Xalqın alternativsiz lideri

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xalqın alternativsiz lideri

13 Fevral 2018
 

Aprel ayının 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıqlar başlayıb. Ötən həftə VI qurultayını keçirən Yeni Azərbaycan Partiyası xalqın alternativsiz lideri olan İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü. 

Milli Məclisin deputatları da hesab edirlər ki, partiyanın bu qərarı xalqın mütləq əksəriyyətinin mövqeyinin ifadəsidir. Çünki cənab İlham Əliyev bütün fəaliyyəti ilə yenidən prezident seçilmək üçün xalqın tam etimadını qazanıb.

 

Dövlətinə və xalqına ləyaqətlə xidmət edən rəhbər

 

Bahar MURADOVA,
Milli Məclis Sədrinin müavini,
İnsan hüquqları komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü:

- Aprelin 11-nə təyin olunmuş prezident seçkilərinin keçirilməsi ilə əlaqədar qərar Azərbaycan xalqının milli maraqlarının qorunması və strateji hədəflərə nail olmaq üçün keyfiyyətcə yeni siyasi mərhələdə mövcud şəraiti doğru-düzgün dəyərləndirmək nöqteyi-nəzərindən olduqca əhəmiyyətli bir gedişdir. Eyni zamanda son zamanlar beynəlxalq aləmdə baş verən ciddi proseslərin mənfi təsirindən, Rusiya və Ermənistanda keçiriləcək prezident seçkilərinin nəticələrindən dolayı yarana biləcək yeni siyasi situasiyaya hazır olmaq və xüsusilə də Dağlıq Qarabağ məsələsində ortaya atıla biləcək bəhanələrdən sığortalanmaq baxımından da vaxtında və məharətlə atılmış güclü taktiki addımdır.
Qarşıda duran mühüm vəzifələrin vaxtında və dolğun şəkildə təmin olunması isə məhz ekstremal şəraitdə ən düzgün qərar vermək bacarığına malik lider ətrafında birləşməkdən keçir. Bu mənada prezident seçkilərində ölkə rəhbəri, partiyamızın sədri cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə Yeni Azərbaycan Partiyasının VI qurultayının yekdil qərarına dövlət və dövlətçilik tarixində, xalqın taleyində şəxsiyyətlərin yeri və rolu baxımından qiymət vermək daha məntiqlidir.
Azərbaycanın tarixi fərqli düşüncəyə, xarakterə və qabiliyyətə malik müxtəlif səciyyəli rəhbərlərin obrazları ilə kifayət qədər zəngindir. Lakin zaman sübut edib ki, yalnız ali və nəcib keyfiyyətlərə malik, özündə bir çox rasional lider keyfiyyətlərini birləşdirən, bütün gücünü və əzmini yalnız xalqın mənafeyi naminə sərf edən, ona göstərilən etimadı layiqincə doğrulda bilən rəhbər öz mövqeyini və nüfuzunu tarixən qoruyub saxlaya bilir. Bununla bağlı çağdaş tariximizin ən bariz nümunəsi kimi dahi Heydər Əliyevin həyatını misal gətirmək istərdim. Bu gün onun gerçək siyasi varisi kimi qəbul edilən və Azərbaycanın mərdlik, qətiyyət və ləyaqət simvoluna çevrilmiş Prezident İlham Əliyev isə xalqımızı daha firavan gələcəyə doğru aparan yolu inamla davam etdirməkdədir.
Müstəqil Azərbaycan dövlətinin sükanı arxasında durduğu 15 ilə yaxın müddət ərzində o, cəmiyyətə özünün xarizmatik lider obrazını və rasional siyasi davranış modelini təqdim edib, söz və əməl birliyinə əsaslanan siyasi əxlaq və etika nümunəsini ortaya qoyub. Cənab İlham Əliyev, eyni zamanda Azərbaycanın tərəqqisini şərtləndirən fəaliyyətin ideoloji sütunu rolunu oynayan Yeni Azərbaycan Partiyasının sıralarının keyfiyyətcə yeniləşməsini, onun daha qüdrətli və əzəmətli aparıcı siyasi qüvvəyə çevrilməsini təmin etməkdədir. Bu mənada onun keyfiyyətcə yeni və son dərəcə məsuliyyətli bir dövr üçün prezidentliyə namizədliyinin irəli sürülməsini zərurətdən doğan sosial sifariş kimi dəyərləndirmək lazımdır. Bunu isə son zamanlar keçirilmiş və əhalinin müxtəlif təbəqələrini əhatə edən sosial sorğuların nəticələrinə istinad edən siyasi texnoloqların prezident seçkiləri keçiriləcəyi halda seçicilərin böyük əksəriyyətinin məhz cənab İlham Əliyevi dəstəkləyəcəyi barədə verdikləri proqnozlar təsdiq etməkdədir.
