmışdır.
Bununla bərabər, keçən il baramaçılığın coğrafiyasının genişləndirilməsi ilə bağlı çox ciddi addımlar atılmışdır. Respublikanın 37 rayonunda 1 milyon 700 min tut tingi əkilmişdir ki, bu da 2019-cu ildə 1300 ton yaş barama istehsalına imkan yaratmaqla yanaşı, Şəki ipək kombinatının tam gücü ilə işləməsini təmin edəcəkdir.
Ölkənin kənd təsərrüfatında pambıqçılıq mühüm yer tutmaqdadır. Əməktutumlu sahə olan və ölkəyə valyuta gətirən, ciddi strateji əhəmiyyət kəsb edən pambıqçılığın daha da inkişaf etdirilməsi qarşıda duran mühüm vəzifələrdən biridir.
2017-ci ildə 2015-ci illə müqayisədə pambıq tarlalarının ərazisi dəfələrlə artırılaraq 136 min hektara çatdırılıb. Nəticədə 2017-ci ildə tarlalardan 206 min tondan artıq pambıq toplanılaraq qəbul məntəqələrinə təhvil verilib. Bu göstərici 2016-cı ildə 89 min ton olub. Bu sahələr üzrə məhsul istehsalı keçən ilə nisbətən 2,5 dəfə artmış və həmin məhsulların qonşu ölkələrə ixrac həcmi yüksəlmişdir.
“CTS-Aqro” MMC ölkədə pambıqçılıqla məşğul olan əsas müəssisələrdən biridir. “Aqrarkredit” QSC-nin yaxından köməyi və maliyyə dəstəyi nəticəsində pambıqçılığın inkişafını təmin etmək məqsədi ilə “CTS-Aqro” MMC tərəfindən respublikanın Beyləqan, Ağcabədi, Zərdab, Bərdə, Sabirabad, İmişli, Biləsuvar, Salyan, Neftçala, Tərtər, Ucar, Ağdaş, Ağdam, Cəlilabad, Kürdəmir, Hacıqabul və Goranboy rayonlarında fermerlərlə bağlanmış müqavilələr əsasında 2015-ci ildə 9 min hektarda 12 min ton pambıq istehsal edildiyi halda, 2016-cı ildə 17.3 min hektarda 29 min ton pambıq istehsal edilmiş, 2017-ci il mövsümündə isə istehsal artırılaraq 28.6 min hektarda 51.2 min ton pambıq istehsal edilmişdir.
2017-ci ildə istehsal və emal olunmuş pambığın daxili bazarda satışından və ölkə xaricinə idxaldan ölkəyə 30 milyon ABŞ dolları və ya 50 milyon manat vəsaitin daxil olması gözlənilir.
2017-ci ildə 2015-ci illə müqayisədə orta məhsuldarlıq 13.3 sentnerdən 18 sentnerə, işləyən pambıq zavodlarının sayı 3-dən 6-ya, kənd təsərrüfatı texnikaları və aqreqatların sayı 711-dən 1447-yə, pambıqyığan kombaynların sayı 25-dən 78-ə qaldırılmış, daimi və mövsümi işlə təmin olunan işçilərin sayı 11 mindən 31 minə çatdırılmışdır.
Respublikada tütün tədarükü ilə məşğul olan müəssisə “İntertobakko” MMC-dir. Bu müəssisə 2015-ci ildə 355 hektar sahədə 2.1 min ton yaşıl tütün tədarük etdiyi halda, 2016-cı ildə 1.7 min hektar sahədə 11 min ton yaşıl tütün tədarük etmiş, 2017-ci ildə isə əkin sahələrini xeyli artıraraq 2.2 min hektar sahədə 16.2 min ton yaşıl tütün tədarük etmişdir ki, ondan da 2.3 min ton quru tütün yarpağı alınmışdır. Əldə olunmuş quru tütün yarpağının bir hissəsi daxili bazarda satılacaq, bir qismi isə ölkə xaricinə ixrac ediləcəkdir. Nəticədə ölkəyə 5.1 milyon ABŞ dolları və ya 8.6 milyon manat daxil olacağı gözlənilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparmış, 113 ölkəyə məhsul ixrac olunmuş, 180 ölkədən mal idxal edilmişdir.
