Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisdə “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb

13 Fevral 2018
Fevralın 13-də Milli Məclisin plenar iclasında “Ələt azad iqtisadi zonası haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov qanun layihəsi barədə məlumat verib.

Bildirilib ki, beş fəsil, 30 maddədən ibarət qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Ələt azad iqtisadi zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir. Azad zona müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azad zona ərazisində yaradılır. Azad zona səlahiyyətli qurumunun müəyyən hüquqları var. Bunlara Azad zona üçün qabaqcıl beynəlxalq təcrübəyə və standartlara uyğun daxili qaydaları hazırlamaq, qəbul etmək və dəyişikliklər etmək, Azad zonanın beynəlxalq standartlara uyğun idarəetmə sistemini formalaşdırmaq məqsədilə Azad zona inzibati müəssisələrini yaratmaq, maliyyələşdirmək, səlahiyyətləndirmək və yoxlamaq, hüquq və vəzifələri üçüncü şəxslərə ötürmək və s. daxildir. Azad zona səlahiyyətli qurumu maliyyə cəhətdən müstəqildir və öz büdcəsini təsdiq etmək hüququna malikdir. Azad zona səlahiyyətli qurumu Azad zona daxilində əmək münasibətlərini tənzimləmək, o cümlədən əməyin təhlükəsizliyini təmin etmək məqsədilə daxili qaydalar formasında əmək qaydaları qəbul edir.

Deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.