Cənab İlham Əliyev dövlətinə və xalqına ləyaqətlə xidmət edən rəhbər olduğunu hər zaman əməlləri ilə sübut etmişdir. İlk gündən hər bir azərbaycanlının prezidenti olacağını vəd edən və sonadək sözünü tutmağı bacaran dövlət başçısı ölkəyə rəhbərlik etdiyi bu illərdə islahatçı lider kimi tanınmış, möhkəm siyasi iradəsi və prinsipiallığı sayəsində əfsanələrin reallığa çevrilməsini hədəfləyən neft strategiyasının, möhtəşəm transmilli enerji və nəqliyyat layihələrinin reallaşmasında müstəsna xidmətləri ilə Azərbaycanın və azərbaycanlıların yeni intibah dövrünün müəllifi kimi milli tariximizə şərəfli bir səhifə yazmışdır.
Milli qanunvericiliyimizin yeni çağırışlar fonunda daha mükəmməl müddəalarla zənginləşməsi və təkmilləşdirilməsi, unsan hüquqlarının həyatımızın ən ali dəyərləri sırasında yer alması istiqamətində atılan addımlar da ilk növbədə məhz bu məsələlərlə bağlı mütərəqqi təşəbbüslərlə çıxış edən dövlət başçısının insan amilinə verdiyi önəmdən irəli gəlir.
Qürurvericidir ki, yüksək intellekti və praqmatik düşüncəsi sayəsində dünya siyasətinin və iqtisadiyyatının əsaslarını mükəmməl şəkildə mənimsəmiş müasir lider obrazını yaratmağa nail olmuş enerjili və təşəbbüskar şəxsiyyət, yeni zamanın sayılıb-seçilən liderlərindən biri kimi Prezident İlham Əliyev təkcə olkə daxilində deyil, həm də beynəlxalq miqyasda sözünün çəkisinə və sanbalına diqqəti cəlb etdirməyi bacaran güclü şəxsiyyətdir. Bu müddət ərzində o, eyni zamanda Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına daşıyan siyasi kursun bərqərar olması, ölkəmizi beynəlxalq miqyasda sülhsevər və multikultural dəyərlərə sadiq, Şərq və Qərb dəyərlərinin unikal sintezinin yarandığı bir məkan kimi tanıtdıra bilmişdir. Bu amil isə qısa bir zaman kəsimində müstəqil Azərbaycan dövlətinin regionun lideri statusunu əldə etməsindən, beynəlxalq səviyyədə söz sahibi olmasından və mövqeyinin qəbul edilməsindən doğan böyük siyasi dividendlərin qazanılması üçün başlıca şərtdir.
İlham Əliyevin siyasi portreti onun fərdi obrazının özünəməxsus cizgiləri ilə daha zəngin görünür. Sadə bir insana məxsus ola biləcək bütün dəyərli keyfiyyətlər özəl günlərində xalqla bərabər olan, öz sevincini onlarla bölüşən, hər məqamda özünü xalqın birinci xidmətçisi olduğunu elan edən dövlət başçısının şəxsində üzvi şəkildə birləşmişdir.
Bütün bunlar nəticə etibarilə onu söyləməyə əsas verir ki, ən müxtəlif sahələrdə Azərbaycan insanını mənəvi və ruhi baxımdan təmin edən möhtəşəm uğurlarımız yalnız bu günlə məhdudlaşmayıb, həm də cəmiyyətimizin gələcək taleyini müəyyən edir. Şübhə etmirəm ki, növbəti tarixi mərhələdə də belə taleyüklü işlərin və əməllərin altında ümummilli liderin ən yaxın silahdaşı və ən sadiq məsləkdaşı, onun həyat və mübarizə yolunun ən istedadlı davamçısı olan Yeni Azərbaycan Partiyasının qüdrətli lideri, ölkə Prezidenti cənab İlham Əliyevin imzası duracaqdır.

 

Azərbaycanı xoşbəxt gələcəyə aparan siyasət növbəti 7 ildə də uğurla davam edəcək

 

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
YAP Xətai rayon təşkilatının sədri, professor:

- Tarix sübut edir ki, müxtəlif dəbdəbəli adlar, cəlbedici proqramlar, şüarlar irəli sürən, xalqı, ölkəni irəli aparacaqlarını vəd edən partiyalar bəzən qısa zamanda siyasi səhnədən silinib gedirlər. Partiyanın siyasi cəhətdən təşkilatlanaraq monolit qüvvəyə çevrilmək əzmi ilk növbədə onun ideoloji-siyasi kursunun bütövlükdə cəmiyyətin maraqlarına cavab verməsi ilə şərtlənir. Ölkəmizdə hazırda 50-dən çox siyasi partiya mövcud olsa da, onların heç biri sosial bazasına, nüfuzuna və gücünə görə hakim Yeni Azərbaycan Partiyası ilə müqayisə olunmaq imkanında deyil. Yeni Azərbaycan Partiyasının cəmiyyətin lokomotiv qüvvəsi kimi çıxış etməsinin əsasında həm də xarizmatik lider amili rol oynamışdır. Bu baxımdan YAP-ın bəzən “Heydər Əliyev partiyası” adlandırılması da obyektiv qanunauyğunluqlara əsaslanır və partiyanın uğurlarında lider amilinin rolunu dolğun şəkildə təcəssüm etdirir.
Fikrimizcə, Yeni Azərbaycan Partiyasının qurultaylarının, adətən, ölkə əhəmiyyətli seçkilərdən əvvələ təsadüf etməsi mövcud imkanları səfərbər edərək təşkilatlanmaq, elektorata mesaj verərək onu hazır vəziyyətə gətirmək, partiyanın gələcək seçki texnologiyasını, taktika və strategiyasını müəyyənləşdirmək məqsədinə xidmət edir. Partiyanın, xüsusən də prezident seçkilərinə qatılacaq namizədi məhz bu qurultaylarda müəyyənləşir, eyni zamanda rəhbər orqanların tərkibcə yenilənməsi YAP-ın fəaliyyətindəki dinamizmi, səmərəliliyi artırır, onun cəmiyyətdəki mövqelərini daha da möhkəmləndirir.
Bu və digər reallıqlar fonunda YAP-ın sayca VI qurultayının 2018-ci ilin fevralın 8-də - prezident seçkiləri ərəfəsində keçirilməsi də qətiyyən təsadüfi deyildir. Ali tədbirdə çıxış edən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin bəyan etdiyi kimi, partiyanın qurultayı Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar hadisədir. Qurultay ilk növbədə göstərdi ki, sıralarında 700 mindən çox insanı birləşdirən partiya nəinki Azərbaycanda, eyni zamanda bölgədə çox böyük siyasi qüvvədir. Ötən il 25 illik yubileyini qeyd etmiş partiyanın siyasi proseslərə təsir imkanları ildən-ilə genişlənir, sıralarına üzv olmaq istəyənlərin sayı, habelə ideyalarının cəlbedici gücü ilbəil artır.
Ali partiya tədbirinin iştirakçısı olan nümayəndələrin yeganə təklifi əsasında qurultayın baş qərarının qəbulu - Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm İlham Əliyevin 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsi isə son günlərin ən əlamətdar hadisələrindən biri kimi tarixiləşdi. Şübhəsiz, bu qərar, əslində, cəmiyyətin və xalqın çoxdan gəldiyi qənaətin partiyanın ali forumunda etiraf edilməsi, yaxud təsdiqlənməsidir. Yeni Azərbaycan Partiyasının VI qurultayının nümayəndələri isə mütləq əksəriyyətin rəyini rəsmiləşdirmək kimi şərəfli bir missiyanı həyata keçirməyin onlara nəsib olmasından kifayət qədər məmnundurlar.
Vətəndaşların ölkəyə layiqli rəhbər seçmək haqqı xalqın öz taleyinə sahib çıxmaq hüququnun təməlində dayanır. Azərbaycan xalqı indiyədək 2003, 2008 və 2013-cü illərin prezident seçkilərində daxili inamına söykənərək, cənab İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməklə siyasi taleyinə sahib olmaq haqqını qətiyyətlə ifadə etmişdir. Bu tarixi seçimlər həm də belə bir həqiqətin cəmiyyətdə dərkidir ki, Azərbaycanın dövlət müstəqilliyinin ən bariz təcəssümü Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətdir.
Azərbaycan cəmiyyətinə xas olan nikbin ictimai ovqat, yüksək seçki əhvali-ruhiyyəsi xalqın öz Prezidentinə - cənab İlham Əliyevə dərin və sarsılmaz inamından qaynaqlanır. Bu inam tarixi sınaqlardan keçməklə dövlət başçısının son 15 ildəki gərgin əməyinə və bunun möhtəşəm nəticələrinə söykənir. Bu inam hər addımda müşahidə etdiyimiz bir əlahiddə amildən - Prezidentlə xalqın sarsılmaz mənəvi bağlılığından qaynaqlanır. Bu inam Prezident İlham Əliyevin Azərbaycanda idarəçilik fəlsəfəsinə yeni məna çalarları gətirmiş “Mən hər bir azərbaycanlının prezidenti olacağam” çağırışından qaynaqlanır. Nəhayət, bu inam mayasında Heydər Əliyev sevgisi dayanan ümumxalq rəğbətindən qüdrət alır.
Növbəti prezident seçkiləri ərəfəsində cəmiyyətdə mütləq əksəriyyətin seçiminin dəyişməz qalması - cənab İlham Əliyevin alternativsiz lider kimi qəbul olunması ilk növbədə həm də möhtərəm Prezidentin fenomenal liderlik keyfiyyətlərindən irəli gəlir. Eyni mövqeyə, statusa iddia edən opponentlərindən fərqli olaraq, cənab İlham Əliyevin ölkənin bu günü və gələcəyi ilə bağlı baxışlar sisteminin institutlaşmış xarakter daşıması, bu baxışların taktiki, strateji və perspektiv rakursunda Heydər Əliyev siyasətinin ehtiva etdiyi prioritetlərin dayanması, ən əsası, ulu öndərin siyasət məktəbində yetişmiş peşəkar diplomat kimi təmiz keçmişə, müasir lider imicinə malik olması onun ictimai rəydə önə çıxmasını şərtləndirən başlıca məqamlar sırasında xüsusi vurğulana bilər.
Ölkə vətəndaşları Heydər Əliyev siyasi kursunu yeganə nicat və istinadgah mənbəyi seçdiyi kimi, qarşıdakı 7 ildə də Azərbaycanın taleyini ulu öndərin layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyevə etibar edirlər. Bu yüksək etimad ilk növbədə cənab İlham Əliyevin səmərəli fəaliyyətindən, ən əsası, öz siyasətində sosial sifariş amilini incəliklə nəzərə almasından qaynaqlanır.
Ötən 15 ilin yekunlarının təhlili bu qənaətə gəlməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilib. Bu kursu layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin bu dövrdəki fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur. Lakin YAP-ın növbəti prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürmək qərarı təkcə ən yeni tariximizin möhtəşəm nailiyyətləri ilə bağlı şərtlənmir. Bu qərar, eyni zamanda növbəti illərdə Prezident İlham Əliyevin Azərbaycanın tərəqqi və inkişafına, uğurlu gələcəyinə daha çox töhfələr verəcəyinə olan dərin və səmimi inamın təcəssümüdür.
Azərbaycan xalqı qarşıdan gələn prezident seçkilərində məhz bunları rəhbər tutaraq öz seçimini edəcək. Bu mənada əminliklə demək olar ki, Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan bu siyasət növbəti 7 ildə də uğurla davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirəcək, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaq.

