Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində Hindistan vətəndaşlarının hər hansı şikayəti yoxdur

13 Fevral 2018
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində ölkədə qeyri-qanuni yaşadıqları aşkar edilmiş və Xidmətin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirlimiş Hindistan vətəndaşlarının saxlanma şəraiti barədə bəzi xəbər saytlarında həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.

Bununla əlaqədar AZƏRTAC-ın foto və video çəkiliş qrupu və jurnalistləri Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə dəvət ediliblər. Agentliyin nümayəndələri Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, adından məlumat yayılmış Hindistan vətəndaşı Hossain Abdulla ilə görüşüb və ondan müsahibə alıb.

Hossain Abdulla AZƏRTAC-a müsahibəsində deyib: “Saxlanılan zaman həyəcanlı olduğum üçün Hindistan Respublikasının Baş nazirinə saxlanılma şəraitim ilə bağlı müraciət etdim. Lakin mənim heç bir problemim yoxdur. Gün ərzində üç dəfə yeməklə təmin olunuram. Otaqda isə ən çox altı şəxs saxlanılır. Hətta saxlanılma mərkəzində öz aramızda bizim milli yeməkləri bişirən Hindistan vətəndaşı da var və o, milli yeməklərimizi yeyirik. Bütün xidmət işçilərinin bizə münasibətindən razıyam. Heç bir şikayətim yoxdur. Buradan ailəmə də bildirmək istəyirəm ki, mənimlə bağlı narahat olmasınlar. Hər şey öz qaydasındadır və tezliklə ölkəmə qayıdacağam”.

Dövlət Miqrasiya Xidməti bəyan edir ki, Hindistan vətəndaşları Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində altı nəfər olmaqla saxlanırlar. Onlar gündə üç dəfə normal qida ilə təmin edilirlər və xidmət personalından hər hansı şikayətləri yoxdur.

Ümumiyyətlə, Qanunsuz Miqrantların Saxlanılması mərkəzlərində yaradılmış şərait beynəlxalq standartlara tam cavab verir. Bu mərkəzlərdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının qorunması üçün bütün zəruri tədbirlər görülüb. Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uliyam Leysi Sinq də Azərbaycana səfəri zamanı bu mərkəzlərdə yaradılmış şəraiti çox yüksək qiymətləndirib.