Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Balakəndə 61 mindən çox insan kütləvi tibbi müayinədən keçiriləcək

13 Fevral 2018
Əhalinin sağlamlığının qorunması dövlətimizin sosialyönümlü siyasətinin tərkib hissəsidir və bu məsələ ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq Azərbaycanda beşinci ildir keçirilən əhalinin kütləvi tibbi müayinəsi aksiyası dövlətimizin başçısının insanların sağlamlığının qorunmasına necə böyük önəm verdiyini bir daha təsdiq edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, fevralın 12-dən etibarən Balakən rayonunda da əhalinin tibbi müayinəsi aksiyasına start verilib. Tibbi müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün rayon icra hakimiyyətində xüsusi komissiya yaradılıb, tədbirlər planı tərtib edilib, müayinə olunacaq əhalinin sayı müəyyənləşdirilib.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Dilbər Quliyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Balakən rayonu üzrə tibbi müayinələrə 18 yaşdan yuxarı 61 mindən çox insanın cəlb olunması nəzərdə tutulur. Müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanasında, eləcə də Qabaqçöl qəsəbə xəstəxanası və 11 kənd həkim məntəqəsində aksiyanın yüksək səviyyədə təşkili üçün lazımi var. Ucqar kəndlərdə yaşayan, xəstəxanalara getmək imkanı olmayan sakinləri evlərdə müayinə etmək üçün səyyar həkim briqadası da yaradılıb.

Baş həkimin bildirdiyinə görə, aksiyanın ilk iki günündə 2300 nəfərdən çox insan tibbi müayinədən keçib. Müayinə olunanların 107 nəfəri ambulator, 17 nəfəri isə stasionar müalicəyə cəlb edilib.

Müayinədən keçən Balakən sakinləri insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.