 

İlham Əliyevin alternativi yoxdur və parlaq qələbə qazanacağı şəksizdir

 

Musa QASIMLI,
Milli Məclisin deputatı, professor:

- Yeni Azərbaycan Partiyasının VI qurultayının qərarı ilə cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi tamamilə təbiidir. Partiya mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan dövlətinin daha da güclənməsini, ölkəmizin sabit və davamlı inkişafını, xalqımızın daha yaxşı yaşamasını istəyən hər bir şəxsin bu çox ürəyincədir.
Prezident İlham Əliyev Azərbaycan tarixində bir çox ilklərə imza atmış görkəmli dövlət və siyasi xadimdir. Onun seçkilərdə alternativi yoxdur və parlaq qələbə qazanacağı şəksizdir. Dövlət başçısının rəhbərliyi ilə görülən işlər ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasını şərtləndirib. Azərbaycan dünyada ən sürətlə inkişaf edən və müasirləşən dövlətlər sırasında dayanır. Bu inkişaf isə yeni çağırışları və gerçəklikləri ortaya çıxarır ki, Azərbaycan dövləti də bu çağırışlara uyğun siyasi kurs həyata keçirir.
Digər tərəfdən, bu il ölkəmizdə bir çox ölkədaxili böyük tarixi əhəmiyyətli, beynəlxalq səviyyəli toplantılar keçiriləcək. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi, xalqımıza qarşı erməni-daşnak dəstələrinin və Bakıdakı bolşevik hakimiyyətinin törətdiyi soyqırımının 100 illiyi, ordumuzun qurulmasının 100 illiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və s. Bütün bunların, o cümlədən, prezident seçkilərinin xalqımızın özünə layiq şəkildə keçirəcəyinə inanıram. Hesab edirəm ki, xalqımız tam azad, demokratik, şəffaf, ədalətli və bərabər seçkilərdə cənab İlham Əliyevə yenidən etimad göstərəcək.

 

Rəşad CƏFƏRLİ,
Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”