Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Baytarlıq Xidməti: Quşların qapalı və baytarlıq-sanitariya tələblərinə uyğun şəraitdə saxlanılması tövsiyə olunur

13 Fevral 2018
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) son hesabatında dünyanın bir sıra ölkələrində (İtaliya, Koreya Respublikası, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çin və s.) quşlar arasında “quş qripi” xəstəliyinin qeydə alındığı bildirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda bu xəstəlik Azərbaycan ilə həmsərhəd olan İran İslam Respublikasının da bir çox regionlarında müşahidə edilir. Qonşu ölkədə “quş qripi” virusunun yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə 25 milyonadək quş zərərsizləşdirilib.

“Quş qripi” xəstəliyi aşkarlanmış ölkələrdən və regionlardan, o cümlədən İran İslam Respublikasından ölkəmizə diri quş və quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyulub və bu barədə aidiyyəti qurumlara məlumat verilib.

Respublikamızın quşların “miqrasiya xətti” üzərində yerləşməsini və qonşu ölkədə “quş qripi” xəstəliyinin yayılmasını nəzərə alaraq Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatlarının rəhbərlərinə təsərrüfatlarında saxlanılan quşları xəstəlikdən qorumaq, qabaqlayıcı tədbirlər görmək məqsədilə ev və sənaye quşlarının qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılmasını tövsiyə edir.

Hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.