Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Neft-qaz sahəsində ixtisaslaşmış Almaniya şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar

13 Fevral 2018
Qazma avadanlıqları və qaz kəmərlərinin çəkilişi üzrə ixtisaslaşmış Almaniya şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, energetika naziri Pərviz Şahbazov Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycanla Almaniya arasında iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan P.Şahbazov bildirib ki, bu münasibətlərin tarixi təxminən 200 il bundan əvvəl almanların Vürtemberq əyalətindən Azərbaycana gəlmələri ilə başlayır. Nazir əsasən qeyri-neft sektoru üzrə inkişaf edən iqtisadi əlaqələrin yüksək göstəricisi kimi Cənubi Qafqaz ölkələri ilə Almaniya arasında ümumi ticarət dövriyyəsində ən çox həcmin Azərbaycanın payına düşdüyünü və 200-dən çox alman şirkətinin ölkəmizdə fəaliyyətini qeyd edib.

P.Şahbazov enerji sahəsində əməkdaşlığın inkişafında isə “Uniper” şirkətinin rolundan bəhs edib. Enerji sahəsində əlaqələrin genişləndirilməsi üçün alternativ və bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq potensialı, eləcə də energetika sektorunda aparılan islahatlarda Almaniya təcrübəsinin tətbiqi ilə əlaqədar fikirlərini bölüşüb.

Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele də iki ölkə arasında əlaqələrin mövcud səviyyəsinin iqtisadi, xüsusi ilə enerji əməkdaşlığının genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığını diqqətə çatdırıb. “Şahdəniz Mərhələ 2” çərçivəsində hasil ediləcək qazın alıcılarından birinin “Uniper” olduğu xatırladılaraq, Azərbaycan qazının Avropaya tədarükündə Cənub Qaz Dəhlizinin əhəmiyyətindən bəhs edilib.

Sonra “Uniper” şirkətinin vitse-prezidenti Uve Fip ölkəmizdə enerji və buxar istehsalı sahəsində fəaliyyəti barədə məlumat verib.

Görüşdə, həmçinin neft-qaz yataqlarında 7 min metr dərinlikdə işləməyə imkan verən qazma avadanlıqları istehsal edən, eləcə də, yerin altından keçən qaz kəmərlərinin çəkilişi üzrə ixtisaslaşmış digər şirkətlər Azərbaycanla əməkdaşlıq etməyə maraqlarını ifadə ediblər.