Seçki prosesinin təkmilləşdirilməsində maarifləndirmə tədbirləri

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Seçki prosesinin təkmilləşdirilməsində maarifləndirmə tədbirləri

14 Fevral 2018
 

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2018-ci il tarixli sərəncamına əsasən, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Prezidenti seçkilərini cari il aprelin 11-nə təyin edib, azad, ədalətli və şəffaf seçkilərin hazırlanıb həyata keçirilməsi üçün nəzərdə tutulmuş tədbirləri ardıcıllıqla icra etməkdədir. Həyata keçirilən tədbirlər təbii ki, qarşıda dayanan əsas hədəflərə çatmağa yönəlib. Seçkilərin yüksək səviyyədə keçirilməsi bir sıra amillərlə, o cümlədən təşkilatçılıq və peşəkarlıq kimi mühüm keyfiyyətlərlə də şərtlənir. 

Ölkəmizin yenidən dövlət müstəqilliyinə qovuşmasından ötən qısa zaman kəsiyində seçkilərin (referendumların) (bundan sonra - seçkilər) hazırlanıb keçirilməsi sahəsində mühüm nailiyyətlər qazanılmışdır. Bu dövr ərzində seçki sistemi təkmilləşdirilərək mükəmməl hüquqi baza yaradılmış, seçkilər sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq və seçkilərin hazırlanıb keçirilməsi sahəsində xeyli müsbət təcrübə əldə edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin olunması və qorunması sahəsində inkişaf etmiş Avropa dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq daha da dərinləşmişdir.
Qeyd edək ki, müasir dünyada insan və vətəndaşın çox mühüm konstitusion hüquqlarından biri kimi məhz seçki hüququ qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində təsbit olunmuş həmin normaya əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var. Həmin hüquqlar bilavasitə seçki subyektlərinin özləri - seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları və s. tərəfindən həyata keçirilir və bu istiqamətdə onlara lazımi imkanlar yaradılır.
Demokratik, azad, ədalətli, şəffaf və beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik, seçkilər sahəsində fəaliyyət göstərən peşəkar kadr potensialı, maddi-texniki təchizatın yüksək səviyyəsi, mükəmməl qanunvericilik bazası və icra mexanizmləri, eyni zamanda çoxsaylı seçki subyektlərinin hazırlıq səviyyəsi olduqca əhəmiyyətli amillərdəndir. Beş milyondan artıq daimi seçicinin, çoxsaylı namizəd və onların təmsilçilərinin, müşahidəçi və KİV nümayəndələrinin seçki prosesinə qoşulması təşkil olunan maarifləndirmə tədbirlərinin xarakter və əhəmiyyətini müəyyən etməyə kömək edir. Məhz buna görə də ölkədə seçkilərin hazırlanıb keçirilməsi səlahiyyətlərini həyata keçirən dövlət orqanı kimi Mərkəzi Seçki Komissiyasının çoxşaxəli fəaliyyətində maarifləndirmə işinin təşkili mühüm yer tutur.
Seçkilərin hazırlanması və keçirilməsi, seçki sisteminin inkişafı, seçicilərin hüquqi biliklərinin artırılması, seçki komissiyaları üzvlərinin təlimatlandırılması ilə əlaqədar treninqlər və sonuncuların peşə hazırlığı ilə əlaqədar proqramların həyata keçirilməsi bu qəbildəndir.
Seçici siyahıları ilə iş diqqət mərkəzində dayanan ən önəmli məsələlərdən olmaqla digər layihələr kimi özünəməxsus maarifləndirmə imkanlarına malikdir. Seçici siyahıları çox mühüm seçki sənədidir, il boyu fasiləsiz olaraq işlənilir, yenilənir və seçki komissiyaları tərəfindən ictimailəşdirilir. MSK-nın Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin texniki və proqram təminatı imkanları xeyli genişləndiyindən bütün sahələrdə, o cümlədən seçici siyahılarının keyfiyyətinin daha da yaxşılaşdırılmasında mühüm irəliləyişlər var.