Azərbaycan Prezidentinin ixracın təşviqi üzrə qəbul etdiyi qərarlara uyğun olaraq, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi məqsədilə ümumilikdə 79 şirkətin iştirakı ilə 5 ölkəyə ixrac missiyaları həyata keçirilib.
Həyata keçirilən iqtisadi islahatlar Azərbaycan Sahibkarlar Konfederasiyasının qarşısında çox böyük vəzifələr qoyur. Azərbaycanın möhtəşəm uğurlarına sahibkarlar ordusu da özünəməxsus töhfələr verməyə çalışır və bu dövlət başçısının iş adamlarına etimadının bir təcəssümü olaraq mühüm vəzifə kimi qəbul edilir.
Azərbaycan Sahibkarlar Konfederasiyası da ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq həm əldə etdiyimiz uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir.
Azərbaycan hökuməti, Azərbaycan Həmkarlar Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası sosial dialoqun bərabər hüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi və icrasının təmini, bir sıra əmək və sosial iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparır.
Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir, yalnız sahibkarlara dəstək verməklə kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edir.
Eyni zamanda əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.
Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiyaları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda, habelə investisiya qoyulmasında kömək göstərir.
Azərbaycan Sahibkarlar Konfederasiyası bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.
Yerli sahibkarların potensial imkanlarının reallaşdırılmasına dəstək və İnvestisiya imkanlarının təşviqi, habelə yeni bazarlara çıxış məqsədilə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və Azərbaycan sahibkarlarının iştirakı ilə bir çox beynəlxalq və yerli sərgi, biznes-forumlar, görüşlər təşkil edilmiş, tədbirlərdə sahibkarların iştirakı təmin edilmişdir.
Sahibkarlara biznes əlaqələrinin genişləndirilməsi və digər məsələlərdə lazımi xidmətlər göstərilmiş, müxtəlif biznes-forum, təlim və beynəlxalq sərgilərdə onların iştirakları təmin olunmuş, cari ildə konfederasiyanın xarici ölkələrdə nümayəndəliklərinin sayı artırılmışdır.
Azərbaycanın son illərdəki inkişaf dinamikasına nəzər saldıqda belə qənaətə gəlmək olar ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətciliyimizin daha da möhkəmləndirilməsi, ölkəmizin siyasi, sosial-iqtisadi, mədəni və bütün başqa sahələrdə inkişafının təmin olunması, əhalinin rifah halının, bütün kateqoriyalardan olan insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər hazırda yüksək templə davam edir. Keçən qısa dövr ərzində nəinki mərkəzi şəhərlərdə, eləcə də regionlarda sosial-iqtisadi inkişaf sürətləndirilmiş, abadlıq, quruculuq işlərinin aparılması ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.
Biz isə Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji vəzifələrin uğurla və vaxtında həyata keçirilməsi üçün əzmkarlıqla çalışaraq qeyri-neft sektoru məhsullarının istehsalının artırılması, regionlarda rentabelli müəssisələrin yaradılmasına və inkişaf etdirilməsinə kömək göstərməklə bundan sonra da regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına nail olmasına öz töhfəmizi verəcəyik.
Ölkə Prezidentinə sadiqlik nümayiş etdirən və cəmiyyətin fəal hissəsini təşkil edən sahibkarlar adından dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını, dövlətçilik ənənələrinin və demokratik təsisatlarının gücləndirilməsini, ölkənin beynəlxalq nüfuzunun və müdafiə qabiliyyətinin ciddi şəkildə möhkəmləndirilməsini, habelə Prezident İlham Əliyevin şəxsində Azərbaycanın inkişaf perspektivlərinə etibarlı təminatı nəzərə alaraq 2018-ci il aprel ayının 11-də keçiriləcək prezident seçkilərində İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyini dəstəklədiyimizi bildirir və inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında inkişafın Azərbaycan modeli keyfiyyətcə yeni mərhələdə də öz nailiyyətləri ilə yüksək tərəqqinin istinadına çevriləcəkdir.

Məmməd MUSAYEV,
Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti