Multikulturalizm yay və qış məktəbləri nəticəsində xaricdə ölkəmizin haqq işini dəstəkləyən güclü lobbi formalaşıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Multikulturalizm yay və qış məktəbləri nəticəsində xaricdə ölkəmizin haqq işini dəstəkləyən güclü lobbi formalaşıb

14 Fevral 2018
 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə Bakıda işə başlayan “Sivilizasiyalararası dialoq: yeni çağırışlar” adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları fevralın 13-də Şamaxıya gəliblər.

AZƏRTAC xəbər verir ki, VI Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Avstriya, Əfqanıstan, Bolqarıstan, Estoniya, Gürcüstan, Almaniya, İndoneziya, Yaponiya, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rusiya, Böyük Britaniya və Ukraynanın aparıcı universitetlərindən 30-dək tələbə iştirak edir.

VI Beynəlxalq Multikulturalizm Qış Məktəbi çərçivəsində Şamaxıda mühazirələr dinlənilib. Azərbaycan Dillər Universitetinin Azərbaycan multikulturalizmi elmi-tədqiqat laboratoriyasının müdiri İrina Kunina tələbələr qarşısında “Azərbaycanda etnik müxtəliflik” və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Sərxanbəy Xuduyev “Azərbaycan multikulturalizmi  fənninin xarici ölkələrdə tədrisi” mövzularında mühazirələr söyləyiblər.

İrina Kunina mühazirəsində eyniadlı videoçarxın müşayiəti ilə tələbələrə Azərbaycanın multikultural durumu, etnik mənzərəsi haqqında məlumat verərək deyib: “Azərbaycan polietnik dövlətdir. Xalq titul etnosdan - Azərbaycan türklərindən və milli azlıqlardan - udinlərdən, ingiloylardan, qrızlardan, xınalıqlardan, buduqlardan, tatlardan, talışlardan, ləzgilərdən və başqa azsaylı xalqlardan ibarətdir. Bu xalqlar Azərbaycan türkləri ilə birlikdə vahid polietnik Azərbaycan xalqını təşkil edir. Həmçinin ölkəmizdə ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar da yaşayırlar. Təkcə Bakıda 20-dən çox müxtəlif mədəni icma fəaliyyət göstərir. Ümumiyyətlə, etnik azlıqların yığcam yaşadıqları bütün rayonlarda belə icmalar mövcuddur”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Sərxanbəy Xuduyev isə mühazirəsində BBMM Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və dərs proqramının müəllifi olduğu “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkədaxili universitetlərdə tədrisi layihəsinin əhəmiyyətindən söz açıb və bu layihə vasitəsilə beynəlxalq ictimaiyyətin ölkəmizin multietnik və çoxkonfessiyalı durumu haqqında məlumat əldə etmək imkanı olduğunu vurğulayıb. “Bu fənn hazırda ölkəmizin 38, dünyanın 18 nüfuzlu universitetində tədris edilir. Fənnin tədrisində məqsəd Azərbaycanı dünyaya başqa rakursdan təqdim etmək, xalqımızın tolerantlıq ənənələrini, multikultural dəyərlərini beynəlxalq ictimaiyyətə tanıtmaqdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Prezident İlham Əliyevin Azərbaycan multikulturalizmini dünyada tanıtmaq istiqamətində müəyyənləşdirdiyi hədəflərin gerçəkləşməsinə öz layiqli töhfələrini verir. Bu layihə çərçivəsində Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu xarici ölkə universitetlərinin sayı ildən-ilə artmaqdadır”, - deyə S.Xuduyev diqqətə çatdırıb.

Mühazirələrdən sonra tələbələrin sualları cavablandırılıb. Xarici ölkələrdən olan tələbələr əsasən almanların, yəhudilərin, xınalıqlıların, malakanların Azərbaycanda məskunlaşmaları ilə bağlı suallar veriblər.

Günün ikinci yarısında tələbələr və onları müşayiət edənlər Şamaxı şəhəri, o cümlədən  Cümə məscidi, Şamaxı rəsədxanası, “Safari park” ilə tanış olub, yerli icmaların nümayəndələri ilə görüşüblər.