Məlumat üçün qeyd edək ki, artıq ölkədə mövcud olan bütün seçki məntəqələrində cari ilin yanvar ayından başlanan seçici siyahılarının dəqiqləşdirilməsi işi başa çatmış, hazırda həmin proses 125 seçki dairəsi üzrə davam edir.
Mətbuatda dərc edilməsinə icazə verilməsə də, seçici siyahılarının ictimailəşdirilməsi seçki qurumları qarşısında duran əsas vəzifələrdəndir. Seçicilərin tanış olması məqsədilə 2005-ci ildən etibarən siyahıların MSK-nın saytında yerləşdirilməsi praktikası ölkəmizdə tətbiq edilir. Hər bir seçici internet səhifəsində öz adının seçici siyahısında olub-olmadığını yoxlaya və özü haqqında olan məlumatları (adı, soyadı, atasını adı, təvəllüdü, səs verdiyi məntəqə və dairə haqqında) dəqiqləşdirib, səs verəcəkləri məntəqənin yerləşdiyi ünvan, sözügedən ərazinin xəritəsi, həmin ünvan istiqamətində hərəkət edən nəqliyyat marşrutları və s. barədə lazımi məlumatlar əldə edə bilir. Seçicilər hər hansı məlumatın əldə edilməsi, eləcə də özləri barədə məlumatların yoxlanılması və aşkar etdikləri yanlışlıqları MSK-da təşkil olunan qaynar xətt vasitəsilə, yaxud internet səhifəsindəki “on-line” ərizə formasını doldurmaqla aradan qaldırır.
Seçici siyahılarının dəqiqləşdirilməsi və seçki komissiyaları ilə əlaqə baxımından Mərkəzi Seçki Komissiyasının 115 nömrəli elektron qaynar xəttinin əhəmiyyəti xüsusilə qeyd edilməlidir və bu xətt daim seçicilərin istifadəsindədir. Yüksək texnologiyalar və innovasiyalardan istifadə də qanunvericiliyin verdiyi imkanlar daxilində seçicilərin və digər seçki subyektlərinin maarifləndirilməsi işinin durmadan təkmilləşdirilməsinə yardım edir.
Seçki subyektləri Mərkəzi Seçki Komissiyasının internet səhifəsində (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) seçkilərlə bağlı bütün məlumatları asanlıqla əldə edə bilirlər. Seçicilərin və digər seçki subyektlərinin etibarlı məlumat qaynağına çevrilən bu mənbədə Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, MSK tərəfindən qəbul edilən bütün təlimat, qayda, izah və qərarlar (Komissiyanın iclaslarından dərhal sonra səhifədə yerləşdirilməklə), MSK-nın fəaliyyət hesabatları, seçki dairələrinin və seçki məntəqələrinin dislokasiyaları, ünvan və xəritələri, əlaqə məlumatları, seçicilərin siyahısı, seçicilərin axtarış sistemi, marşrutu, seçki komissiyalarının tərkibi, daxil olmuş şikayət və müraciətlərə dair ekspert qrupu üzvləri tərəfindən verilmiş rəylər, referendum üzrə təşviqat qrupları barədə, seçkiqabağı (referendumqabağı) təşviqatla əlaqədar, ümumiyyətlə, MSK-nın fəaliyyəti ilə bağlı bütün məlumatlar əks olunur. Bundan başqa, MSK tərəfindən seçicilərə göstərilən 10 istiqamət üzrə elektron xidmətlər MSK-nın internet səhifəsi ilə seçicilərin və digər maraqlanan şəxslərin istifadəsinə verilir.
Bundan başqa, hər il vahid seçici siyahısı dəqiqləşdirildikdən sonra MSK nəzdində fəaliyyət göstərən və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya iki aydan gec olmayaraq iclas keçirir və seçki dairələrinin yaradılması sxeminə və onun qrafik təsvirinə, seçki dairələrinin hüdudlarına dair təkliflər verir. Həmin təkliflər MSK-nın iclasında müzakirə edilərək müvafiq qərarlar qəbul olunur və bunun da nəticəsində seçki dairələrinin adları, ünvanları və hüdudları, o cümlədən seçki məntəqələrinin sayı, dislokasiyaları dəqiqləşdirilir və qanunvericiliyin tələblərinə uyğunlaşdırılır. Bu proses də ictimailəşdirilir və seçki subyektlərinin daha məlumatlı olmasına yardım edir.
Normativ hüquqi bazanın təkmilləşdirilməsi və seçki subyektləri üçün onun əlçatanlığının təmin edilməsi də MSK-nın maarifləndirmə proqramının ayrılmaz hissəsini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Seçki Məcəlləsi, Azərbaycan Respublikası Prezidentinin seçki münasibətlərini tənzimləyən sərəncamları müasir standartlara uyğun normativ hüquqi bazanın formalaşmasında mühüm rol oynayıb. Seçki Məcəlləsinin tətbiqinin asanlaşdırılması və seçki münasibətlərinin daha təkmil nizama salınması məqsədilə MSK normativ xarakterli aktlar qəbul edərək onların aidiyyəti subyektlərə çatdırılmasına şərait yaradır. Bunda məqsəd Seçki Məcəlləsini ehtiva edən bütün məsələlərin seçki subyektləri tərəfindən asanlıqla mənimsənilməsi və onların hüquqi biliklərinin artırılmasıdır.
Seçkilərin təyin edilməsindən dərhal sonra MSK tərəfindən seçkilərin hazırlanıb keçirilməsi ilə əlaqədar nəzərdə tutulan əsas addımların əks olunduğu Təqvim Planı hazırlanıb təsdiq edilir. Seçkilərin hazırlanıb keçirilməsi üzrə seçki qanunvericiliyində nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin ardıcıllığını, müddətləri və subyektlərin əhatə dairəsini müəyyən edən bu sənəd 2 dildə (Azərbaycan və ingilis dillərində) çap olunaraq MSK-nın rəsmi internet səhifəsində yerləşdirilir.
Təqvim Planı və MSK tərəfindən qəbul olunan təlimat, izah və qaydalar təkmilləşdirilməsi zərurəti təmin olunmaqla toplu şəklində nəşr edilərək aşağı seçki komissiyalarına çatdırılır. Həmin sənədlər qüvvəyə minmə və digər seçki subyektlərinin məlumatlandırılması məqsədilə “Azərbaycan” qəzetində dərc olunur və MSK-nın internet səhifəsində yerləşdirilir.
MSK müxtəlif seçki subyektləri üçün yaddaş kitabçalarının hazırlanmasına xüsusi əhəmiyyət verir. Seçki prosesinə qatılmaq istəyən namizədlərin maarifləndirilməsi, namizədlərin qeydiyyatı prosesinin rəvan getməsi, namizədlərin öz sənədlərini qüsursuz tərtib edərək seçki komissiyalarına təqdim etməsi məqsədilə “Namizədlər üçün Yaddaş”, aşağı seçki komissiyaları üzvlərini məlumatlandırmaq üçün “Seçki günü üçün Yaddaş”, müşahidəçilərin maarifləndirilməsi məqsədilə müşahidə aparılmasının prinsiplərinin əks olunduğu, hüquq və vəzifələrinin izah edildiyi “Müşahidəçilər üçün Yaddaş”, seçkilərlə bağlı proseslərdə polisin qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrinin icrasına yardım etmək məqsədilə “Polis əməkdaşlarının seçkilərdə iştirakına dair Yaddaş” kitabçaları və s. bu qəbildəndir.
Hazırkı prezident seçkiləri ilə bağlı aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi Mərkəzi Seçki Komissiyasının yaxın günlərdə həyata keçirməyi nəzərdə tutduğu mühüm əhəmiyyət kəsb edən layihələrdəndir. Çünki seçki komissiyaları sisteminə daxil olan pillələrdə otuz bir mindən artıq komissiya üzvü fəaliyyət göstərir ki, seçkilərin beynəlxalq standartlara uyğun hazırlanıb keçirilməsi bilavasitə onların da peşəkarlıq səviyyəsindən, bilik və bacarıqlarından asılıdır.
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və onun davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar, habelə digər seçki subyektlərinin maarifləndirilməsi üçün bu qəbildən olan çoxsaylı tədbirlər həyata keçirilir ki, bu da artıq öz bəhrəsini verməkdədir.
Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar ənənəvi olaraq iki mərhələdən ibarət təşkil olunur. Öncə dairə seçki komissiyalarının sədrləri üçün, sonra isə dairə seçki komissiyası üzvləri və məntəqə seçki komissiyası sədrləri üçün ölkə üzrə keçirilir. Həmin tədbirlərə qanunverici, icra və məhkəmə hakimiyyətlərinin, həmçinin digər müxtəlif dövlət orqanlarının məsul şəxsləri cəlb olunurlar. İxtisaslaşdırılmış kurslar zamanı dairə seçki komissiyalarının sədrləri üçün təcrübə mübadiləsi də təşkil edilir.
11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı nəzərdə tutulan layihələrdən biri də aşağı seçki komissiyaları üçün əyani vəsaitlərdən istifadə olunmaqla həyata keçirilən treninq layihələridir. Məlumat üçün qeyd edək ki, 2002-ci ildən əsası qoyulmuş bu layihə əvvəllər MSK-nın treninq qrupları tərəfindən həyata keçirilirdi. Sonradan Avropa Şurası Venesiya Komissiyası ilə birgə hər seçki dairəsi üçün 2 yerli trenerin hazırlanması təcrübəsi öz müsbət nəticəsini verdi. Cari seçkilərdə də nəzərdə tutulan treninqlər dairə və məntəqə seçki komissiyası üzvlərinin maarifləndirilməsində mühüm rol oynayacaq. 125 seçki dairəsindən olan 250 yerli trener seçkilərdə səsvermə prosesi, müstəsna hallar, səslərin sayılması, protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları barədə ətraflı məlumatlandırılacaq və onlar praktiki məşğələlər zamanı seçki günü ortaya çıxa biləcək hallar barədə interaktiv müzakirələrə cəlb olunacaqlar. Tədbirdə əvvəlki seçkilər zamanı keçirilmiş treninqlərdə əldə olunmuş təcrübə də müzakirə edilərək iştirakçılara lazımi tövsiyələr veriləcək. Layihənin dairə və məntəqə seçki komissiyalarının üzvlərinin cəlb olunduğu ikinci mərhələsi əsasən 35-40 nəfərlik kiçik qruplar şəklində keçiriləcək və bu treninqlərdə aşağı seçki komissiyalarının üzvləri seçki prosesi ilə bağlı ətraflı məlumatlandırılacaqlar.
Dairə seçki komissiyalarının məsləhətçi-operatorları üçün praktiki treninqlər keçirilməsi də maarifləndirmə tədbirlərinin tərkib hissəsidir. Əvvəlki seçkilərdə olduğu kimi, hazırkı seçkilərdə də təşkil olunacaq treninqlərdə dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə səsvermə günü məlumatlarını MSK-ya ötürmək üçün istifadə edəcəkləri DAİS-in yeni şəbəkə variantı barədə praktiki məlumat verilməsi, əyani formada istifadə qaydalarının öyrədilməsi nəzərdə tutulur. Treninqlərin nəticəsində operatorların praktiki iş təcrübəsi daha da zənginləşir ki, bu da səsvermə günü şəbəkədən daha rahat istifadəni təmin edir.
