Azərbaycan Texniki Universitetində fevralda doğulmuş şəhid məzunlarının xatirəsi anılıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Texniki Universitetində fevralda doğulmuş şəhid məzunlarının xatirəsi anılıb

13 Fevral 2018
Azərbaycan Texniki Universitetində (AzTU) bu ali məktəbin fevralda anadan olmuş şəhid məzunlarının xatirəsini anma mərasimi keçirilib.

AzTU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə şəhidlərin valideynləri, qohumları, müəllim və tələbələr iştirak ediblər.

Əvvəlcə iştirakçılar şəhid məzunların xatirəsinin əbədiləşdirilməsi məqsədilə AzTU-da yaradılan abidə kompleksi önünə gül dəstələri düzüb, Vətən uğrunda canlarını fəda edən igidlərin xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir AzTU-nun milli qəhrəmanlar və şəhidlər muzeyində davam etdirilib.

Mərasimdə universitetin prorektoru İsa Xəlilov deyib: “Qarabağ döyüşlərində və sonrakı dövrlərdə ölkəmizdə sabitliyin bərpa olunmasında, Azərbaycanın müstəqilliyinə qarşı müxtəlif qəsdlərin qarşısının alınmasında, xüsusilə 2016-cı ilin aprel döyüşlərində AzTU-nun iki yüzədək məzun və tələbəsi şəhid olub. Şəhidlərin xatirəsinin yad edilməsini və onların təbliğ olunmasını özünə müqəddəs borc bilən AzTU-nun rəhbərliyi, bir ənənə olaraq, universitetdə qəhrəman Vətən övladlarının ad günlərini təşkil edir. Bu ay universitetimizin tələbəsi olmuş üç şəhidin - Elşad Əliyevin, Elvin Mirzəyevin və Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun ad günüdür. Vətənin müdafiəsi uğrunda canından keçən bu igidlər Azərbaycan xalqının, o cümlədən AzTU-nun müəllimlərinin, tələbələrinin yaddaşında daim yaşayacaqlar”.

Sonra şəhid Elşad Əliyevin anası Flora Əliyeva, Aprel döyüşlərində həlak olmuş məzun Əbdülməcid Axundovun anası Ceyran Axundova övladları ilə bağlı xatirələrini bölüşüblər.

AzTU-nun milli qəhrəmanlar və şəhidlər muzeyinin təsisçisi Zöhrə Məmmədova tədbirin iştirakçılarına minnətdarlığını bildirib, növbəti aylarda universitetin digər şəhidlərinin də xatirəsini anma günlərinin keçiriləcəyini söyləyib.