Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mülki Müdafiə Alayının gənc əsgərləri Vətənə sədaqət andı içiblər

13 Fevral 2018
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin andiçmə mərasimi olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himninin sədaları altında üçrəngli bayrağımız meydana gətirilib. Sonra gənc əsgərlər Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.

Mərasimdə alay komandiri, polkovnik-leytenant Azadil Hüseynov hərbi andın əhəmiyyətindən danışaraq bildirib ki, hərbi and içən əsgər Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qoruyacağına, bundan ötrü qanını və canını əsirgəməyəcəyinə təntənəli surətdə vəd edir. Hərbi anda sadiq qalmaq hər bir əsgər üçün şərəf, namus və vicdan məsələsidir.

Tədbirdə çıxış edən kapitan Oktay Həsənov, əsgər Əhməd Əhmədov, gənc əsgər Sirus Cavadzadə, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elşən Rəfiyev, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov, valideyn Aydın Məmmədov gənc əsgərləri təbrik ediblər.

Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov çıxışında Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı qorunmasında Silahlı Qüvvələrimizin rolundan danışıb, gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıb.

Sonda alayın şəxsi heyəti hərbi marşın müşayiəti ilə tribuna önündən keçib.