Ümumilikdə maarifləndirmə proqramları çərçivəsində iştirakçılara seçkilərə hazırlıq, həyata keçirilmiş layihələr, seçki hüququnun həyata keçirilməsi və vətəndaşların seçki hüququnun təmin olunması, seçki qanunvericiliyi və normativ hüquqi sənədlər, yerli və beynəlxalq müşahidənin əsasları barədə dolğun məlumat verilir, ətraflı müzakirələr aparılır və ortaya çıxan suallar əhatəli şəkildə cavablandırılır. Onu da qeyd edək ki, bu proses bir çox hallarda digər təşkilat və qurumların təmsilçiləri - yerli icra hakimiyyəti başçıları, Səhiyyə Nazirliyi, polis orqanları və penitensiar xidmət əməkdaşları, gənclər təşkilatları, KİV və s. ilə birlikdə həyata keçirilir. Həmçinin maarifləndirmə tədbirlərinə beynəlxalq təşkilatların nümayəndələrinin qoşulması təcrübəsi genişlənməkdədir. Bu, özünü sonuncu parlament seçkilərində bir daha göstərdi. Belə ki, MSK Avropa İttifaqı ilə birgə layihə çərçivəsində 2015-ci il avqustun 14-dən 19-dək namizədlərin qeydiyyatı prosedurunun daha da gücləndirilməsi ilə əlaqədar genişmiqyaslı treninqlər həyata keçirmişdir. Treninqlər Bakı, Şirvan, Gəncə və Şəki şəhərlərində keçirilməklə və ölkə üzrə 125 seçki dairəsinin dairə seçki komissiyalarının hər birindən iki təmsilçi olmaqla ümumilikdə 250 aşağı seçki komissiyası rəsmisini əhatə etmişdir. Tədbirlər zamanı beynəlxalq ekspertlər və MSK üzvləri tərəfindən parlament seçkilərində namizədliyin qeydiyyatı üzrə qanunun tələbləri, həmçinin namizədliyin irəli sürülməsi və qeydə alınması prosedurları ilə bağlı müxtəlif mövzularda təqdimatlar aparılıb, əyani vəsaitlərdən istifadə edilməklə keçirilən treninqlərdə mövzularla bağlı ətraflı məlumat verilmiş, müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Genişmiqyaslı maarifləndirmə layihəsi kimi həyata keçirilən tədbir dairə seçki komissiyaları üzvlərinin məlumatlarının artırılması və namizədlərin qeydiyyatı proseduru ilə bağlı onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənmişdir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin bu seçkidə də davam etdirilməsi fəaliyyətimizin əsas istiqamətlərindən biridir.
Bundan əlavə, ictimaiyyətin seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı məlumatlandırılması məqsədi ilə KİV-lə sıx əməkdaşlıq edən MSK seçkilər elan olunduğu gündən aktual mövzuları əhatə edən mətbuat konfransları, brifinqlər keçirir, reallaşdırılan bütün layihələr barədə məlumat bülletenləri, mətbuatda məqalələr dərc etdirir.
İctimai Televiziya və Radio Yayımları Şirkəti və dövri nəşrlər seçki dövründə MSK üzvləri və Katiblik əməkdaşlarına da qanunvericiliyi izah etmək, ictimaiyyəti öz fəaliyyəti haqda məlumatlandırmaq, seçicilərin suallarına cavab vermək üçün ödənişsiz vaxt ayırır. 2010-cu ildən etibarən İctimai televiziyada həftədə bir dəfə efirə gedən “Xalq seçir” (referendumda “Xalqın səsi”) adlı bütünlüklə seçkilərə həsr olunmuş xüsusi maarifləndirmə proqramı da seçkilərlə bağlı müxtəlif aktual aspektləri işıqlandırır.
Müsbət haldır ki, MSK-nın maarifləndirmə məqsədi daşıyan tədbirlərinin hüdudları ildən-ilə genişlənir. Əgər 27 may 2003-cü ildən - Seçki Məcəlləsi qüvvəyə mindikdən sonra maarifləndirmə tədbirləri əsasən aşağı seçki komissiyası üzvləri və seçicilər arasında aparılırdısa, sonradan bu xarakterli tədbirlər polis əməkdaşları, seçici qadınlar, ilk dəfə səs verəcək gənclərlə, səhhəti ilə əlaqədar xəstəxana və istirahət yerlərində olan seçicilərlə də təşkil olundu və səmərəli nəticələr verdi. MSK rəhbərliyi də bu xarakterli tədbirlərin əhatə dairəsini daha da genişləndirməyi məqsədəmüvafiq hesab edir.
