Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tanınmış siyasətçi Luka Volonte bəraət aldı

14 Fevral 2018
 

Milan Məhkəməsinin qərarı antiazərbaycançı şəbəkənin məkrli planlarını növbəti dəfə iflasa uğratdı

 

Dünən Milan Məhkəməsində Qərbin  2  ildən çoxdur yaratdığı şər və böhtan kampaniyasının qurbanına çevrilmiş  Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin  çirkli  pulların  yuyulması ilə bağlı məhkəmə prosesi başa çatıb.

İtaliya Parlamentinin keçmiş üzvü, hazırda “Novae Terrae” Fondunun baş direktoru Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət aldı. Rəsmi Roma, İtaliyanın hakimiyyət dairələri əla bilirdilər ki, Luka Volonteyə qarşı irəli sürülən ittihamlar və səslənən iddialar yalan, əsassız olmaqla yanaşı, son vaxtlar Azərbaycana qarşı başlanmış primitiv, çirkin kampaniyanın tərkib hisssəsidir.

Uzun zamandır Qərbin bəzi dairələri və ermənipərəst qüvvələr Azərbaycana, xüsusən də Luka Volonteyə qarşı apardıqları şər və böhtan kampaniyasını davam etdirirdi. Guya Azərbaycan haqqında xoş sözlər söyləyən, ölkəmizdəki inkişaf və demokratik mühitlə bağlı müsbət fikirlər səsləndirən, AŞ PA-da məruzələr hazırlayan Luka Volonte hansısa maraqlar naminə bu hərəkətləri edib. Maraqlıdır ki, hansısa bir avropalı deputat, siyasətçi nə zaman Azərbaycanın marağını müdafiə edib ölkəmizin xeyrinə xoş söz deyirsə, dərhal erməni lobbisinə işləyənlər onu şantaj edirlər. Burada da məqsəd həmin insanların Azərbaycanın haqq işinə verdiyi dəstəyi əngəlləməkdir. Qərbdəki antiazərbaycançı və ermənipərəst dairələrin, onların nəzarətində olan qeyri-hökumət təşkilatlarının Azərbaycanı xaos girdabına sürükləmək üçün cəhdlər göstərdikləri məlumdur. Xüsusən son illər Azərbaycanın uğurlarından qıcıqlanan bu dairələr, onların təsiri altında olan avropalı siyasətçilər ölkəmizə qarşı apardıqları total informasiya müharibəsini daha da genişləndiriblər. Bunu ölkəmizə qarşı antiazərbaycançı dairələrin siyasi xarakterli hücumlarının intensivləşməsi də sübut edir. Azərbaycanın demokratik imicinə zərbə vurmaq niyyəti ilə Avropa ölkələrində çıxan bəzi mətbuat orqanlarında sifarişli yazılar dərc edilir, müxtəlif siyasi güclərin təsiri altında olan beynəlxalq qeyri-hökumət təşkilatları ölkəmizdəki insan hüquqlarının vəziyyəti ilə bağlı obyektivlikdən uzaq bəyanatlar verirlər. İslamofobiya mövqeyində duran qüvvələr isə qərəzli çıxışlar edirlər. Torpaqları işğal olunan, bir milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşən Azərbaycanı bu dairələr sanki hər addımda tənqid etmək üçün fürsət axtarırlar.

Azərbaycanın dünya siyasi arenasında öz layiqli yerini tutması daim antiazərbaycançı şəbəkədə və onların daxildəki “beşinci kolon” missiyasını yerinə yetirən buyruq qullarında böyük narahatlıq yaradır.

Bu antiazərbaycançı qruplaşmanın məqsədi Azərbaycanda daxili siyasi vəziyyəti gərginləşdirmək, vətəndaş qarşıdurması yaratmaq, ölkəni xaosa sürükləməkdir. Lakin hər zaman onların əsassız iddiaları ifşa ilə nəticələnir və çirkin kampaniyalarının Azərbaycandakı xalq-iqtidar birliyinə zərrə qədər təsiri olmur.  

Elə Milan Məhkəməsinin ədalətli qərarı da bu şəbəkəyə növbəti sarsıdıcı zərbə oldu.  Məhkəmə ədalətli qərar çıxararaq iddiaların həqiqət olmadığını sübuta yetirdi. Bu, eyni zamanda erməniləri və “sapı özümüzdən olan baltaları” çox məyus etdi.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”