Siyasi partiyaların maliyyə hesabatlarının tərtib edilməsi, qəbul olunması, nəzərdən keçirilməsi və ictimailəşdirilməsi ilə bağlı aidiyyəti subyektlərin maarifləndirilməsi də xüsusi diqqət yetirilən sahələrdəndir. Bu əsasən siyasi partiyaların maliyyə hesabatlarının tərtib edilməsi, qəbul olunması, nəzərdən keçirilməsi və ictimailəşdirilməsi məsələlərini əhatə edir. MSK nəzdində Nəzarət-Təftiş Xidmətinin, MSK Katibliyinin Siyasi partiyaların maliyyə hesabatları ilə iş və Siyasi partiyaların sənədləri ilə iş sektorlarının əməkdaşlarının da iştirak etdiyi seminarda siyasi partiyaların illik maliyyə hesabatlarına dair tələblər, onların tərtib edilməsi, səlahiyyətli orqana göndərilməsi, nəzərdən keçirilməsi və ictimailəşdirilməsi, siyasi partiyaların illik hesabatlarının tərtib edilməsində müstəqil auditorların rolu, onların hüquq və vəzifələri, auditor rəyinə və hesabatına dair tələblər, hesabatın əsasını təşkil edən maliyyə sənədləri və onların xüsusiyyətləri, eləcə də maliyyə hesabatlarına dair qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət mövzularında çıxışlar dinlənilir. Seminarlarda həmçinin, siyasi partiyaların maliyyə hesabatları ilə bağlı müxtəlif mövzularda müzakirələr aparılaraq meydana çıxan suallar cavablandırılır. Rəsmi dövlət qeydiyyatından keçmiş siyasi partiyaların təmsilçilərinin və aidiyyəti dövlət qurumlarının - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndələrinin də bu tədbirlərdə iştirakı tədbirlərin səmərəliliyini daha da artırır.
Seçkilər zamanı bəzən bu və ya digər səbəblərdən vətəndaşların seçki hüquqlarının pozulması halları da günümüzün reallıqlarındandır. Bu isə pozulmuş seçki hüquqlarının bərpa olunması zərurətini yaradır. Məhz bu zərurətlə bağlı Mərkəzi Seçki Komissiyası 2008-ci ildən başlayaraq müxtəlif formatlarda, o cümlədən Avropa Şurası Venesiya Komissiyasının ekspertləri ilə birgə şikayət və müraciətlərə baxılması ilə əlaqədar dairə seçki komissiyalarının ekspert qruplarının üzvləri üçün seminar-treninqlər keçirir, həmçinin maarifləndirmə proqramlarında bu mövzuya xüsusi yer ayırır. Seçki qanunvericiliyinə görə, şikayətlər ilkin olaraq dairə seçki komissiyalarında yaradılan 3 nəfərdən ibarət ekspert qrupunun üzvləri tərəfindən araşdırılır. Bu şəxslər üçün seminar-treninqlərin keçirilməsi həm nəzəri, həm də praktiki cəhətdən çox faydalıdır.
2008-ci ildən başlayaraq ölkədə tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləmək imkanı verən veb-kameralardan istifadə təcrübəsi və coğrafiyası da ildən-ilə artmaqdadır. 2013-cü il Azərbaycan Respublikasının Prezidenti seçkilərindən başlayaraq seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, respublikadakı seçki məntəqələrində əvvəlki seçkilərdə quraşdırılmış veb-kameraların sayı 2 dəfə artırılaraq 500-dən 1000-ə (təxminən 20 faizə) çatdırılmışdır. Veb-kameralar quraşdırılan seçki məntəqələrinin siyahısı təsdiq olunaraq dərc edilir və MSK-nın rəsmi internet səhifəsində yerləşdirilir. Seçki günü bu veb-kameralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə də xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən canlı müşahidə etmək imkanına malik olurlar. Bu müsbət tendensiyanın davamlı olması və ölkə coğrafiyasını bütünlüklə əhatə etməsi əsas hədəflərimizdəndir.
İnanırıq ki, hazırkı prezident seçkilərində iştirak edən subyektlərin maarifləndirilməsi məqsədilə həyata keçirilən bütün tədbirlər nəticə etibarilə seçki praktikasının təkmillləşməsinə və seçki subyektlərinin hazırlıq səviyyəsinin yüksəlməsinə layiqli töhfələr verəcəkdir.

Natiq MƏMMƏDOV,
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin müavini